525.Az

UnutQAN


 

UnutQAN<b style="color:red"></b>

...Unutmaq istədiyin bəlkə kimsə var, ya da hadisələr? Buna çalışma belə. Hər bir cəhd yaddaşını təzələyəcək. Çoxu deyir: "Zamana burax". Razı deyiləm! Zaman yaddaşımızı əlimizdən ala bilər, amma yaralarımızı əsla... Öləndə belə torpağın altında yaralarından çürüməyə başlar insan. Sözümün canı budur ki, unutmaq və ovutmaq istədiklərinlə birgə sev və qəbul et özünü. Bu səni daha güclü edəcək. Ağıllı-ağıllı danışmağıma baxmayın, bacarmadıqlarımdan söz açıram. Söz demişkən, belə bir deyim var: "Qılınc yarası sağalar, söz yarası yox". Bəzi sükutlar var ki, qılınc da, söz də onun yanında kəsərsiz qalar. Susan vicdanın vurduğu zərbəyə, bu zərbədən açılan yaraya məlhəm yoxdur... Sadəcə qanayar və hər qanayanda da anlayar insan  dözümün özündən böyük olduğunu. Başa düşər, təmkinin varlığını, ürəyə düşər közlər və gözlər məhəbbəti, bir az da dərinə getsək, eşqi ifadə edər, ağrının ağırlığını yox. Qəm gözlərdə sulanar, kədər üzündən tökülər, amma məğrurluq əks olunar baxışlarda. İfadə və imtina etmədən, heç nə demədən  çəkərsən, xəbəri olmaz heç kəsin heç nədən. Bunları keç... Bir də aldanmaq var. Kiminsə yalanına inanmaq dəhşət deyil, faciə özünü aldada bilməkdir. Mənliyini, mənəviyyatını əzməkdir, amma ehmalca. Hiss etmədən hisslərini dərin quyulara salmaqdır - bir sözlə dərinləşər yaralar...

Gecənin qaranlığı, ya qaranlığın gecəsi? Sənin mənliyin, ya mənliyimin səni? "Kimsəni düşünmək istəmirəm" dediyin andan fikrin sənə aid deyil. Dillənər yaddaşın, zillənər gözlərin, zəhərlənər duyğuların, zəhmlənər hisslərin... Kim səni dindirsə cavab verməyə çalışarsan. Özündən başqa bütün suallara....

Nida ilə bitən bir əminlikdir eşq! Sözsüz, vergülsüz, nöqtəsiz bir cümlə kimidir. Nə yaza bilərsən, nə deyə...  nə də silə... İnsan özündəkiləri yaddan çıxarammaz, amma özünü unuda bilər. Bu eşqə təslim olanda baş verir...

Bir rəng soruşsanız. Deyərəm "göz yaşı"... Olduğu və düşdüyü yerin rənginə boyanaraq yaşayar o... Həyatın bütün çalarları var göz yaşında... Öz yaşında quruyan adamlar var bir də... Öz yaşından böyük adamlardır onlar.

Hər kəs eşqi dadarmı? Əlbəttə yox.. Amma hər kəs sevmək, ən azından sevilmək istər. Eşq dəlicəsinə sevməkdir ancaq, dəli olduğunun fərqinə varmamaqdır. Eşq dəlilikdir, hər dəlilik eşq deyil... Bəs yaxşı eşqə düşdüyünü necə anlayacaqsan? Bəri başdan bilin ki, eşq sizə düşər, siz ona yox. İçində burulğanlar hiss etməkdir eşq. Daim darıxmaqdır. Yaxınında olsun, ya uzağında, fərqi yoxdu. Həsrətini anlamaqdır. Ətrini duymaqdır. Gözlərinə baxanda unutmaqdır özünü, sözünü... Uyumaqdır varlığına sarılaraq... Yaxınında olmasa belə... Bunu da bilin ki, hər sevgi eşq deyil!

Və tərk edilmisinizsə... Daha çox yada salın. Hər dəfə xatırlamaq istəyəndə bir az da unudacaqsınız və eşq bütün bunlardan yüksəkdə dayanır. O sadəcə bir dəfə ruha hopur. Uzun sözün qısası, eşqə dair nə varsa qanına, canına sirayət edir.

Unutqan olmaq istəyirəm,
Mümkünsə unut qan!
Qaynadığın,
Qaraldığın,
Qanadığın adamı.
Mümkünsə unut qan!
Ovut qan damarlarını,
Hamarlarını keç,
Haramlarını yadına sal!
Və unut qan sənə qarışanları!

Fikirlərin hər nə qədər dağınıq olsa da, qan kimi bir məcradan keçər. Bu yolun adı eşqdir. Nəinki düşüncələrin, bütünlüyün ötər bu cığırdan. Çığırtı kimi qulağında ilişib qalan bir səs kimidir tərk edilmək. Beynini və zehnini cırmaqlar!

Unutmaqmı istəyirsən bütün olanları. Onda olmayanlarda axtar özünü. Onun yoxluğunda, məsələn. Tapa bilmirsən, hə? Yanında olmasa da varlığındadır! Demək ki, məsafənin əl qədər, ya el qədər olmasının  fərqi yoxdu. Onun yoxluğu deyilən bir həqiqəti dərk edə bilirsənsə, unutmusan demək. "Gözdən iraq könüldən də iraq olar" anlayışını yaşamaqdır unutmaq. Təkrar edirəm. Bəzi anlar, zamanlar, olanlar, qalanlar,  hisslər, izlər və daha nələr, nələr var ki, "unut qan!" deməklə unudulmur. Sev yaralarını!..

 





26.12.2014    çap et  çap et