525.Az

Müharibə və onun nəticələrinə təsir edən amillər


 

Müharibə və onun nəticələrinə təsir edən amillər<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Müharibədə strategiya və taktika məsələləri         

Məşhur hərb nəzəriyyəçisi Karl fon Klauzevits klassik hərb sənətinin fundamental tədqiqat işi olan özünün “Müharibə haqqında” əsərində bu məsələlərə xeyli aydınlıq gətirərək, “strategiya adlananın başlıca başlanğıcdan ibarət olduğunu” vurğulayır.

Karl fon Klauzevits (1780-1831-ci illər) 12 yaşı olanda Prussiya ordusunun sıralarına daxil olaraq, bir neçə il qarnizon xidməti ilə məşğul olmuşdu. Bu vaxt o, öz təhsilini artırmaq üçün geniş imkan tapa bilmişdi. 1801-ci ildə Berlin Hərbi Kollecinə daxil olub, burada hərb elmini, fəlsəfəni və ədəbiyyatı öyrənmişdi, özünün təməl strategiya konsepsiyasına yiyələnmişdi. 1806-cı ildə Napoleon ordusuna qarşı Yena döyüşündə vuruşmuş, fransızlar                                                                            tərəfindən əsir götürülmüşdü. Uinston Çörçil və general Şarl de Qoll da belə taleyi yaşamışlar, Çörçil burların əsirliyindən qaça bilmiş, de Qoll isə Birinci Dünya müharibəsində vuruşarkən alman əsirliyinə düşdükdən sonra  beş dəfə qaçmağa səy göstərsə də, buna müvəffəq olmamış, sonra azad edilmişdi.

Klauzevits Prussiyaya 1808-ci ildə qayıtmış və Prussiya ordusunda aparılan islahatın təşkilatçılarının liderlərindən birinə çevrilmişdi. Napoleon 1812-ci ildə Rusiyaya yürüş edəndə, digər alman patriotları kimi o da Rusiyada hərbi xidmətə girmişdi. 1815-ci ilin iyununda Vaterloo döyüşü vaxtı isə Prussiyaya qayıtmış və mühüm vəzifələrdə xidmətini davam etdirmişdi. 1818-ci ildə isə general rütbəsində hərbi kollecin inzibati başçısı olmuşdu. Sonrakı 12 il ərzində Klauzevits istirahət vaxtını öz tarixi biliklərini artırmağa və strategiya barədə başlıca əsəri kimi “Müharibə haqqında” kitabını yazmağa sərf  etmişdi.

Böyük Fridrixin və Napoleonun təcrübələrini təhlil edərək o, ayrı-ayrı faktlarla hərbi dühaların işini təsvir edir, axı onlar müharibənin uğuruna nail olurdular. O,  Blyuxerlə vuruşdan sonra  fransız sərkərdəsi barədə demişdi : “ Napoleon müharibənin allahı olaraq qaldı”.

Klauzevits əslində heç bir strateji sistem irəli sürməmişdi. Əksinə, o, təsadüfi faktlara üstünlük verir, onlar isə dəqiq hesablamalardan və strateji problemə tənqidi yanaşmağın vacibliyindən uzaqlaşır. O, bəyan edirdi ki, strategiya üç başlıca hədəf məqsədini güdür: düşmən qüvvələri, onun resursları və döyüşmək iradəsi. Müdafiə müharibəsi həm də siyasi cəhətdən möhkəm mövqeyə malik olmağı tələb edir. Müdafiə qüvvələri arasında fikir və iradə birliyi olmadıqda, bu qarşıya qoyulan məqsədin puç olmasına səbəb olur. Franko qüvvələri İspaniyada Vətəndaş müharibəsinin ilk ilində, 1937-ci ildə bir şəhərə hücum edərkən, ona qoşulmuş general Emilio Mola döyüşçülərinə ürək-dirək verərək demişdi ki, orada bizim 5-ci kolonnamız vardır (o, şəhəri müdafiə edən respublikaçılar arasındakı satqınları nəzərdə tuturdu), ona görə də şəhərin alınması bizə olduqca asan başa gələcəkdir.

Klauzevits “Müharibə haqqında” əsərini başa çatdırdıqdan sonra Breslauya dəyişdirildi, bu vaxt Prussiya qüvvələri 1830-cu ildəki polyak inqilabını müşahidə edirdilər. Breslaudan qayıdandan sonra o, xolera xəstəliyinə tutuldu və 1831-ci ildə öldü. O, heç vaxt ordu hissələrində komandir olmamışdı, daim qərargahda xidmət etmişdi, öz qiymətli məsləhətləri ilə seçilirdi. Əsərində igidliyi vacib sayan müəllif həm də öz şəxsi nümunəsi ilə bu mülahizəsini təsdiq etməli idi. “Müharibə haqqında” əsərində o, öz dövrünün müasir strategiya konsepsiyasına dərin təsir göstərdi. O, müharibənin özlüyündə başa çatdığını inkar edərək yazırdı ki, “Müharibə müxtəlif mənaların qarışığı ilə siyasi münasibətin davamından başqa bir şey deyildir”.

Lakin alman hərbi planlaşması onun nəzəriyyəsinə artan dərəcədə məhəl qoymamaqla, siyasi niyyətdən məhrum olurdu. Bir çox Avropa dövlətlərində isə onun nəzəriyyəsinə  geniş maraq göstərilirdi. Marks və Engels Klauzevitsin əsərini müzakirə edirdilər, Lenin isə İsveçrədə mühacirətdə olanda onun siyasi təlimlərini öyrənirdi və müharibənin başqa vasitələrlə siyasətin davamı olması fikrini yüksək qiymətləndirirdi.

XX əsrin ortalarından yeni tipli silahlar sistemi meydana gəldiyindən, Klauzevitsin strategiya konsepsiyasının əhəmiyyəti müstəsna olaraq quruda aparılan müharibəyə aid olmaqla tənəzzülə uğradı, baxmayaraq ki, onun təməl ideyaları həmişəki kimi yararlı olaraq qalır.

O göstərir ki, müharibəyə xas olan xüsusiyyət onun təkbaşına mübarizə olmasıdır. Klauzevits bu fikrini I Dünya müharibəsindən az qala bir əsr əvvəl ifadə etsə də, bəzi tarixçilərin I Dünya müharibəsi adlandırdığı Yeddiillik müharibənin (1756-1763-cü illər) təcrübəsini nəzərə almalı idi. Axı həmin müharibədə doqquz dövlət – bir tərəfdən Avstriya, Fransa, Rusiya, İspaniya, Saksoniya, İsveç, digər tərəfdən isə Prussiya, Böyük Britaniya (Hannover ilə birlikdə) və Portuqaliya iştirak edirdi. Bu heç də təkbaşına mübarizə və ya müharibə deyildi, vuruşan tərəflərə çox sayda mənafelər hakim kəsilmişdi. Həmin ziddiyyətlərin kəskinləşməsinə səbəb müstəmləkələr uğrunda ingilis-fransız mübarizəsi və Prussiyanın təcavüzkar siyasətinin Avstriya, Fransa və Rusiya maraqları ilə toqquşması idi. 1761-ci ildə döyüşlərdə Prussiya fəlakət vəziyyətində idi, bu vaxt yeni rus çarı, alman hərbi ənənələrinin pərəstişkarı olan III Pyotr Rusiyanın mənafelərinin əksinə Prussiya ilə sülh bağladı və 1762-ci ildə onunla ittifaqa girdi. Bu həm də Rusiyanın öz müttəfiqlərinə qarşı xəyanəti idi. Müharibənin hansının dünya müharibəsi adlanması isə mahiyyətindən daha çox ona bəslənilən münasibətdən asılı olur. İngiltərədə Birinci Dünya müharibəsi sadəcə olaraq  “Böyük müharibə “ hesab olunurdu, yalnız İkinci Dünya müharibəsindən sonra burada da hamı tərəfindən qəbul olunmuş adla adlanmağa başladı.

Bu vaxt müstəmləkələrdə və dənizdə kəskin mübarizə gedirdi. 1763-cü ildə Prussiya Avstriya və Saksoniya ilə bağladığı sülh müqaviləsinə görə Sileziyanı özündə saxladı. 1763-cü il Paris sülh müqaviləsinə görə isə Fransadan Kanada, Şərqi Luiziana, həmçinin Hindistandakı fransız müstəmləkə ərazilərinin böyük hissəsi Böyük Britaniyaya keçdi. Yeddiillik müharibənin başlıca yekunu müstəmləkə uğrunda və həmçinin ticarətdəki birincilik üstündə mübarizədə Böyük Britaniyanın Fransa üzərində qələbəsi idi.

Doğrudan da, I Dünya müharibəsi sayılmalı olan Yeddiillik müharibə dünyanın xəritəsində çox iri dəyişikliklər etdi. Britaniya əlavə müstəmləkələr əldə etdiyinə sevinc hissi keçirdiyindən 13 il sonra Şimali Amerikadakı özünün böyük müstəmləkəsi olan  13 koloniya azadlıq mübarizəsinə, əsl inqilaba qalxıb, müstəqilliklərini elan etməklə, yeni Amerika Birləşmiş Ştatları dövlətini yaratmağa başladı. ABŞ getdikcə böyüyəcək, materikin xeyli hissəsini və bəzi adaları tutacaq və XX əsrin ikinci yarısında fövqəldövlətə çevriləcəkdi.

Müharibə zor akt olub, onun başlayanın öz iradəsini yerinə yetirməyə əleyhdarlarını məcbur etmək məqsədini güdür. Özü də bu hərəkət müəyyən zaman ərzində davamı olmayan  təkcə bir zərbədən ibarət deyildir. Şəraitə lazımınca nüfuz etməmək, onu öyrənməmək də ciddi çətinliklərə gətirib çıxara bilər.

Klauzevits hərbi dühalara, Böyük  Aleksandra, Hannibala, Sezara, Napoleona xüsusi əhəmiyyət verir. Nəzəriyyəçi müharibədə rast gəlinən təhlükələrə də diqqət yetirir.

Əsərdə ordunun təchizatı məsələsi xüsusi yer tutur. Təchizat, logistika hətta qədim dövrlərdəki dahi sərkərdələr üçün ən vacib problemlərdən biri sayılırdı.  Axı logistika müharibənin qan damarı hesab olunur. Hətta 50 minlik ya 100 minlik ordunu ərzaqla təmin etməyin özü də olduqca mürəkkəb bir məsələdir. Makedoniyalı Aleksandr Persiyadan Orta Asiyaya keçmək üçün Xəzər dənizinin cənubunu, ərzağı və ayaqaltı otu bol olan Hirkaniya vadisini seçdi. Bu onun yürüşünün uğurlu olmasında heç də az rol oynamadı. Napoleon və Hitler isə bu mühüm cəhəti Rusiyaya yürüş vaxtı yaddan çıxartdıqlarına görə ağır məğlubiyyətlərlə üzləşməli oldular. Axı ac ordu vuruşmağa qadir deyildir. Napoleon öz ölkəsindən çox uzaqlara gəlib çıxanda əslində Hannibalın İtaliya ərazisindəki səhvini təkrar etdi. Hannibal Karfagendən əlavə canlı qüvvə və digər maddi kömək xahiş etsə də, onları istənilən həcmdə ala bilmirdi. Roma ordusu isə Kannda ağır məğlubiyyətə düçar olsa da, öz ərazisində olduğundan, başqa sözlə “yeni qanla” təmin olunmaqda hansısa çətinlik çəkmirdi.

Napoleon ordusu Rusiya ərazisi ilə geri çəkildikdə təkcə şaxtadan, soyuqdan deyil, həm də ərzaq qıtlığından əziyyət çəkirdi. Ruslar “yanmış torpaq” metodunu həyata keçirərək, fransızların ərzaq əldə etmək cəhdlərini puça çıxarırdı. Vaxtilə, böyük sərkərdə Səlahəddin də III Səlib yürüşünə belə “qonaqpərvərlik” göstərməklə, səlibçiləri ağır məhrumiyyətlərə düçar etmişdi. Napoleonun əsgərləri ölən atların ətini yeyirdilər.

Hitler isə strateji şəhər hesab etdiyi Stalinqradı işğal etmək vəzifəsini irəli sürsə də (bu, ona Volqa çayı ilə cənubdan, Bakıdan neft daşınmasının qarşısını kəsməyə, Sovet ordusunu motorlar müharibəsində yanacaq aclığına məhkum etməyə xidmət edəcəkdi, axı həm də bu şəhər Stalinin adını daşıyırdı), əslində öz ordusunu ərzaq qıtlığına, aclığa sövq etmişdi. Ordunun çox böyük məsafədə uzaqlaşması hesabına silah, sursat, hərbi texnika təchizatında da ciddi çətinliklər meydana gəlmişdi. Ordunun hərtərəfli təminatı isə onun döyüş qabiliyyətini saxlamaq üçün ən vacib məsələlərdən biridir. Bu əməliyyat əslində hərb tarixində tam avantyura xarakterli bir cəhd hesab oluna bilərdi. Ona görə də 1942-ci ilin sonundakı qışda ordu sərt şaxta ilə yanaşı, aclıqdan da əziyyət çəkirdi. Bu vaxt Almaniyanın hərbi aviasiyasına başçılıq edən German Gerinq Hitlerə söz verdi ki, Stalinqrad cəbhəsindəki ordunu hava yolu ilə ərzaqla bütünlüklə təmin edəcəkdir. Təyyarələrdən az miqdarda ərzaq atılsa da, bu vəziyyəti dəyişə bilmədi. Aclıqdan və soyuqdan əziyyət çəkən 300 min nəfərlik alman ordusu Sovet qoşunlarının mühasirəsindən çıxa bilmədi və onların əksəriyyəti məhv edildi. Beləliklə, Hitler ordusu 2 fevral 1943-cü ildə Stalinqradda ağır məğlubiyyətə uğradı, feldmarşal Paulyus başda olmaqla 91 min nəfər alman əsgəri və zabiti əsir götürüldü. Bu məğlubiyyətdə digər faktorlarla yanaşı, logistikaya diqqət verilməməsi də öz məkrli işini gördü.

Müharibədə mənəvi amil ölçüsü, düşmənçilik hissi, igidlik, təhlükənin təsir gücü mühüm əhəmiyyətə malikdir. Böyük döyüş təkcə fiziki deyil, həm də mənəvi gərginlik tələb edir. Ordu təkcə sayı ilə deyil, ən başlıcası mənəvi gücü, yüksək ruhu ilə, bütün çətinliklərə, məhrumiyyətlərə rəğmən qələbəyə sarsılmaz inamı ilə seçilməlidir.

Müharibədə döyüş gedən yerin şəraiti də az əhəmiyyət daşımır. Bu yer əvvəlcədən yaxşı öyrənilməlidir. Hər şey döyüşün baş tutduğu müharibə teatrında öz həllini tapır. Hərbi fəaliyyətin döyüş yeri üç qaydada təsir edir: onu ələ keçirməyin qarşısını alan maneələr şəklində, müşahidə aparmağa maneələr şəklində və atəşdən gizlənmək şəklində. Sovet ordusu 1939-1940-cı illərin qışında Finlandiya ərazisinə girməklə müharibə aparırdı. Vuruşmada fin qüvvələri Qızıl ordu hissələrinə gözləmədikləri güclü müqavimət göstərirdilər. Sovet əsgərləri meşələrdəki qalın qarda çətin hərəkət edir, ağacların budaqlarında gizlənmiş snayperlərin atəşindən ağır itkilərə məruz qalırdılar. Ona görə də kampaniya Sovet ordusu üçün olduqca ağır gedirdi. Cəbhədəki finlərin “Mannerheym xətti”ni yalnız müharibənin son aylarında keçmək mümkün oldu və 1940-cı ilin martında bağlanan müqaviləyə görə, Finlandiyanın cənubdakı bəzi əraziləri – Kareliya SSRİ-yə keçdi 

Klauzevits havanın da döyüşə böyük təsir göstərdiyini qeyd edir. Əksər hallarda dumanın məlum rol oynadığını vurğulayır. Yəqin ki, o, yalnız Avropada gedən müharibələrdə iqlim dəyişikliklərinin təsirini nəzərə almışdı. Lakin soyuq iqlimli ərazilərdə sərt şaxta və qarın, həmçinin səhranın qızmar istisinin, tropik ərazilərin rütubətli və isti havasının ordunun fiziki və mənəvi gücünə göstərdiyi mənfi təsir ona görə də müəllifin diqqətindən kənarda qalır.

Strategiyanın əsas vasitəsi qələbə, başqa sözlə, faktiki müvəffəqiyyət hesab olunur. Strateji vasitələrin tətbiqinə çox sayda şəraitlər öz təsirini göstərir. Hərbi biliklərə yiyələnmək vacibdirsə, bu biliklər hökmən bacarığa çevrilməlidir və belə bir cəhət heç də biliklərə yiyələnməkdən az əhəmiyyət daşımır.

(Ardı var)

 





22.12.2014    çap et  çap et