525.Az

Bir ümmandan yüz ləpə


 

Bir ümmandan yüz ləpə<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi “Ən yaxşı şeir” müsabiqəsi təşkil edib və “10 şair-100 şeir” poeziya almanaxında müsabiqə qaliblərinin şeirləri nəşr edilib. Söhbətimiz həmin almanaxdakı şeirlər haqqında olacaq.

Bu gün –XXI əsrin ikinci onilliyində yenə də poeziya qapıları döyməkdə, ürəkləri oxumaqda, zövqləri oxşamaqda, həyatın və gözəlliyin mənasını,  Dünyaya, Tanrıya vaqif olmaqda bizim ən yaxın sirdaşımızdı. Azərbaycan şeiri yüzilliklər boyu bu əbədi missiyanı şərəflə yerinə yetirməkdədir. Doğrudur, indi şeir aləmində bir qədər xaos və hərcmərclik hökm sürməkdədir. Şeiri anlayanların həyatını, yuxusuz gecələrini poeziyaya  həsr edənlərin sayı qrafoman şairlərin sayı qədər deyil. Azdır, amma istedadların sayı da az deyil və bu da bizim poeziyaya məhəbbətimizi gün-gündən daha da artırır, “şeirsiz yaşamaq mümkün deyil” fikrini qətiləşdirir..

Hər hansı bir almanax ya şeir toplusu  müasir şeirimizin ümumi mənzərəsi haqqında müəyyən təsəvvür yarada bilər və bu mənada “10 şair-100 şeir” almanaxına nəzər yetirmək kifayətdir.
10 şair- İbrahimxəlil, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam Yaşar, Səyyarə Məmmədli, Adil Cəmil, Şəbnəm Xeyrulla, Ələmdar Cabbarlı. Qaliblər sıra ilə düzülüb və əlbəttə,  birinci ya onuncu yeri kimin tutmasından asılı olmayaraq bu almanaxda ilk növbədə, ən yaxşı, müasir poeziyanın tələblərinə cavab verən şeirlər üzərində dayanmalıyıq.

Amma öncə iki suala cavab axtaraq: birincisi; bu almanax ümumilikdə bizi düşündürən, bir çox suallara, mətləblərə, həyati məsələlərə cavab verirmi?

Vaxtilə rus tənqidinin atası V.Q.Belinski deyirdi ki: “Hansı poeziyanın ki, kökləri müasir həyatda deyildir, hansı poeziya ki, həyata işıq saçmır, onu izah etmir,-bekarçılıq əlamətidir, zərərsiz də olsa, havayı vaxt keçirməkdir, gəlin-gəlin və çöp-çöp oynamaqdır, avaraçılıqdır..”  Bu mənada poeziyanın həyatda, oxucu dünyasında və cəmiyyətdə böyük rolu var. İkincisi; haqqında danışdığımız almanax bütövlükdə müasir Azərbaycan poeziyasını nə dərəcədə əks etdirir? Fərdi üslublardan, deyim tərzlərindən tutmuş müxtəlif poetik istiqamətlərə, meyl və tendensiyalara qədər  poeziyamızın rəngarəngliyini görə bilirikmi? Və nəhayət, bu şeirlərdə poeziya naminə hansı axtarışların şahidi oluruq? Bu suallara yazının sonunda cavab verərik. Ancaq söhbətə başlamamışdan öncə almanaxla bağlı iki iradımı bildirmək istəyirəm. Birincisi: məlum olmur ki, bu almanaxın tərtibçisi kimdir, kimlərdir? İkincisi: almanaxda təqdim olunan şeirlərin müəyyən bir qismi şairlərin çoxdankı şeirləridir. Hətta iyirmi il əvvəl qələmə alınan şeirlərə rast gəldik. Ancaq bunların üstündən sükutla keçək, almanaxdakı şeirlər haqda söz açaq. Deyək ki, şeirin köhnəsi, təzəsi olmur, yaxşısı olur.

Fikrimizcə, 100 şeir müasir Azərbaycan insanının –müasirimizin mənəvi dünyasını anlamaqda, dərk etməkdə yetərincə olmasa da, müəyyən mənada təsəvvür yarada bilər. Bu insan elə bir dövrdə yaşayır ki, zaman onun yanından şütüyüb keçmir, o, zamanın bu dolaşıq düyünləri, kələfləri içində dünyanı, özünü və cəmiyyətdə baş verən olayları dərk etməyə çalışır. O, tarixə, keçmişə, Azərbaycan dünyasına və bu günə bağlı bir insandır. Qürbət ağrısını da yaşayıb, Vətən sevdasını da.

Mən yarı qürbətəm, yarı vətənəm...
Demə ki: qanadı, əlbət, yarası!
Mən sənin dərdini çəkirəm elə;
Qalarsan sən vətən-qürbət arası!...
    
Görürsən?-vətən də yarı verilib...
Qələmin qürbətin, dilim vətənin.
Ölməyə ki vətən yaxşıdı...sən de:
Hansı yarısında ölüm vətənin?
    
Mən yarı qürbətəm, yarı vətənəm...
Güneyin, qüzeyin qarı qalmadı?
Vətən tərəfimiz əkizdi bizim,
Qürbət tərəfimiz yarı almadı...

Bu şeirin müəllifi İbrahimxəlildir, amma onun Azərbaycan haqqında bu orijinal deyimləri, zənn edirik, almanaxdakı digər şairlərin də poetik düşüncəsinə şamil oluna bilər (Vətən haqqında şeirlər yazmasalar belə). Əlbəttə, eynən yox, müxtəlif variasiyalarda. Deyək ki, Emin Pirinin “Başdaşları utandırdı məni”, “Mələklərə atılan mərmilər”, Adil Cəmilin “Qarabağ”, “Yurd yerim-dərd yerim”, Ələmdar Cabbarlının “Könlüm Kəlbəcərə köçüb yuxuda”, Səyyarə Məmmədlinin “Taleyimə”, “Sağalmaq bilmir yaramız” şeirlərində olduğu kimi.

Məsələ burasındadır ki, XXI əsr poeziyada fərdin, şəxsiyyətin görünməyən dünyasını, qayğı və mənəvi təbəddülatlarını ön plana çıxardı. İndi şairlər Tanrıya, Dünyaya və Vətənə, həm də yaşadıqları cəmiyyətə daha çox öz fərdi aləmindən boylanırlar.Bu fərdi dünyaların bir-birilə kəsişən nöqtələri də var, tamam fərqli məqamları da. Tutaq ki, Adil Cəmillə Emin Pirini və Ələmdar Cabbarlını bir nöqtədə birləşdirən müharibənin ağrı-acılarıdırsa, Həyat Şəmi ilə Fərqanə Mehdiyevanı birləşdirən həyata sırf qadın-ana-ömür yoldaşı bucağından yanaşma tərzidir.

Amma təbii ki, dünyada bir-birinin tam oxşarı olan insan tipi mövcud deyilsə, fərdi üslub baxımından da eyni şair ola bilməz. Ona görə də almanaxda şeirləri çap olunan hər bir şairin özəl, fərdi üslubu haqqında fikir və mülahizələrimizi yığcam şəkildə ifadə edək.

İbrahimxəlil şeirdə 60-70-ci illərin poetik düşüncə arsenalına sadiqdir. Azərbaycan, Araz, Vətən, Sınıq Körpü mövzularına yenilik gətirməyə çalışır. Və əksərən buna bədii təsvir vasitələrinin hesabına, “köhnə havalarda” təzə notlar səsləndirməklə nail olmağa çalışır. Deyək ki, onun Göyçə haqqında yazdığı şeir nə qədər nisgilli olsa da, burada deyilməli təzə söz yoxdur. Amma sonu “Üzüqoylu axan tək Arazdımı?” və əvvəli “Əyriqarda bir mən qaldım” misrası ilə başlanan şeirlərində İbrahimxəlil qəriblik, qürbətlik, Araz mövzularına təzə çalarlar gətirir. Sınıq Körpü, Əyriqar, cəllad kötüyü...bu sözlər onun şeirlərindəki qürbət havasını ifadə edən simvollara çevrilirlər.

Qəşəm Nəcəfzadə artıq yetkin bir şairdir və almanaxda onun on şeirindən səkkizi sevgidəndir. Özü də bu şeirlər gənclik illərində qələmə alınıb. Təfərrüata varmadan deyə bilərəm ki, bunlar Qəşəmin sevgi haqqında ən gözəl şeirləri idi və o illərdə Qəşəmi sevgi şairi kimi tanıda bildi. O səbəbdən ki, Qəşəmin sevgi şeirlərindəki hisslər son dərəcə təbii idi. Yaşanılmış, ürəyin içindən keçən və ürəkdə yaşamaq yanğısını, sevmək ehtirasını artıran duyğulardan yaranmışdı. Elə ifadələr, elə təşbihlər, metaforalar vardı ki, bunları ancaq Qəşəm yaza bilərdi və yazdı da: “Ayağın altında nazlanan toza”, “Saçlarımın ağ işığında əllərin uçdu” və s.

Fərqanə Mehdiyeva. Fərqanə qadın yazarlar arasında poetik SƏSİ ilə seçilən özünəməxsus şair kimi diqqəti cəlb edir. Şair var ki, şeirlərində misralarının soyuqluğu adamı üşüdür, amma Fərqanənin misraları ürəyə, beyinə işıq paylaya bilir. Fərqanə adi sözləri və ifadələri də şeirdə ehya edə, ona təzəlik verməyə can atfır. Məsələn, “belədən belə” ilkin anlamda heç şeirə gətirilməsi namümkün görünən ifadədir, amma Fərqanə o ifadəyə şeiriyyət donu geyindirə bilib. Ona daha sanballı, “Təndir” və “Ana” silsiləli şeirlər yazmağı arzulayaq.

Emin Piri bu günün gənc adlandırdığımız şairlər içərisində ən istedadlılardır,-desəm, səhv etmərəm. İki cəhətinə görə onu xüsusi qiymətləndirmək lazımdır. Birincisi; Emin hər sözə, ifadəyə sanki zərgər dəqiqliyə yanaşır, Ramiz Rövşən demişkən, sözün tozunu alır və sözlə çox sərbəst, ondan qorxmadan, çəkinmədən rəftar edir. Buyurun baxın:
    
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
    
Həyat Şəmi. Mövzu seçməkdə çox sərbəstdi. Hər hansı bir şeirini adi danışıq tonu ilə başlayır, sanki oxucusuyla müsahib olmağa, ünsiyyət qurmağa can atır, sonra misraların axarınca demək istədiyi fikrin poetik çalarları görünür və şeir bitəndən sonra qarşında bitkin bir lövhə canlanır. Hal-hazırda həsrətin “rəsmlərini” çəkir. Bu şeirlərin içində “Sinami” xüsusilə seçilir.

İntiqam Yaşar. İyirmi dörd yaşı var. Hiss olunur ki, axtarışdadır. Hiss olunur ki, hələ sevgi “xumarlığından” ayılmayıb. Bundan ayılsa, bir az ətrafına nəzər yetirsə, maraq dairəsi genişlənsə, görəcək ki, tale onu “bir az ayaqlaşmağa, sevinclə rastlaşmağa, qəmlə qabaqlaşmağa” səfərbər edir. Amma ümumilikdə şeirlərində şairlik üçün az-çox  yetərli olacaq nəfəs duyulur.

Səyyarə Məmmədlinin şeirlərində həsrət motivləri diqqəti cəlb edir, ancaq bu həsrət şəxsi, subyektiv hisslərdən deyil, Vətən ağrısından, yurd yanğısından doğur. Ən böyük arzusu “O doğma yerlərə dönüm”dür və deyir ki: “sağalmaq bilmir yaramız”. Şeirlərində bəzən bədbinlik notları üstünlük təşkil edir, bunu da anlamaq olar.  Özü demişkən: “Dağdan gəlib, dağ havası gətirmədik Bakıya. Ürəyimizə çəkilən “dağ”ı gətirdik. Bölgə-bölgə axışıb, qaçqın-qaçqın dərd yüklədik Bakıya”. Qeyd edim ki, şeirimizdə bu əhval-ruhiyyə: qaçqın-köçkün ovqatı əvvəlki illərlə müqayisədə bir az səngiyib. Və məsləhət görərdik ki, Səyyarə xanımın şeirlərində bu ovqat-bu nisgil dəf olunsun, Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” çağırışına qoşulsun.

Adil Cəmilin şeirlərinə gəldikdə isə bircə məşhur məsəllə kifayətlənməli olacağıq: “görünən kəndə nə bələdlik”.

Şəbnəm Xeyrullanın şeir yazdığını ilk dəfə bu almanaxda gördük. Hiss olunur ki, deməyə sözü var. Amma təbii ki, sözü necə incələmək, poeziya məqamına çatdırmaq üçün istedad lazım. Bu istedadı biz onun yalnız iki şeirində (“Bayramın mübarək, müqəvva” və “Zindan”) müşahidə etdik. Fransız yazarı Cül Renarın bir fikrini misal gətirmək istərdik: “Üslub-bütün üslubların yaddan çıxarılmasıdır”. Şəbnəm xanım şeirə gəlirsə, ilk növbədə, şeiriyyət aləmində öz SƏSi ilə seçilməlidir. Buna inanırıq!

Ələmdar Cabbarlının şeirləri də onun artıq yetkinliyə, nəfəsini, səsini hiss etdirməyə doğru cəhdlərinin şahidi oluruq. Şeirlərində sözün, ifadənin poetik sanbalını, çəkisini hiss edirik. Mümkün qədər çalışır ki, deyilmişləri təkrar etməsin. Bir az yumorla deyir Ələmdar: “Elə yaşa, başındakı Papaq səndən razı qalsın”. Biz də belə deyərik:

“Elə yaz ki, elə yaz ki, Şeirin səndən razı qalsın”.
...Qayıdaq yenə yazının əvvəlində  verdiyimiz iki suala.

Əlbəttə, bir almanax vasitəsilə-100 şeirlə müasir Azərbaycan poeziyasının ümumi mənzərəsini, başlıca xəttini, axtarış meyllərini üzə çıxarmaq asan məsələ deyil. Çünki  müasir şeirimizin panoramı genişdir, zəngindir, heç bir dövrdə təsadüf etmədiyimiz müxtəlif üslub axınları, xətləri, hətta bir-birini inkar edən, bir araya gəlməyən “izm”lərin rəqabətini müşahidə edirik. Bu almanax həmin mənzərənin bəzi məqamlarını açıqlayır. Hər halda ümmanda 100 ləpə də o ümman haqqında təsəvvür yarada bilər.

 





19.01.2015    çap et  çap et