525.Az

Azərbaycana qarşı qərəz: ikili yanaşmanın fəsadları


 

Azərbaycana qarşı qərəz: <b style="color:red">ikili yanaşmanın fəsadları</b>

Vaşinqton növbəti dəfə Azərbaycanı insan haqları və vətəndaş cəmiyyəti məsələlərində günahlandırmağa çalışdı.

ABŞ dövlət katibinin köməkçisi Tom Malinovski iki ölkə arasındakı münasibətlərin "qırmızı xəttə" yaxınlaşdığını deyib. Belə fikirlərin səslənməsi təəssüf və təəccüb doğurur. Çünki Azərbaycan kifayət qədər açıq bir ölkədir, burada hər bir kəsin öz fikrini ifadə etmək hüququ təmin olunub. Bununla yanaşı, hər bir demokratik ölkədə olduğu kimi, qanunun aliliyi təmin edilməli, cəmiyyətin təhlükəsizliyinə qarşı olan istənilən təhdidin qarşısı alınmalıdır. Ancaq məsələnin bu tərəfini unudub, Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamların irəli sürülməsi söhbətin ədalətdən və hüquqdan getmədiyini göstərir. Həmin aspektdən Amerika rəsmisinin söylədikləri həqiqətdən çox uzaqdır və ikitərəfli əlaqələrin inkişafına ciddi əngəllər törədə bilər.

Reallıq: Malinovski inkar edir

Qərbin Azərbaycana qarşı qərəzli münasibəti, təəssüf ki, davam edir. Son olaraq ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovski gerçəklikdən uzaq fikirlər söyləyib. O, Azərbaycanda insan haqlarının məhdudlaşdırıldığını və vətəndaş cəmiyyətinin boğulduğunu deyib. "Azadlıq" radiosunun rusdilli "Nastoyaşeye vremya" proqramına verdiyi müsahibədə Amerika rəsmisi Azərbaycan rəhbərliyinin iki ölkə arasındakı münasibətləri təhlükə altına alan addımlar atdığını bəyan edib. O deyib: "Bu addımlar bizim münasibətləri sual altına qoyur. İndi Azərbaycan hakimiyyəti ilə müzakirələrdə bunu imkan daxilində onlara daha aydın çatdırmağa cəhd edirik".

Cənab T.Malinovski X.İsmayılova və L.Yunusova kimilərin həbsini doğru addım hesab etmir, onların dərhal azadlığa buraxılmasını istəyir. Bu, onun şəxsi mövqeyi deyil, bütövlükdə Vaşinqtonun illərdir Azərbaycana qarşı yeritdiyi siyasətin bir fraqmentidir. Həqiqətdə nələr baş verir?

Tarixi təcrübəyə və faktlara müraciət edək. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərblə əməkdaşlıq onun üçün prioritet oldu. Bu proses, xüsusilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra konkret məzmun aldı. Bütün maneələrə baxmayaraq, məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan neft boru xətti inşa edildi. O zamanlar Azərbaycan üçün olduqca mürəkkəb geosiyasi-hərbi vəziyyət yaranmışdı. Bir sıra xarici dairələr ölkəni parçalamağa çalışırdı, dövlət çevrilişlərinə cəhdlər edilirdi. Onda Vaşinqton Heydər Əliyevin bu qətiyyətini çox yüksək qiymətləndirirdi.

Sonrakı illərdə də Bakı başda ABŞ olmaqla Qərblə əlaqələrini strateji səviyyədə dərinləşdirdi və genişləndirdi. Hazırda Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminində ciddi rol oynayan dövlət kimi tanınır. Onun dünyanın müxtəlif ölkələrində terrorizmə qarşı həyata keçirilən tədbirlərdə aktiv iştirakı, humanitar fəaliyyəti göz qabağındadır. Dünyanın böyük dövlətlərinin siyasiləri Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun məkanı kimi qəbul edirlər.

Avropada multikulturalizmin iflasından danışıldığı bir zamanda, Azərbaycan bu sahədə ciddi uğurlar əldə edir. Ölkədə yaşayan müxtəlif etnik qruplar və dini konfessiyalar arasında gözəl münasibətlər formalaşıb və bu proses davam edir.

Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti haqqında da çox yazmaq olar. Yalnız onu demək kifayətdir ki, Cənubi Qafqaz ölkələrindən təkcə bu ölkə BMT TŞ-nin qeyri-daimi üzvü və sədri olub. Bu etimadı qazanmağın asan olmadığını etiraf etmək lazımdır.

Bütün bunların fonunda rəsmi Bakı daim Qərblə iqtisadi, enerji, mədəniyyət, elm, təhlükəsizlik, hərbi və başqa sahələrdə əməkdaşlığa çox böyük önəm verib. Bunun konkret nümunələri KİV-də kifayət qədər yer alıb. Bəs hansı səbəbdən ABŞ-ın rəsmi dairələri cinayət əməllərinə görə həbs edilən bir sıra adamları müdafiə edir və hətta Azərbaycanla münasibətlərin "qırmızı xəttə" yaxınlaşdığını deyirlər?

Bəri başdan qeyd edək ki, bu münasibətin kökündə ikili standartlar siyasəti durur. Bu, uzun illərdir ki, özünü göstərir. Prezident İlham Əliyev həmin məqamla bağlı bir neçə dəfə öz mövqeyini bildirib. ABŞ İraqı bombalamağa həvəslə girişir, Liviyanı yerlə-yeksan edir, Əfqanıstanda hərbi əməliyyatlar aparır, lakin təcavüzkar Ermənistana qarşı heç bir ciddi addım atmır. Bu ölkədə insan haqlarının pozulması mütəmadi olaraq baş verir. Hətta küçələrdə belə dinc nümayişçiləri güllələyirlər. Bunun müqabilində Qərbin heç bir böyük dövləti İrəvanı ittiham etmir. Sözgəlişi nələrisə deyib, üstündən keçirlər. Onların insan haqları ilə məşğul olan təşkilatları da susur. Təsadüfdürmü? Əsla yox. Faktlar göstərir ki, bu, düşünülmüş siyasətin əlamətləridir. Çünki hər fürsətdə Azərbaycana qarşı yanlış addımlar atılır. Siyasi məhbuslardan danışırlar, söz azadlığını pozmaqda günahlandırırlar, QHT-lərin fəaliyyətinin məhdudlaşdırıldığından dəm vururlar. Reallıqda isə söhbət hər bir halda konkret cinayət əməlindən, bəzilərinin vətəndaşı olduqları dövlətə qarşı fəaliyyətindən getməlidir. Məhz bu gerçəklik ABŞ-a sərf etmir. Onun da səbəbləri vardır.

Xüsusi maraqlar və ədalət: Vaşinqtonun çətin problemi

Məsələ burasındadır ki, Vaşinqton ədalət naminə deyil, öz maraqlarını təmin etmək üçün bütün bu addımları atır. Ona regionlarda sözəbaxan oyuncaq ölkələrin olması sərf edir. Bu meyarlara uyğun gəlməyənlərə qarşı isə müxtəlif ittihamlar irəli sürülür. Məlumdur ki, Azərbaycan Cənubi Qafqazda tam müstəqil siyasət yeridən yeganə dövlətdir. Ona təzyiq etməyin, öz təsiri altına salmağa çalışmağın mənası yoxdur. Rəsmi Bakının uzun illərdir həyata keçirdiyi siyasi kursun məzmunu bunu təsdiq edir.

Azərbaycanın seçdiyi inkişaf yoluna mane olmağa, onun qarşısına sədd çəkməyə, öz iradəsinə tabe etdirməyə cəhd edənlər az olmayıb. Bu zaman Ermənistan faktorundan da istifadə etməyə çalışıblar. Bu, məsələn, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə əlaqədar əsası Qərbdə qoyulan prosesdə özünü büruzə verdi. Azərbaycanın qardaş ölkə ilə arasını vurmağa çalışdılar. Ancaq Prezident İlham Əliyevin böyük qətiyyəti, siyasi iradəsi və müstəqilliyə tam sadiqliyi nəticəsində bu plan baş tutmadı.

Təbii ki, bu kimi hallar Azərbaycana qarşı qərəzli mövqe tutanları heç cür qane etmir. Onlar Bakını "cəzalandırmaq" planlarından əl çəkmirlər. "Rəngli inqilab" ssenariləri bunun əyani nümunəsidir. Bu məsələdə ABŞ-ın bir neçə nümayəndəsi uğursuzluğa uğradı. Vaşinqton anladı ki, Azərbaycanda küçələrdə zorakılıq təşkil etməklə hakimiyyəti devirmək mümkün deyil. Buna görə də başqa üsullara əl atılır.

Son vaxtlar sosial şəbəkələr, müəyyən qrup QHT-lər, vətəndaş cəmiyyəti təşkilatları kimi amillərdən yararlanmağa cəhd edilir. Necə deyərlər, "beşinci kolon" planı baş tutmur. Onların bu cür hərəkətlərinin də qarşısı alınır.

Görünür, bütün bunlar Vaşinqtonu qəzəbləndirir. O, artıq açıq surətdə Azərbaycan hakimiyyətini ittiham edir. Lakin belə gedişatın da Amerikaya əlavə dividendlər gətirəcəyini demək çox çətindir. Bu mənada Azərbaycan yox, məhz ABŞ iki dövlət arasındakı münasibətlərin "qırmızı xətti"nə yaxınlaşır.

Əslində, Amerika rəsmiləri öz ölkələrindəki haqsızlıqların aradan qaldırılmasına diqqət yetirməlidirlər. Çoxsaylı misallar göstərir ki, orada insanlar irqi mənsubluqlarına görə təqib olunurlar, onlara qarşı hüquq-mühafizə orqanları qanunsuz əməllər törədirlər. Bir neçə qaradərili gəncin heç bir ciddi əsas olmadan polis tərəfindən qətlə yetirilməsi, jurnalistlərin öz vəzifə borclarını yerinə yetirdiyi zaman zorakılığa məruz qalması və hətta həbsə atılmaları kimi hallar göstərir ki, ABŞ-ın bu sahədə çox ciddi problemləri var. Onları aradan qaldırmaq əvəzinə başqa ölkələrin daxili işlərinə qarışmaq heç bir demokratik meyara uyğun gəlmir. Üstəlik, münasibətləri pozmaq hədə-qorxusu da qeyri-normal haldır.

Vaşinqton açıqca öz nüfuzunu riskə qoyur. Azərbaycanı müstəqil siyasət kursundan heç kim çəkindirə bilməz. ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini düşünürlərsə, bu həqiqəti qəbul etməlidirlər. Dünya miqyasında müşahidə edilən geosiyasi proseslər də təsdiqləyir ki, indi qlobal səviyyədə çox həssas bir vəziyyət yaranıb. Ehtiyatsızlıqdan atılan kiçik bir addım belə bəşəriyyət üçün ciddi təhlükə meydana gətirə bilər. O cümlədən başqa dövlətlərin daxili işlərinə qarışmaq, onları süni surətdə ittiham etmək və özündən asılı vəziyyətə salmaq cəhdləri qəbuledilməz hallardır.

Ayrılıqda dünyanın bütün böyük dövlətləri bilməlidirlər ki, Bakı yalnız ədalətli və sülhsevər siyasət yeridir, heç bir halda başqa dövlətlərin daxili işlərinə qarışmır, onların əleyhinə fəaliyyət göstərmir. Azərbaycanın özünə qarşı eyni münasibət gözləməyə haqqı vardır. Deyəsən, ABŞ-da bu sadə həqiqəti qəbul etmək istəmirlər. Bu, onların problemidir.

Newtimes.az

 





26.12.2014    çap et  çap et