525.Az

Jurnalistikamızın patriarxı


 

Jurnalistikamızın patriarxı<b style="color:red"></b>

Şirməmməd müəllimi cavanlıqdan tanıyıram, təbii ki, onun yox, mənim cavanlığımdan. Aramızda müəyyən yaş fərqi var. Onunla əziz dostum Araz Dadaşzadənin vasitəsiylə tanış olmuşduq. Şirməmmədin Arazın anası Zümrüd xanıma qohumluğu çatır və arabir Məmməd Arif müəllimgilin evlərində görüşərdik. Elə cavan yaşlarından zəngin həyat təcrübəsinə malik olan Şirməmmədin duzlu-məzəli söhbətlərinə Arazla birlikdə məmnuniyyətlə qulaq asardıq.

Universitetdə oxuduğum illərdə Şirməmməd mənə böyük yaxşılıq elədi. Hərbi kafedranın müəllimlərindən olan Ambaryan adlı birisi mənimlə yaman düşnüşmüşdü. Dərslərinə nə qədər ciddi hazırlaşsam da, bir bəhanə tapıb qiymət vermək istəmirdi. O vaxtlar doğrusu bunun səbəbini başa düşmürdüm, indi dərk edirəm ki, yəqin bu Ambaryan aliməzə qarşı erməni düşmənçiliyindən hali imiş. Bu səbəbdən mənə də belə münasibət bəsləyirmiş.

Bir dəfə Şirməmmədin yanında bu barədə söhbət açılanda bəs mənə niyə deməmisən? –dedi – Ambaryanın da mənə işi düşüb, şərt qoyaram ki, səndən əl çəksin, onda mən də onun xahişini yerinə yetirərəm. Belə də oldu.

Əlbəttə bu sırf şəxsi, amma unudulmayan xatirədir. Şirməmməd müəllimə mən ilk növbədə jurnalistikamızın patriarxı kimi, bu çətin və şərəfli peşənin neçə-neçə dəyərli nümayəndəsini yetişdirdiyi üçün minnətdaram. Doğrudur hərdən tələbələri arasında lax çıxanları da olur, amma bu daha Şirməmmədin günahı deyil.

Şirməmməd Hüseynov əsl vətənpərvərdir və vətənpərvərliyi sözdə yox, əməli işdə meydana çıxır. Elmi fəaliyyətinin mühüm sahəsi böyük Məmməd Əmin Rəsulzadənin irsini nəşrə hazırlaması, “525-ci qəzet”in səhifələrində, ayrıca kitablar kimi yeni nəsillərə çatdırmasıdır.

Bu ağsaqqal sinnində də görkəmli ziyalımız Şirməmməd Hüseynovu enerjili, gümrah, işə həmişəki kimi həvəsli görmək məni çox sevindirir.

Dostluğumuzun, ünsiyyətimizin uzun tarixçəsi olan əziz Şirməmmədə hələ çox-çox illər belə səmərəli fəaliyyət yorulmazlığı arzulayıram.

21 noyabr 2014

 





22.12.2014    çap et  çap et