525.Az

Ömrün müdriklik zirvəsində: 90 yaşın işığı və qüruru


 

Ömrün müdriklik zirvəsində: 90 yaşın işığı və qüruru<b style="color:red"></b>

İstər cavan, istərsə də yaşlı olsun, hamı uzunömürlü olmaq, çox yaşamaq arzusundadır. Təbii arzudur, heç kəs qocalmaq istəməz. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə təəssüf hissi şəklində özünü göstərir. Yəqin elə buna görə də gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər. Lakin həyatını düzgün qurmağı bacaranlar üçün hər yaşın öz gözəlliyi, özünəməxsusluğu var. Cavanlıq nə qədər cazibəli, qaynar və şirindirsə, ahıllıq da bir o qədər nurlu, təmkinli və müdrikdir. Amma yetər ki, hər kəs öz yaşının, həyat mərhələsinin məlum şərtlərini anlayaraq yaşamağı bacarsın. Hər bir gənc də nə vaxtsa, illər sonra qocalığını, ahıllığını yaxşı yaşamaq səadətini dadmaq istəyər. Öz doğma evində, isti ocağında övladlarının qayğısı, diqqəti,nəvazişi, nəvə-nəticə sevgisi ilə əhatə olunmaq hər bir ağbirçəyin, ağsaqqalın ümdə arzusudur. Min bir zəhmətə qatlaşıb əziyyətlə övlad böyüdən hər bir valideyn gələcəkdə öz zəhmətinin bəhrəsini görmək diləyi, nəvə toyu görmək arzusu ilə yaşayır. Azərbaycanın ailə modelində valideynə, ağsaqqala-ağbirçəyə, ahıllara hörmət, qayğı və diqqət əsas yer tutur. Ölkəmizdə bu amillərə əsaslanan minlərlə ailələr var ki, bu gün də onlar cəmiyyətə örnəkdirlər.

Haqqında söhbət açacağım Şirinovlar ailəsi də gənc nəslə nümunə olacaq bir ailədir. Şirinovlar ailəsi bugünlərdə nəslin ağsaqqalı Məhəmməd kişinin 90 yaşını qeyd edir. Məhəmməd Şirinov 1924-cü il dekabrın 26-sı Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Biçənək kəndində anadan olub. Atası Teyyub bu kəndə Ermənistanın Sisian rayonundan köçən var-dövlətli bir bəy imiş. Atasının Biçənək kəndinə köçməyinə səbəb isə o vaxt  Ermənistan-Azərbaycan  arasında baş verən müharibə olur. Hətta Teyyub kişinin  iki qardaşı bu müharibədə şəhid düşür. Biçənəkdə yaşayan zaman özlərinə məxsus Batabatda torpaq sahəsi, meşəsi olub.  Müəyyən bir zamandan sonra Teyyub kişi bolşeviklər tərəfindən sıxışdırıldığını görür, bütün əmlakının müsadirə edilməsi səbəbindən  Bərdəyə köçmək qərarına gəlir. Balaca Məhəmməd də elə bu rayonda böyüyüb boya-başa çatır.

1939-cü ildə başlanan Böyük Vətən müharibəsinin qara buludları Məhəmməd Şirinovun ailəsinin də başı üzərini alır. Məhəmmədin atası müharibəyə yollanır və minlərlə Vətən övladının yaşadığı tale onun da nəsibi olur - müharibədən qayıtmır. Bundan sonra faktiki olaraq ailənin başçısına çevrilən Məhəmmədin üstünə ağır yük düşməsi azmış kimi, bir müddət sonra özü də müharibəyə yollanır. Müharibədə göstərdiyi şücaət və qəhrəmanlıqlara görə orden və medallarla təltif edilir, savaş bitdikdən sonra sağ-salamat, üzüağ Vətənə qayıdır.

Ağır günlər adlayandan sonra Məhəmməd kişi Səriyyə adlı gözəl bir xanımla ailə həyatı qurur. O gündən etibarən tale onun üzünə gülür və bir növ Məhəmməd üçün iş və həyat uğurları səhifəsi açılır. Məhəmməd Şirinov uşaqlarının anası Səriyyə xanımla uzun illərin həyat yolçuluğunu xoşbəxt yaşayır. Bərdədə yaşadığı zaman Məhəmməd kişi öz istedadı, bacarığı, işgüzarlığı ilə nüfuz qazanır.  1955-ci ildə işlə əlaqədar Bakıya gələn zaman özünə "ZİM" markalı maşın alır. Həmin dövrdə isə belə bir maşın almaq cəsarət tələb edirdi. Həmin vaxtdan  Qarabağda hətta demək olar ki, respublikada "Zim Mamed" adı ilə məhşurlaşıb. 1967-ci ildə isə o, öz həyat yoldaşı, 4 oğlu və 1 qızı ilə Bakıya köçür. Paytaxtda məskunlaşan ailənin həyatında yeni səhifə açılır, təzə güzərana uyğunlaşırlar.

Bu gün isə Məhəmməd Şirinov şirinli-acılı ömür yolunun 90-cı aşırımını keçməkdədir. Nəvə- nəticə sahibi olan Məhəmməd Şirinov da məsuliyyətli ailə başçısı kimi onların böyüyüb boya-başa çatmasında, ali təhsil almalarında min bir səy göstərib, çoxsaylı əziyyətlərə, zəhmətlərə qatlaşıb. Həyatın hər üzünü görmüş, hər cür keşməkeşlərdən keçmiş Məhəmməd kişi bu gün də öz nikbinliyini və hətta cavanlıq vaxtının həyat şövqünü qoruyub saxlayır. Şirinovlar ailəsinin bu gün dünyanın dörd bir yanına səpələnmiş, ən müxtəlif vəzifə və mövqelərdə və yaxşı postlarda təmsil olunan üzvləri nəslin ağsaqqalı, müdrikliyin zirvəsində qərar tutmuş Məhəmməd kişinin hər kəsə örnək olası ömür yolu ilə fəxr edirlər.

Nurlu insan, dəyərli ağsaqqal Məhəmməd Şirinovu 90 illik yubileyi münasibətilə bütün dostları, qohumları təbrik edir, ona möhkəm cansağlığı arzulayırlar və biz də, öz növbəmizdə, bu təbriklərə qoşuluruq.

Samirə QULİYEVA

 





26.12.2014    çap et  çap et