525.Az

"Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi"


 

"Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi"<b style="color:red"></b>

"Azərbaycan dövlət başçısının Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişidir. Bu səfər rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq etdi".

Belə bir açıqlama ilə millət vəkili, Azərbaycan - Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fuad Muradov dövlət başçısının səfərini şərh edərkən deyib. Deputat bildirib ki, Almaniyada dövlət başçıları mühüm bəyanatlar səsləndiriblər: "İlk olaraq qeyd edim ki, Kansler Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir amili saymaq olar. Eyni zamanda Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla Merkel Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarımızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli üçün Avropa Birliyinin imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar". F.Muradov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təminatında oynadığı mühüm rol bu görüşdə bir daha təsdiqlənib: "Kansler Merkelin Avropa ölkələrinin enerji şaxələndirilməsi üçün Bakının böyük töhfə verə viləcəyini deməsi ölkəmizin mühüm tərəfdaş kimi qəbul etdiklərini açıqlayır. Bu baxımdan danışıqlarda "Cənub Qaz Dəhlizi" layihəsinin xüsusi vurğulanması həm də prezident İlham Əliyevin yürütdüyü siyasi kursun düzgünlüyünün sübutudur. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfərini uğurlu hesab edirəm. Səfər iki ölkə arasında əməkdaşlıqda yeni perspektivlər açır".

Politoloq Elman Nəsirov isə deyib ki, Almaniyaya Azərbaycan prezidenti İlham Əliyevin işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Onun sözlərinə görə, Azərbaycan və Almaniyanın münasibətləri dinamik inkişaf tempinə malikdir: "Almaniya Avropa İttifaqının əsas iki lokomotiv dövlətindən biridir. Azərbaycan isə Avropa İttifaqı ilə çox sıx əlaqələrə malikdir. Xüsusi ilə də Cənub Qaz Dəhlizi Layihəsinin reallaşması baxımından Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşıdır. Bu istiqamətdə çox vacib bir memorandum imzalanıb. Bu baxımdan Almaniya həm Avropa İttifaqı, həm də ikitərəfli əlaqələrin inkişafı baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır". Politoloq qeyd edib ki, Azərbaycan da Almaniya ilə əlaqələrin inkişafında maraqlı olub: "Hətta Azərbaycan Almaniyanın ATƏT-in Minsk qrupunda həmsədr kimi çıxış etməsinin təşəbbüsçüsü olub. O zaman Ermənistanın etirazı ucbatından bu reallaşa bilmədi. Bu gün heç kimə sirr deyil ki, erməni lobbisi və diasporasının ən zəif olduğu yerlərdən biri də Almaniyadır. Yəni bu baxımdan Almaniya Fransa deyil". E.Nəsirov hesab edir ki, Almaniya ilə tərəfdaşlıq münasibətlərinin inkişafı Azərbaycan üçün olduqca vacibdir: "Almaniya enerji istehlak edən dövlət olduğundan o da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Xüsusilə də iki dövlət arasında biznes əlaqələrinin inkişafı üçün geniş imkanlar var. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq".

PƏRVANƏ

 





23.01.2015    çap et  çap et