525.Az

"Gənclərə göstərilən dövlət qayğısından məmnunuq"


 

SEYMUR TEYMUROV: "GƏNCLƏR FONDUNUN MALİYYƏ DƏSTƏYİ VƏ İŞTİRAKI İLƏ 2000-ə YAXIN LAYİHƏ HƏYATA KEÇİRİLİB"

"Gənclərə göstərilən dövlət qayğısından məmnunuq"<b style="color:red"></b>

Azərbaycanlı gənclərin intellekt səviyyəsinin artırılması, onların asudə vaxtlarının daha səmərəli təşkili istiqamətində ölkədə geniş tədbirlər həyata keçirilir. Məktəblilər, tələbələr və digər gənclər arasında müxtəlif bilik yarışmaları, intellektual oyunların keçirilməsi onların təkcə boş vaxtlarını səmərəli təşkili ilə bağlı deyil, eyni zamanda, dünyagörüşlərinin artırılması, azad və sərbəst düşüncəli, lider xarakterli şəxslər kimi inkişafında misilsiz rol oynayır. Bu baxımdan, qeyd etmək lazımdır ki, ilk azərbaycandilli intellektual oyunların, xüsusən də, dünyada böyük izləyici auditoriyasına malik  "Nə? Harada? Nə zaman?" formatında bilik yarışlarının təşkilatçısı Xəzər İntellektual Gənclər Klubudur. Bundan əlavə sözügedən təşkilat Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 3 əsas növ üzrə - "Breyn-rinq", "Erudit-kvartet" və "Fərdi oyun" formatlarında intellektual oyunlar keçirir. Yaradılan şəraitdən, o cümlədən dövlət dəstəyindən yararlanan qurum digər azərbaycandilli intellektual klubların formalaşmasında da başlıca model, baza rolunu oynayıb.  Klubun rəhbəri Seymur Teymurov da bizə müsahibəsində təşkilatın fəaliyyət strategiyası ilə bərabər, dövlətin gənclərə verdiyi qayğı, bunun nəticəsində həyata keçirdikləri layihələr və onların təşkilatlanmasında yaranan problemlərdən danışıb.

- Seymur bəy, rəhbərlik etdiyiniz Xəzər İntellektual Gənclər Klubunun ölkədaxili və beynəlxalq fəaliyyəti, eləcə də gələcək planları nədən ibarətdir?

- Rəhbərlik etdiyim Xəzər İntellektual Gənclər Klubu əsasən ölkədaxili fəaliyyət istiqaməti seçib. Eyni zamanda, bizim beynəlxalq layihələrimiz də var. Bizim əsas məqsədimiz Azərbaycan dilində intellektual oyunlar hərəkətinin inkişafına nail olmaqdır. Bu baxımdan, qeyd etmək istəyirəm ki, Türkiyənin İstanbul, Əskişəhər və Ankara şəhərlərində, Şimali Kipr və Mançesterdə tərəfdaş təşkilatlar yaratmışıq. Bu qurumlar vasitəsilə həmin bölgələrdə yaşayan azərbaycanlı tələbələri intellektual oyunlara cəlb edir, onların Vətənlə əlaqələrini daha da möhkəmləndiririk. Ümumilikdə götürəndə biz xarici gənclər təşkilatları ilə əməkdaşlıq əlaqələri qurmamışıq. Ancaq ümumi sektor adından onu deyə bilərəm ki, ölkədə gənclər siyasəti ilə bağlı böyük beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın gənclər platformalarının əcnəbi gənclər və onların təşkilatları ilə birgə əməkdaşlıq fəaliyyətinin meydana gəlməsində önəmli rol oynayır. Xəzər İntellektual Gənclər Klubu isə spesifik olaraq yalnız soydaşlarımız və diasporamızla əməkdaşlıq edir. Bizim təşkilatın hazırki və gələcək fəaliyyəti üçün strateji planı var. 4 il öncə bu planı müəyyənləşdirəndə məqsədimiz o olub ki, həyata keçirəcəyimiz layihələrdə bütün ölkəni əhatə edək bilək. Eyni zamanda, məktəb, universitet və regional liqaları da möhkəmləndirmək bizim fəaliyyət planımıza daxil idi. Demək olar ki, bunların hamısını tam yerinə yetirə bilmişik. Hal-hazırda isə fəaliyyətimizi yeni strateji plan üzərində qururuq. Bununla biz əvvəlki illərdə apardığımız gənclər siyasətini daha da möhkəmlədirməyə çalışırıq. Biz irimiqyaslı intellektual layihələr həyata keçriməklə yanaşı, həm də Azərbaycanın 15-dən çox şəhər və rayonunda təşkil etdiyimiz bilik yarışmalarının coğrafi əhatəsini daha da genişləndirmək fikrindəyik.

-İndiyədək bir çox layihəni reallaşdırmısınız. Bu layihələrin aktuallığını, sosial əhəmiyyətini nədə görürsüz?

-Biz hər həftə 18 regionda intellektual oyunlar təşkil edirik. Bu oyunlar liqa formatındadır. Söhbət daha böyük layihələrimizdən gedirsə, biz sonuncu dəfə sentyabr ayında Gəncədə Gənclər Fondunun dəstəyi ilə Regionlar kubok təşkil etdik. Bu yarışda bütün regionlarımızdan gələn komandalar iştirak ediblər. İntellektual oyunlar bizim üçün peşəkar idmandır. Bunun digər idman növlərindən əsas fərqi ondan ibarətdir ki, komanda şəklində oynanılır, zehni bacarıq, hərtəfərli dünyagörüşü, məntiqli düşünmə bacarığı və kifayət qədər savad tələb edir. Bu oyunlar heç vaxt aktuallığını itirmir. Minlərlə insan hal-hazırda bu tip oyunlar oynayır. Qeyd edim ki, bizim təşkilat Azərbaycanda ana dilində oyunları mütəmadi təşkil edən ilk təşkilatdır. Yəni, biz bu işin pionerləri olmuşuq. Bizdən sonra isə müxtəlif şəhər və rayonların ali təhsil müəssisələrində onlarla klublar yaradılıb. Biz buna yalnız sevinə bilərik.

-Bəs, həyata keçirə bilmədiyiniz layihəniz olub?

-Təvazökarlıqdan uzaq olsa da, hələ bizim elə bir ideyamız olmayıb ki, biz onu həyata keçirə bilməyək. Sadəcə, biz qarşımızda elə tapşırıq qoyuruq ki, onu reallaşdırmaq mümkün olsun.

-Ümumiyyətlə gənclərin arzuolunmaz vərdişlərdən uzaq durmaları, asudə vaxtlarının faydalı işlərlə zənginləşdirilməsi və təşkilatlanmaları baxımdan Azərbaycanın bugünki vəziyyətini dəyərləndirərdiniz.

- Hal-hazırda gənclər dövlətin onlara verdiyi imkanlardan yararlana bilirlər. Bunu sadəcə sözlərlə deyil, faktlarla demək istəyirəm. Azərbaycanda Gənclər Fondu  artıq 3 ildir ki, fəaliyyət göstərir. Bu qurumun maliyyə dəstəyi və bilavasitə iştirakı ilə 2000-ə yaxın layihə həyata keçirilib. Həmin layihələrdə iştirak edənlərin sayı 100 minlərlədir. İlin yekunlarına dair Fondun keçirdiyi hesabat konfransında qeyd olunub ki, qurumun ayırdığı maliyyə vəsaitləri hesabına həyata keçirilən  layihələrin ümumi sərfiyyatı, çap olunmuş kitab və bukletlərin oxucu kütləsi bir milyondan çoxdur. Ölkə əhalisinin 3 milyon nəfərinin gənclər olduğunu nəzərə alsaq, bu göstəriciylə Fondun genişmiqyaslı fəaliyyət göstərdiyini anlamaq olar. Eyni zamanda, Gənclər Fondundan xeyli əvvəl yaradılan Gənclər və İdman Nazirliyinin xəttiylə də gənclər siyasəti uğurla davam etdirilir. Bundan əlavə, sırf gənclər üçün nəzərdə tutulmasa da, onların yararlana bildiyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Bilik Fondu və başqa təsisatlar var ki, gənclər siyasətinin inkişafı, qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsində önəmli rol oynayırlar. Əminliklə deyə bilərəm ki, gənclər kifayət qədər diqqət və qayğı ilə əhatə olunub. Sadəcə yaradılmış imkanlardan istifadə etmək lazımdır.

- Layihələrinizin auditoriyasını - həm iştirakçı, həm də izləyici sayını artırmaq üçün hansı təbliğat vasitələrindən istifadə edirsiniz?

- Gənclər Fondu tərəfindən təşkil olunan bütün qrant müsabiqələrində iştirak edib qalib olmuşuq. Birgə əməkdaşlıqdan, gənclərə göstərilən dövlət qayğısı və dəstəyindən məmnunuq. Bizim layihələr həmişə ictimaiyyətin diqqət mərkəzində olub. Demək olar ki, əksər mətbuat orqanları bizim layihələri işıqlandırır. Hər zaman çalışırıq ki, layihələrimizə Azərbaycanın ictimai həyatında aktiv olan şəxsləri dəvət edək. Son tədbirimizdə, jurnalistlər və şou-biznes ulduzlarından ibarət iki komandanın iştirakı ilə bilik yarışları təşkil etdik. Biz onların vasitəsilə çalışırıq ki, cəmiyyətə öz mesajlarımızı ötürək. Əsas odur ki, maraqlı və səmimi bir mühit yaratmışıq. Gənclər də bu şəraitdən faydalana bilirlər. Onlar asudə vaxtlarını bizim klubda keçirərək faydalı işlərlə məşğul olurlar. Bizim klub anlayışı da artıq Şərhədləri aşıb. Təşkilatın mərkəzi Slavyan Universitetində yerləşsə də, digər ali təhsil ocaqlarında, eyni zamanda ölkə xaricində özək təşkilatlarımız var. Həyata keçirdiyimiz layihələrin yalnız bir şəhər və ya rayon üzrə təyin olunmuş təşkilat komitəsində 100-dən çox insan təmsil olunur. Təsəvvür edin ki, 20 şəhər və rayonda sinxron şəkildə yarışlar keçirilir. Elə təşkilatlar da var ki, onların ümumiyyətlə heç 100 nəfər üzvü də yoxdur. Lakin bizim layihələrimizin hər birində 2000-3000 şəxs iştirak edir. Hər həftənin sonu bizim özək təşkilatlarda ümumilikdə 1000-ə yaxın insan toplaşır. Bu kifayət qədər böyük rəqəmlərdir. Hazırda Azərbaycanın gənclər sektorunda çox az təşkilat belə kütləviliklə öyünə bilər. Bunu böyük məsuliyyət və fəxrlə deyirik.

- Qeyd etdiyiniz kimi elə gənclər təşkilatları da var ki, bütöv struktur kimi formalaşa bilməyiblər. Onlara hansı məsləhətləriniz var?

- Gənclər siyasətini Azərbaycan hökuməti həyata keçirir. Onlar əllərindən gələni edirlər ki, bu siyasət müsbət nəticələrini versin. Əlbətə ki, iş olan yerdə nöqsanlara da yol verilməsi istisna deyil. Bu nöqsanlar əsasən gənclər təşkilatları ilə bağlıdır. Yəni, son 2-3 il ərzində irəliləyişlər müşahidə olunsa da, onlar bir struktur kimi möhkəmlənə bilməyiblər. Bəzi təşkilatlarda isə kimin nə işlə məşğul olduğu məlum deyil. Təkcə sədrdən ibarət olan təşkilatlar da kifayət qədərdir. Yaxşı olar ki, sektorda səliqə-səhman yaratmaq məqsədilə passiv və tamam fəaliyyətsiz gənclər təşkilatları və QHT-lər birləşib daha güclü bir struktur formalaşdırsınlar. Dövlət yaratdığı əlaqəli fondlar vasitəsilə, nazirliyin xətti ilə möcud şərait və imkanlar təklif edir, eləcə də təşkilatların həyata keçirmək istədiyi layihələrə maliyyə vəsaiti ayırır. Qeyri-hökumət təşkilatları nə qədər güclü olsalar bir o qədər faydalı işlər ortaya qoyacaqlar. Lakin qeyd etməliyəm ki, bir çox təşkilatlar normal fəaliyyət istiqamətli təsisatlar kimi bütövləşməyiblər. Bir çox hallarda bu tip qurumlar dövlətdən asılı vəziyyətdədirlər. Yəni, elan olunan qrant layihələrinin qalibi olduqları zaman bu istiqamətdə işlərini davam etdirir. Əks halda isə fəaliyyət göstərə bilmirlər. Bu əslində düzgün strategiya deyil. Gənclər təşkilatı gərək fəaliyyətini əvəlcədən dəqiq müəyyənləşdirsin və onun müxtəlif donorları olsun. Gənclər və qeyri-hökumət təşkilatları bunun üçün biznes strukturları ilə əməkdaşlıq etməlidirlər. Maraqlı layihələrə dəstək vermək, maliyyə vəsaiti ayıraraq işin bir parçasına çevrilmək istəyən şirkətlər çoxdur.

Ceyhun ABASOV

 





26.12.2014    çap et  çap et