525.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üçün 2014-cü il də uğurlu olub


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üçün 2014-cü il də uğurlu olub  <b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqinə başlanılması nəticəsində yaradıldı. Xidmət çağırışçıların hərbi xidmətə  göndərilməsi prosesini təmin etməklə yanaşı ordu üçün ixtisaslı kadrların hazırlanması vəzifəsini də icra edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara nümunəvi xidmət göstərir. Bu struktur vətəndaşlarla rahat şəkildə işləmək üçün elektron xidmətlər tətbiq edir. www.seferberlik.gov.az saytında təqdim olunan xidmətlər iki qrupa bölünür: qeydiyyat tələb etməyən xidmətlər və qeydiyyat tələb edən xidmətlər.  Qeydiyyat tələb etməyən xidmətə çağırışçıların hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə internet və ya mesaj (SMS) vasitəsilə məlumatların verilməsidir. Qeyd edim ki, bu xidmət yalnız Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə başlayacaq çağırışçılara aiddir. Qeydiyyat tələb edən xidmətlərə isə 4 xidmət növü daxildir: SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu; hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu;  itirilmiş hərbi bilet və ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu; SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

Ordu və cəmiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirən, körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli idarələrlə birlikdə hərbi xidməti başa vuraraq mülki həyata qayıdan  gənclərlə görüşlərin keçirilməsini təşkil edərək onların mülki sistemə adaptasiya olunması istiqamətində öz töhfəsini verib.  Bununla bağlı olaraq SHXÇDX, yerli İcra Hakimiyyəti və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə müxtəlif rayonlarda hərbi xidmətdən tərxis olunan gənclərlə görüşlər keçirilib. Bu istiqamətdə  oktyabr ayında Qaradağ, Nizami, Nərimanov, Xəzər, Xətai, Binəqədi rayonlarında hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüşlər olub. Dekabr ayında  Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran və Xızı rayon İcra Hakimiyyətlərinin birgə təşkil etdikləri "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. SHXÇDX-nin Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar və Quba rayon şöbə və bölmələrinin şəxsi heyəti, rayon İcra Hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər həmin tədbirlərin fəal iştirakçıları olublar.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Bu qurumun yaradılması çağırışçıların müxtəlif peşələr üzrə hazırlığını təmin etməyə və Silahlı Qüvvələrə bir sıra ixtisaslar üzrə kadr hazırlanmasına müsbət təsir göstərib. Orduya mütəxəssis hazırlayan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq ciddi uğurlara nail olub. Qurum mütəxəssis hazırlığı ilə yanaşı filialların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirib. Əsaslı olaraq yenidən qurulmuş Balakən rayon 1 nömrəli filialın balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir bərpa işləri aparılıb, yeni paraşütlər alınıb, anbar bərpa edilib, həvəskar paraşütçülər, çağırışçılar və turistlər üçün tikilmiş 36 nəfərlik qonaq evi istifadəyə verilmişdir. "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Balakən rayon 1 nömrəli filialı həvəskar paraşütçülərin yetişdirildiyi yeganə mərkəzdir və Nazirlər Kabinetinin Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı"na daxil edilib. Burada  həvəskar paraşütçülərin hazırlığı ilə yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi əsasında paraşüt-desant hazırlığı həyata keçiriləcək. Qeyd edim ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" gənclər arasında hərbi sahəyə diqqətin artması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün bir sıra işlər görülür. Oktyabrın 14-də "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında 24 komandanın iştirakı ilə 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib. Məktəblilərin marağına səbəb olan belə tədbirlər onların hərb sahəsinə seçmələrinə təkan verir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti il ərzində səfərbərlik hazırlığının təmin edilməsi məqsədilə ümumrespublika miqyasında müxtəlif tədbirlər həyata keçirib. Xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Suraxanı rayon idarələrində, Abşeron, Ağdam, Bərdə, Biləsuvar, Xaçmaz, Göygöl, Masallı, Kəpəz, Nizami və Şəki rayon şöbələrində, Qobustan, Xızı, Qax, Siyəzən, Şabran, Yardımlı və Samux rayon bölmələrində müvafiq rayon İcra Hakimiyyəti başçılarının iştirakı ilə ərazi icra nümayəndələri (xəbərdarlıq sahələrinin rəislərinə) üçün səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub, Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Xətai rayon idarələrində, Abşeron, Lənkəran, Masallı, Saatlı və Sabirabad rayon şöbələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri təyin olunmuş məntəqəyə toplanaraq onlara sıra baxışı keçirilib.

İyul ayının ilk ongünlüyündə Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində keçirilmiş irimiqyaslı təlimlərinə Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq, SHXÇDX-nin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli şəxs çağırılaraq təlimlərə qatılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması və təlim yerlərinə göndərilməsi işini uğurla təşkil edib. Sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin iştirakı ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri  keçirilib. Ali Baş Komandan İlham Əliyevin şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin olunub. 10.000 nəfərlik şəxsi heyət planlaşdırılmış vaxtda, təyin olunmuş yerlərə çatdırılıb. Bununla da Xidmət bir daha sübut edib ki, qarşısına qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə qadirdir. Qeyd etmək lazımdır ki, SHXÇDX Təhsil Nazirliyi ilə birlikdə orta məktəblərdə hərbi hazırlıq müəllimlərinin hazırlanması və peşəkarlıqlarının artırılması istiqamətində də vacib işlər həyata keçirir.

 





26.12.2014    çap et  çap et