525.Az

İnternat məktəbində bayram şənliyi


 

İnternat məktəbində bayram şənliyi<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Elmar Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.  Tədbirdə Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri və jurnalistlər iştirak ediblər.

Şənlikdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

Eyni zamanda fənn kabinetlərinə, emalatxanalara baxıb, şagirdlər üçün yaradılmış tədris və məişət şəraiti ilə yaxından tanış olublar.

İnternat məktəbinin direktoru Zeynalov Balamirzə jurnalistlərə açıqlamasında bildirib ki, "1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası  Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb təmirdən sonra yeni avadanlıqlarla təmin olunub. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitq qüsurlu olan 173 uşaq təlim-tərbiyə alır . Məktəb 9 illikdir. Nitqindəki qüsurları düzələn uşaqlar təhsillərini başqa tədris müəssisələrində davam etdirə bilirlər.

Təlim keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və "Loqopedik albom" çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.

Xatırladaq ki, müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur ".

Sonda Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub.

Vəfa MƏMMƏDLİ

 





26.12.2014    çap et  çap et