525.Az

Məliklinin "Nazim Hikmət"i


 

Məliklinin "Nazim Hikmət"i<b style="color:red"></b>

Professor Tofiq Məliklinin rusca yazılmış" Nazim Hikmət. Poeziya və poetika" kitabı "Şeir inqilabçısı Nazim Hikmet" adıyla və İsmail Çetinin tərcüməsində Türkiyədə çap olunub. İstanbulun "Saylanqoz" nəşriyatında işıq üzü görən kitaba Türkiyənin böyük şairi və alimi Ataol Bəhramoğlu önsöz yazıb. Həmin önsözü oxuculara təqdim edirik.

Tofiq Məlikli yaşıdım, dostum, qardaşımdır. Dostluğumuz illər öncəsinə, 70-ci illərin əvvəllərinə uzanır. O illərdə yaşadığım Parisdən Sovet İttifaqına ilk ayaq basdığımda məni Moskva vağzallarından birinin peronunda qarşılayan uzun boylu, uzun qara paltolu, çox gənc, dimdik, yumşaq gülümsəyişli, danışığı da eyni ölçüdə yumşaq və mehriban gənc adam indi də gözlərimin önündədir.

Aradan keçən illər Tofiq Məliklinin görünüşündə də, sağlam dünyagörüşündə və ədəbiyyat sevgisində də bir dəyişiklik yaratmadı.

Bir neçə ay öncə Bakıda yazarların toplantısında görüşdüyümüzdə də, qarşımdakı yenə yumşaq gülümsəyişli, dimdik duruşlu gənc adamdı.

Ancaq artıq o, çoxdandır, dünya türkoloji elmində adı sayqınlıqla anılan, bir çox dəyərli əsərlərin müəllifi, tanınmış bir ədəbiyyat bilicisi, eyni zamanda da öz sahəsində də tələbələr yetişdirmiş və yetişdirməkdə olan professor Tofiq Məliklidir.

Rusiyadakı ilk qarşılaşmamızda çağdaş ədəbiyyatımız, özəlliklə şeirimizlə bağlı uzun-uzun söhbətlərimiz oldu. O illərdə Nazim Hikmət və Fazil Hüsnü Dağlarca üzərinə tədqiqatlar aparmaqdaydı. Şairlərindən biri olduğum 60-cı illər türk şeiriylə də maraqlanırdı.

Sovet İttifaqında Nazim Hikmət üzərinə çalışan başqa türkoloqlar da vardı əlbəttə. Lakin o gündən bu günə Fazil Hüsnü Dağlarca deyiləndə ağla ilk və tək gələcək olan türk ədəbiyyatı bilicisi Tofiq Məliklidir. Belə ki, bu il Rusiyada "Dühanın tənhalığı" adıyla işıq üzü görən və Fazil Hüsnü Dağlarcaya həsr olunmuş çox dəyərli əsəri, indi əlinizdə tutduğunuz Nazim Hikmət kitabı kimi türkcəyə gecikmədən qazandırılmalıdır.

lll

Məliklinin "Nazim Hikmət. Poeziya və Poetika" adıyla 2010 ilində Moskvada çap olunan kitabı, XX yüzilin başlarındakı türk ədəbiyyatına baxışla başlayır. Bu qısa və dərin girişdə Nazim Hikmət şeirinin üzərində yüksəldiyi ictimai, siyasi, mədəni və ədəbi alt yapının sağlam bir axışını və incələnməsini tapırıq. Bu alt yapının yanı sıra, gənc şairin Anadoluda xalqın yoxsul yaşayışıyla və daha sonra da Rusyada inqilabla və ədəbiyyatla qarşılaşmasının, onun "şeirin inqilabçısı" olaraq türk və dünya şeirinə qazandırdıqlarının hekayəsini oxuyuruq.

"Türk sərbəst şeirinin banisi" başlıqlı bölüm, deyə bilərik ki, bu sahədə yazılmış ən ayrıntılı, geniş, dərin tədqiqatdır və Nazim Hikmət şeirinə olduğu qədər ümumiyyətlə şeirin struktur problemləriylə maraqlanan hər kəsə yeni üfüqlər açan orijinal və önəmli bir incələmədir.

Kitabın "20-30-cu illərdə Nazim Hikmət şeirinin" araşdırıldığı bölümünü, böyük şairin türk ədəbiyyatında "yeni şeirin yerini və öncüllüyünü qüvvətləndirmək" üçün verdiyi mübarizəni ələ alan bölüm izləyir. Xüsusiylə onun "Rəsimli ay" dərgisinin səhifələrindəki yazıları və şeirləriylə apardığı "Büdləri yıxırıq" hərəkatı, çağdaş türk şeirindəki ən radikal yeniləşmə və yenilənmə savaşının mahiyyətini göstərməkdəydi.

Sonrakı bölümdə " - Nazim Hikmətin həbsxana lirikası"nda isə şairin həyatındakı faciəli dönəmdə yazılmış əsərlər incələnməkdədir. Burada, inqilab şairinə faşizan idarənin yaşatdığı acılara baxmayaraq, onun şəxsindəki və şeirindəki əyilməməzliyinin, şeirinin daha dərin və anlamlı insan sevgisinə, daha bəşəri bir səsə yüksəlişinin sürəclərini izləyə bilirik. "Yeni epik şeir" başlıqlı bölümdə isə dövrün məhsulu olan "Məmləkətimdən insan mənzərələri"nin, bu nəhəng əsərin şairin zehnində fikir olaraq doğuşu və inkişafı, "Nazim Hikmətin ideoloji və estetik görüşlərindəki" yeniliklər araşdırılmaqdadır. Bu əsər, həqiqətən də, fövqəladə bir istedad və təcrübənin, XX yüzil türk və dünya ədəbiyyatına qazandırdığı əmsalsız bir ədəbi abidədir.

lll

"Nazim Hikmət Moskvada" başlıqlı son bölüm, şairin faciəli həyatında yeni bir dönüş sürəcinin hekayəsidir.

Həbsxana illərindən sonra bu dəfə yurdundan, Türkiyəsindən, dostlarından, ailəsindən qoparılmış olmanın acısına bir də gerici iqtidarın təyziqlərinin əlavə edilməsinə baxmayaraq, böyük inqilabçı şair vətənindən uzaqda son nəfəsinə qədər inamına bağlı qalmış, öz ölkəsində olduğu kimi, qonaq qaldığı Rusiyada, gəncliyinin və ideallarının ölkəsində də gördüyü axsaqlıqlara və nöqsanlara qarşı ən sırt tənqidlərini yönəltmişdir.

Məliklinin kitabının bu bölümündə Nazim Hikmətin mübarizəsini əks etdirən şeir, məqalə və pyesləri, xüsusilə "Saman Sarısı" adlı unudulmaz şeirində meydana çıxan yeni şeir dilinin özəllikləri, şeirlə nəsr arasındakı körpülərin ortadan qaldırılması və sevgi motivinin önə çıxması kimi şeirində və həyatında baş verən yeniliklər və uğurlar üzərində durulur.

Sayılı ədəbiyyat düşünürü və bilimçisi, dəyərli türkoloq, professor Tofiq Məliklinin "Nazim Hikmət"inin böyük şairin həyatını və əsərlərini anlamaq, dərk etmək istəyənlər üçün baş əsər olacağına inanıram.

Nazim Hikmətin həyatını və əsərlərini bir bütün olaraq görmək və incələmək, iyirminci əsri və bu əsrin fərdinin ictimai və özəl həyatıyla birlikdə bəşəri hekayəsini anmaq deməkdir.

Noyabr 2014

 





26.12.2014    çap et  çap et