525.Az

"Postsənaye cəmiyyəti" nəzəriyyəsi: Z.Bjezinski, E.Toffler, D.Bell


 

"Postsənaye cəmiyyəti" nəzəriyyəsi: <b style="color:red">Z.Bjezinski, E.Toffler, D.Bell</b>

Məlum olduğu kimi, yaşadığımız dövr postindustrial dövr adlandırılır. Bəşəriyyətin bu dövrə nə vaxt qədəm qoyduğu bəlli deyil.

Bəzi müəlliflər ABŞ-da qulluqçuların sayının fəhlələrin sayını aşdığı 1956-cı ili, bəziləri ABŞ hökumətinin böyük iqtisadi və siyasi nəticələrə səbəb olmuş "dolların üzən məzənnəsi"ni tətbiq etdiyi 1974-cü ili, digərləri isə SSRİ-nin süquta uğradığı 1991-ci ili göstərir. Lakin bu o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, dünyada köklü dəyişikliklər baş vermiş, dünyanı radikal şəkildə dəyişdirmiş hadisələr, yəni 70-ci illərin energetika böhranı, texnoloji inqilab, informasiya-kommunikasiya inqilabı, sosializm sisteminin süqutu, dünya iqtisadiyyatının inteqrasiyası, nəhəng ekoloji qəzalar, dünyanın bütün regionlarında siyasi və iqtisadi maraqların deformasiya etməsi bəşəriyyətin yeni dövrə qədəm qoymasından xəbər verirdi.

Bəşəriyyətin ideologiyası da dəyişmişdir. Axı XVIII əsrdən, yəni Maarifçilikdən başlayaraq 200 il ərzində bütün dünyada əsas ideyanı, siyasətin hərəkətverici qüvvəsini ədalətli ictimai quruluş vasitəsilə bəşəriyyətin xilas olacağına inam təşkil edirdi. O, müxtəlif formalar alır və əvvəlcə Bismark dövrünün Almaniyasında, sonra da İngiltərə, ABŞ və digər ölkələrdə sosializm, kommunizm, faşizm və ya "ümumi rifah cəmiyyəti" ideyaları kimi müxtəlif siyasi cərəyanları yaratmışdı. Aralarındakı fərqlərə baxmayaraq, bu cərəyanları birləşdirən mükəmməl cəmiyyətin yaradılmasının mümkünlüyünə inam olmuşdur. Sözügedən cərəyanların nümayəndələri hesab edirdilər ki, kamil cəmiyyətin yaradılması ayrıca götürülmüş fərdin də kamilliyinə səbəb olacaqdır. XX əsrin əvvəllərində bu məqsədlərə nail olmanın asan olduğu zənn edilirdi. O dövrün insanlarının əksəriyyəti belə düşünürdülər ki, maddi bolluq insanların ərzaq və paltarla təmin edilməsi deməkdir. Amma getdikcə həyatın daha mürəkkəb olduğu dərk edilmişdir. Məlum olmuşdur ki, rifah artdıqca, insanların tələbatları da artır.

Bütün bunlar elmin cəmiyyətin inkişafında roluna da yenidən baxılmasına səbəb oldu. Elmi-texniki inqilab nəticəsində bilavasitə məhsuldar qüvvəyə çevrilən elm həm cəmiyyətin inkişafının, həm də onun sağ qalmasının əsas amili olur.

Postsənaye cəmiyyəti nəzəriyyəsinin baniləri haqlı olaraq Z.Bjezinski, D.Bell. E.Toffler hesab olunur. İlk dəfə cəmiyyətin yeni tipini birbaşa "informasiya" və "informasiya texnologiyaları" anlayışları ilə əlaqələndirənlər məhz bu alimlər olmuşdur.

Amerika tarixşünası və politoloqu Zbiqnev Bjezinski özünün 1970-ci ildə işıq üzü görən "İki dövr arasında: Amerikanın texnotron erada rolu" adlı əsərində inkişaf etmiş sənaye ölkələrinin, ilk növbədə ABŞ-ın industrial inkişaf mərhələsindən texnika və elektronika dövrünə, müasirliyin bir çox probemlərinin intellektual əsasları funksiyasını yerinə yetirəcək "texnotron erasına" keçid etdiyini qeyd edir. Bu səbəbdən də müəllif yeni cəmiyyəti postsənaye yox, informasiya cəmiyyəti adlandırmağı təklif edir.

D.Bell özünün 1973-cü ildə işıq üzü görmüş "Gələcək industrial cəmiyyət" adlı əsərində ictimai istehsal bölmələrindəki dəyişiklikləri, xidmətlər iqtisadiyyatının qərarlaşması, elmi biliyin məhsuldar qüvvələrin müstəqil elementi kimi formalaşması tendensiyalarını təhlil edib öz konsepsiyasını ətraflı inkişaf etdirmişdi. Müəllif göstərir ki, əsrin ortalarındakı Amerika kapitalizmi 1929-1933-cü illərin Böyük Böhranına qədərki sənaye kapitalizmindən əsaslı şəkildə fərqlənir. 1950-ci illərin kapitalizmi əsrin əvvəllərindəki klassik Amerika və Avropa kapitalizminə bənzəmir. Söhbət maddi istehsalın rolunun azalmasından, xidmət və informasiya sektorunun inkişafından, insan fəaliyyətinin keyfiyyətcə yeni xarakterindən, iqtisadiyyatda resursların dəyişməsindən gedir.

1980-ci ildə E.Tofflerin mövzu baxımdan mühüm əsərlərindən biri – "Üçüncü dalğa" əsəri işıq üzü gördü. Tofflerin fikirlərinə görə, industrial cəmiyyəti əvəz edəcək cəmiyyət tamamilə yeni xarakterli olacaqdı. "Bu, eyni zamanda, həm texniki cəhətdən inkişaf etmiş, həm də anti-industrial sivilizasiyadır... o özü ilə yeni davranış qaydalarını gətirir və bizi enerji, pul vəsaitlərinin və hakimiyyətin hüdudlarından kənara çıxarır".

Beləliklə, Qərb dünyasının sosial-iqtisadi inkişaf tendensiyalarını təhlil edən "postindustrializm", "informasiya cəmiyyəti", "texnotron cəmiyyət" və s. kimi nəzəriyyələrin müəlliflərinin ümumi rəyi bundan ibarətdir ki, postindustrial cəmiyyətdə sənaye sferası, deməli, maddi istehsal, maddi aktivlər öz üstünlüyünü itirir, onları biliklər və informasiya əvəz edir. İnformasiyanın, yeni biliklərin postindustrial cəmiyyətin əsas resursuna çevrilməsi bütövlükdə cəmiyyətin sosial və siyasi strukturunun, habelə beynəlxalq və dövlətlərarası qarşılıqlı təsirlərin dəyişməsinə səbəb olur.

Newtimes.az
Müslüm Nəzərov,
Pedaqogika üzrə fəlsəfə doktoru

 





22.12.2014    çap et  çap et