525.Az

"Xarici qüvvələrin istənilən hərəkəti neytrallaşdırılır"


 

"Xarici qüvvələrin istənilən hərəkəti neytrallaşdırılır"<b style="color:red"></b>

"Ermənilərin xaricdə lobbiçilik fəaliyyəti, Azərbaycanın SSR-nin tərkibində olduğu bir vaxtda informasiya blokadasının olması ermənilər geniş əl-qol açmasına gətirib çıxardı".

Bu barədə YAP Siyasi Şurasının üzvü, ekspert Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, milli lider Heydər Əliyevin o zaman Siyasi Bürodan uzaqlaşdırılması da səbəblərdən biri idi. A.Hüseynov diqqəti 1990-cı ildə baş verən hadisələrə yönəldərək, ABŞ Azərbaycana bir dövlət olaraq qərəzli yanaşdığını bildirib: "İlk növbədə Heydər Əliyevin Siyasi Bürodan istefa verməsi bu məsələlərin daha da vüsət almasına gətirib çıxartdı. Eyni zamanda Amerika Birləşmiş Ştatları və digər dövlətlər də bu məsələdə Azərbaycanın maraqlarını nəzərə almadılar. Üstəlik erməni mövqeyindən çıxış edərək Qorbaçovdan Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini təkidlə tələb ediblər. SSRİ-nin rəhbəri də Qərbin maraqlarına qul olduğu üçün onların tələbini "ləbbeyk" deyərək yerinə yetirib. Əlbəttə bu gün də bu vəziyyət davam edir. Bu o demək deyil ki, aradan illər keçib və həmin qüvvələr susub. Bu gün də düşmənin "dəyirmanına su tökənlər"in fəaliyyəti davam edir. Sadəcə olaraq əvvəlki illərdən fərqli olaraq hazırda zəif görünürlər. Çünki bizim xarici diplomatiyamız xeyli güclənib".

Politoloq bu gün də Azərbaycana qarşı xarici qüvvələrin müəyyən addımlar atdığını, lakin prezident İlham Əliyevin xarici siyasətdə həyata keçirdiyi təxirəsalmaz tədbirlər nəticəsində ölkəmizə qarşı edilən istənilən hərəkətin neytrallaşdırıldığını bildirib: "Ölkə prezidenti İlham Əliyev Qarabağ məsələsində çox qətiyyətli şəkildə öz sözünü deyir, mövqeyini bildirir. Bu isə ermənipərəst xarici qüvvələrin qarşısına sipər çəkir. Əgər İlham Əliyevin qətiyyətli addımları, xarici siyasətdəki böyük nailiyyətləri olmasaydı, bəlkə bugünkü Qarabağ məsələsi tamam başqa cür şəkildə həll olunardı və ya bu məsələ digər dövlətlər tərəfindən fərqli qəbul olunardı. Günümüzdə cənab İlham Əliyevin qətiyyətli mövqeyi o dövrdən başlayaraq Azərbaycana qarşı yönələn həmin qüvvələrin qarşısını qətiyyətlə alır. Bu gün demək olmaz ki, həmin qüvvələr sakitləşiblər. Sadəcə, Azərbaycan dövləti tərəfindən həmin qüvvələr neytrallaşdırılıb. 20 Yanvar faciəsinin baş verdiyi günləri xatırlayarkən qeyd etmək istəyirəm ki, burada fərqli faktorlar var. O dövrdə SSRİ-yə qarşı Amerikanın münasibəti tamam başqa idi. Biz də SSRİ-nin tərkibində respublika olmuşuq. Yəni suveren dövlət deyildik. Əlbəttə o dövrdəki baxışla günümüzdəki baxış arasında kəskin fərqlər mövcuddur. Bu gün Azərbaycan dünya birliyinin üzvüdür. Bununla belə ölkəmizə qarşı bir erməni xisləti dayanıb. Öz xislətlərini, niyyətlərini də onlara dəstək olan xarici qurumlar, ölkələr vasitəsilə həyata keçirməyə çalışırlar. Onlar bu niyyətlərindən əl çəkilməyənə kimi, Azərbaycan da öz qətiyyətli mövqeyindən bir addım da geri durmayacaq".

Azərbaycan Sosial Demokratlar Partiyasının (ASDP) sədri Araz Əlizadə isə deyib ki, ABŞ-ın, eləcə də Qərbin Azərbaycana qarşı münasibətinə heç zaman inanmayıb və bu gün də öz fikrində qalır. ASDP sədri bildirib ki, ABŞ-ın bu cür ikibaşlı siyasət yürütməsi heç kimdə təəccüb doğurmamalıdır: "Bu baxımdan, heç bir məyusluğum yoxdur".

A.Əlizadə Azərbaycanla bağlı ABŞ-ın müsbət mövqe göstərməməsini də əsaslandıraraq bildirib ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) ölkəmizin ərazi bütövlüyü məsələsi qaldırılarkən, Amerika orada bitərəflik sərgiləyib: "BMT-də bu məsələ müzakirə olunanda ABŞ bitərəf qalmışdı. Onlar təkcə Azərbaycana deyil, bütün dünya ölkələrinə yuxarıdan aşağı baxır. Amma sevindirici haldır ki, Azərbaycan müstəqil siyasət aparır və heç kimin qulu kimi çıxış etmir".

PƏRVANƏ

 





23.01.2015    çap et  çap et