525.Az

Azərbaycanda turizm: ilin yekunları


 

Azərbaycanda turizm: <b style="color:red">ilin yekunları</b>

“Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq layihəsi Azərbaycana nə qazandırdı?

Bu il Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığının uğurlarından biri də İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə həyata keçirilən “Ümumi Mədəni İrs Şəhərləri” adlı beynəlxalq arxeoloji turizm layihəsi oldu. Üzv ölkələr tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış bu layihə 6 ay müddəti əhatə edən bir neçə mərhələdən müvəffəqiyyətlə keçərək Komitənin qrant vəsaitinə layiq görülən 7 layihədən biri, o cümlədən yeganə turizm layihəsidir.

Layihənin məqsədi 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) arxeoloji turizm potensialının araşdırılması, arxeoloji qazıntı ərazilərinin turizm nöqteyi-nəzərindən imkanlarının öyrənilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Layihə çərçivəsində bu ölkələrdə türk-islam mədəniyyətinin müxtəlif dövrlərinə məxsus izlər daşıyan 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin islam mədəniyyəti və tarixi irsi, həmçinin turizm potensialı, davam edən arxeoloji tədqiqat əraziləri üzrə araşdırma və təhlillər aparılmış, daha sonra birgə beynəlxalq arxeoloji turizm məhsulunun yaradılması məqsədilə iştirakçı ölkələrin ekspertləri, turizm sənayesi nümayəndələri, dövlət və digər aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə Azərbaycanda 16-18 sentyabr tarixlərində 3 günlük beynəlxalq seminar təşkil olunmuşdur. Layihənin yekunu olaraq, layihə dövründə əldə edilmiş nəticələri əks etdirən yekun hesabat hazırlanıb.

Layihədən əldə edilmiş əsas nəticə yeni yaradılmış turizm məhsulu olub. Belə ki, layihə çərçivəsində ilk növbədə bütün marşrutu, yəni 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə 23 günlük bir tur-proqram hazırlanmışdır ki, bu əsasən uzunmüddətli və daha aktiv turizmi seçən turistləri hədəf alır, arxeoloji qazıntı sahələri və digər tarixi abidələrlə tanışlıq məqsədi daşıyır. Turistlər eyni zamanda bu tur-proqram çərçivəsində bütün iştirakçı ölkələr deyil, istədikləri ölkələr üzrə seçim də edə bilərlər.

Təklif olunan ikinci marşrut isə arxeoloji turizmin əsl məqsədini özündə əks etdirir, belə ki, hər ölkədən bir şəhər seçilməklə bu şəhərlərdə davam edən arxeoloji qazıntılarda turistlərin aktiv şəkildə iştirakı təmin edilir.

Layihənin davamı olaraq, yeni yaradılmış turizm məhsulunun təbliğatı məqsədilə yeni layihələrin işlənib hazırlanması nəzərdə tutulur. Bu layihənin inkişaf etdirilməsi tarixi-mədəni türk-islam irsinin təbliği ilə yanaşı, eyni zamanda iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə xidmət edəcək.

Daxili turizmin təbliği bu sahədə uğurlu nəticələrə yol açır

Turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, ölkəmizdə turizmin müasir tələblərə uyğun şəkildə təşkili, xidmət keyfiyyətinin artırılması, regionda eləcə də dünyada Azərbaycanın turizm məhsulunun rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində məsuliyyətli bir qurum kimi Mədəniyyət və Turizm Nazirliyi davamlı olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.

Aparılmış məqsədyönlü siyasət nəticəsində Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin təbiəti vətarixi-mədəni irsi, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat və digər  infrastrukturun yaradılması xarici turistlərin, eləcə dəyerli turistlərin ölkəmizə marağını artırıb.

Həyata keçirilən quruculuq siyasətinin davamı olaraq dövr ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daxili turizmin təbliği və təşviqi,eləcə də ölkə əhalisinin turizmə marağının artırılması, onlara turizm vərdişlərinin aşılanması, gənc nəslin bölgələrimizi daha yaxşı tanıması və vətənpərvərlik ruhunda böyüməsi məqsədilə müxtəlif istiqamətlərdə işlər görülüb.

Bu cür tədbirlərdən biri kimi 2014-cü ilin avqust-sentyabr və noyabr aylarında ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdlərinin maarifləndirilməsi üçün həyata keçirilmiş “Ölkəmizi tanıyaq” turlarını xüsusi olaraq qeyd etmək istərdik.

Turlarda Respublikamızın 65 şəhər və rayonlarından ümumilikdə 3 040 şagird iştirak edib. Bu layihə ölkə ictimaiyyəti, xüsusilə də şagirdlər arasında böyük marağa səbəb olub. Keçirilən bu turlar ölkəmizin tarixi keçmişinin, müxtəlif bölgələrin təbiətini, adət və ənənələrinin əyani şəkildə öyrənilməsinə, gənc nəsillin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, eləcə də onlarda səyahət və turizm vərdişlərinin aşılanmasına öz müsbət töhfələrini verib.

Daxili turizmin dəstəklənməsi və təbliğ edilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə 2014-cü ilin 15 noyabr tarixində Bakı şəhərində yerləşən “Park Bulvar” ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ilk dəfə olaraq birinci “Mövsüm Səyahət Yarmarkası” təşkil olunub.

Yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana öz xidmət və məhsullarını təklif ediblər. Tədbir zamanı turizm sənayesi nümayəndələri təxminən 5 000 nəfərə öz xidmət və məhsulları barədə məlumat veriblər.

Bölgələrdə yeni mədəni və digər tematik marşrutların yaradılması və təbliği istiqamətində aparılan işlərin davamı olaraq Azərbaycanın Qərb bölgəsində məskunlaşmış almanların qoyduğu izləri “Azərbaycanda alman yaşayış məskənləri”, eləcə də “Qədim Qafqaz Albaniyasının tarixi izləri” mədəni turizm marşrutları vasitəsilə təşviq etmək, Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun mövcud turizm potensialını tanıtmaq məqsədilə cari ilin 10-12 oktyabr tarixlərində “Azərbaycanda Alman məskənləri” və “Qədim Qafqaz Albaniyasının tarixi izləri” adlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bölgəyə infotur keçirilib.

2014-cü ilin 20-21 may tarixlərində Azərbaycanda akkreditasiyadan keçmiş 28 ölkənin diplomatik nümayəndələrini Şimal (Quba-Qusar) marşrutu üzrə, həmçinin, 4-5 noyabr tarixlərində isə 27 ölkənin diplomatik nümayəndələrini Şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutu üzrə ölkəmizin zəngin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanış etmək məqsədilə infotur keçirilib. Səfirlər və onların ailə üzvləri səfərlərə böyük maraq göstərib.

 





20.12.2014    çap et  çap et