525.Az

Azərbaycanla bağlı Ukraynada nəşr edilmiş kitabların təqdimatı olub


 

Azərbaycanla bağlı Ukraynada nəşr edilmiş kitabların təqdimatı olub<b style="color:red"></b>

Dekabrın 25-də Milli Kitabxanada  Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə "Dmitro Buraqo" Nəşriyyat evi tərəfindən ukraynca çapdan çıxmış Y.Mahmudovun  "Heydər Əliyev ideyalarının zəfər yürüşü", V.Andriyanov və H.Mirələmovun  "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti",  Ramiz Mehdiyevin  "Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix", A.Denisinko, V.Turkeviç, L.Şpakovskinin  "İki dövrün lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasında" kitablarının təqdimatı olub. Təqdim edilən nəşrlər sırasında M.Qasımlı, O.Kupçik, Ə.Dəmirovun "Ukrayna - Azərbaycan siyasi münasibətləri və müasirlik" (rus dilində), İ.Həbibbəylinin "XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı" və Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "Yolumuz hayanadır?" kitabları da var.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb, sonra sözü Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevə verib. O öz çıxışında Ukraynada Azərbaycana aid Ukrayna, rus və ingilis dillərində çapdan çıxan kitabların əhəmiyyətindən danışıb, bu xeyirxah əməllərinə görə Azərbaycanın Ukraynadakı Səfirliyinə minnətdarlığını bildirib, onlara bu işlərində daha böyük uğurlar arzulayıb.

Çıxışçılar - Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli  Səfiri Eynulla Mədətli, Səməd Vurğun adına Kiyev şəhər kütləvi kitabxananın direktoru Qalina Nikolayevna Çebotaryova, Nəşriyyat evinin direktoru Dmitro Buraqo, Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli  Səfiri  cənab Aleksandr Mişenko kitabların Ukrayna xalqı, tədqiqatçıları, gənc oxucuları üçün əhəmiyyətindən danışıblar.

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, yazıçı, ssenarist, professor, millət vəkili Hüseynbala Mirələmov, millət vəkili Qənirə Paşayeva, professor, millət vəkili Musa Qasımov, Bakı Slavyan Universitetinin professoru Ramiz Novruzov, Əkrəm Qasımov kitabların ərsəyə gəlməsindən danışıblar,  kitablara verilən yüksək qiymətə görə çıxışçılara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Ukrayna, rus və ingilis dilində nəşr olunmuş digər kitablar da oxucuların diqqətinə təqdim edilib. Bunlar professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr", akademik Ramiz Mehdiyevin "Gorus-2010; absurd teatrı mövsümü", R.İvanovun "Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər", Mirzə Fətəli Axundzadə "Seçilmiş əsərləri", R.Novruzov və İ.Qasımovun "Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti"  (rus dilində), A.Merejkonun "Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq"  (rus dilində və ingilis dillərində), İ.Pavlıyin"Ukrayna-Azərbaycan, Azərbaycan-Ukrayna lüğəti", O.Kupçik, A.Dəmirovun "Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917)" kitablarıdır.

Tədbirin sonunda iştirakçılar təqdimatı keçirilən kitabların sərgisi ilə tanış olublar.

 





26.12.2014    çap et  çap et