525.Az

“Məqsədimiz Azərbaycan elminin beynəlxalq platformadan çıxış etməsinə nail olmaqdır”


 

“Məqsədimiz Azərbaycan elminin beynəlxalq platformadan çıxış etməsinə nail olmaqdır”<b style="color:red"></b>

2013-cü il Azərbaycan elminin tarixində mühüm bir sənədin imzalanması ilə yadda qaldı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,  AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair anlaşma memorandumu imzalandı.  2013-cü ilin yay ayında Universitetin Bakı filialının rektoru,  professor Nərgiz Paşayevanın  britaniyalı alimlərlə görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqqda demək olar, heç bir məlumat, araşdırma, tədris vəsaitləri, fənnlər yoxdur. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir. MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif etdi ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, elmi fəaliyyət göstərsin və gələcək nəsillər bundan istifadə edə bilsinlər. N.Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının verilməsini təklif etdi. Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulasalar da, professor Nərgiz Paşayeva Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyünü bildirdi: “Mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən böyük düha, bəşəri bir sima görürəm. Razılığa gəlsək işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, bəlkə Mərkəzə Füzulinin adı verilsin. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, belə yüksək müstəvidə elmi mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun”.

Qeyd edək ki, qədim tarixi və zəngin ənənələri ilə məşhur olan Oksford Universiteti Böyük Britaniyanın Oksfordşir qraflığında yerləşir. Universitet barədə ilk yazılı məlumatlar 11-ci əsrə – 1096-cı ilə aiddir.  Oksford təkcə universitet deyil həm də böyük bir elmi tədqiqat mərkəzidir. Böyük Britaniyanın ən böyük elmi kitabxanası burada  yerləşir. Böyük Britaniyanın 26 baş naziri, 30 beynəlxalq lider, 50 Nobel, 120 olimpiya medalı mükafatçısı  məhz Oksford Universitetini bitirib. Hal-hazırda Universitetdə 22 minə yaxın tələbə təhsil alır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayevanın  ötən il oktyabrın 28-də  dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinə səfər edir.  Professor N.Paşayeva Universitetin Şərqünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi seminarda məruzə ilə çıxış edir.  Çıxış  böyük maraqla qarşılanır və geniş fikir mübadiləsinə səbəb olur.  Seminarda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, habelə həmin fakültənin Ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, Fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik Ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland, Şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və Türk dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon, eləcə də Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn muzeyində Yaxın Şərq və İslam əlyazmalarının kuratoru  doktor Alastar Vatson iştirak edirlər.

Bu tədbirə professor  Nərgiz Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, BDU-nun İlahiyyət fakültəsinin dekanı Vasim Məmmədəliyev də qatılır.  Professor Paşayeva alimlərin suallarını cavablandıraraq çıxışını belə yekunlaşdırır: “Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri Nizami Gəncəvidir”.

Qeyd edək ki, Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford Universitetinin nəzdində Azərbaycanın təsis olunacağı ilk elmi-tədqiqat ocağıdır. Nizami Gəncəvinin adını daşıyan bu elmi mərkəz, Azərbaycanın ədəbi, elmi, tarixi irsinə və mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrin, müxtəlif mədəni və ictimai tədbirlərin, müntəzəm sürətdə ictimai elmi mühazirələrin və müzakirələrin aparılmasını və digər tədbirlərin həyata keçirilməsini məqsəd olaraq qarşısına qoyur. Mərkəz Oksford Universitetində Azərbaycandan və həmçinin digər ölkələrdən müxtəlif ixtisas sahələri üzrə tələbə və akademik proqramlarını həyata keçirməyi də nəzərdə tutur.

Anlaşma memorandumunun imzalanmasının ardınca Oksford Universitetinin rəhbərliyi adından qonağın şərəfinə universitetinin qədim Krist Çörç kollecində görüş  təşkil edilir.  İşgüzar səfər zamanı Oksford Universitetin təhsil imkanları və burada həyata keçirilən təlim-tədris prosesi ilə tanış olan professor Nərgiz  Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoylandın müşayiəti ilə dünyanın qədim və ən nüfuzlu universitetləri sırasına daxil olan bu təhsil ocağının nəzdində fəaliyyət göstərən məşhur Aşmolean muzeyində onun üçün təşkil edilmiş İslam və Qədim Yaxın Şərq zallarına baxış keçirir.  Sonra qonaq Oksford Universiteti və dünyanın ən qədim və zəngin kitabxanalarından hesab olunan məşhur Bodleyn kitabxanasını ziyarət edərək, Orta Əsrlər dövrünə aid burada saxlanılan bir sıra dünya, xüsusilə Şərq klassiklərinin, o cümlədən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmaları və onlara aid illüstrasiyalarla tanış olur. Bu məqsədlə Oksford Universitetinin rəhbərliyinin təşəbbüsü ilə muzeydə qonaq üçün xüsusi ayrılmış Hersoq Hemfri zalında Nizami Gəncəvinin əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin “Xəmsə”sinə aid müxtəlif illüstrasiyalar nümayiş etdirilir. Ardınca Oksford Universitetinin adından professor Nərgiz Paşayevaya XVI-cı əsrə aid Nizami Gəncəvinin  “Xəmsə”sinin əlyazmasının elektron surəti hədiyyə olunur. Öz növbəsində Nərgiz Paşayeva  kitabxanaya Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə edir. Daha sonra Bakıda 2013-cü ilin noyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi” mövzusunda dəyirmi masa keçirilir. Tədbirdə Baş nazirin müavini, Xalq yazıçisi Elçin Əfəndiyev, AMEA-nın tanınmış alimləri, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Həmin tədbirdə çıxış edən Nərgiz Paşayeva qonaqların diqqətinə çatdırır ki, belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri Sovet dövründə beynəlxalq aləmdə özünü yetərincə anlatmayan, biruzə verməyən və sübut etməyən Azərbaycanın elmini tanıtmaqdır: “Bu boşluğun obyektiv səbəbləri o idi ki, Sovet dönəmində heç bir ictimai – humanitar elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idilər və elmi kitablar, əsərlər rus dilindən savayı heç bir Avropa dillərinə yüksək səviyyədə tərcümə edilməmişdir”.

N.Paşayeva qeyd edir ki, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının dəyərli əsərləri var: “Bu əsərlər Oksford Universitetində tədris edilən kitablardan – almanların, ingilislərin, fransızların yazdıqları kitablardan elmi tutumuna görə az əhəmiyyətli deyildir”.

Bu il iyul ayının 21-də professor N.Paşayevanın  dəvəti ilə Oksford Universitetinin alimləri Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland, Şərqşünaslıq İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi doktor Culyan Foltles ilə  Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olurlar. Universitetdə keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov,  digər tanınmış  elm, ictimai-siyasi, mədəniyyət xadimləri iştirak edirlər. Səfər çərçivəsində Oksford Universitetinin alimləri Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev ilə görüşürlər.

Baş nazirin müavini dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət adlandırır. Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyir.

Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin olacağına inandığını qeyd edir.

Uğurlu əməkdaşlığın davamı olaraq professor Nərgiz Paşayeva bu il dekabrın 4-də Oksford Universitetinin dəvəti ilə Böyük Britaniyaya səfər edərək burada Oksford Universitetinin nüfuzlu alimləri ilə görüşlər keçirib. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru,  Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, Robert Hoyland ilə görüşü zamanı mərkəzin fəaliyyətindən, qarşıda görüləcək işlərdən, eləcə də qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edib. Görüşə qatılan Saint Cross kollecinin rəhbəri, 10 il Albert və Viktoriya muzeyinin direktoru vəzifəsində çalışmış ser Mark Cons professor Nərgiz Paşayevayanı salamlayaraq mərkəzin işində uğurlar arzulayıb.

Oksford Universitetinin Saint Cross kollecində keçirilən görüşlər zamanı hər iki alim – Britaniya tərəfdən Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Robert Hoyland və Azərbaycan tərəfdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,  AMEA-nın müxbir üzvü, Professor Nərgiz Paşayeva jurnalistlərə müsahibə veriblər.

AzərTac müsahibələri təqdim edir.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu York-Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland ilə müsahibə:

– Mümkünsə, Oxford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq proqramı ilə bağlı təşəbbüsün haradan və necə meydana gəlməsi barədə danışardınız.

– 2013-cü ildə arxeololoji yerlərə baxmaq məqsədilə Azərbaycana getmişdim və orada məni professor Nərgiz Paşayevə ilə tanış etdilər.  Onunla görüş zamanı geniş müzakirə və fikir mübadiləsi apardıq və belə bir qənaətə gəldik ki, bizi ümumu maraqlar xüsusilə təhsil və onun müsbət təsiri birləşdirir və bu müasir dünyada bir çox məsələlərin həllində insanlara yardım edir.

Nəticədə öz fikirlərimizi konkret olaraq necə və hansı formada həyata keçirə biləcəyimizi düşündük. Beləliklə, Azərbaycanın və geniş mənada Cənubi Qafqaz bölgəsinin tarixi boyunca ətraf dünya ilə əlaqə və münasibətlərini öyrənib tədqiq etməyi qarşısına məqsəd qoyan tədqiqat mərkəzinin yaradılması təşəbbüsü belə meydana gəldi.

Şeyx Zayed bir vaxtlar deyib ki, keçmişi olmayan hər hansı bir şəxs özünün nə indiki, nə də gələcək halından düzgün bəhrələnə bilməz və bu özü-özlüyündə gözəl və ruhlandırıcı bir kəlamdır. Beləliklə, biz Mərkəzin yaradılması işinə başladıq və bu insanları, xüsusilə Oksford Universiteti və Azərbaycan tərəfdən alim və tələbələri bir araya gətirməklə yanaşı birgə tədqiqat işinin həyata keçirilməsini və bu bölgənin tarixinin öyrənilməsini təmin edəcəkdir.

– Sizcə bu proqramın Oksford Universiteti və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

– Oksford Universitetində əslində Qafqaz bölgəsinin müasir dövrə qədərki çağları lazımi dərəcədə öyrənilib tədqiq edilmir. Müasir dövrün tədqiqinə isə geniş yer ayrılır və bu tədqiqatlar əsasən hazırda mövcud olan fikir ayrılıqlarının, mübarizələrin və problemlərin öyrənilməsinə yönəlmişdir. Bunu nəzərə alaraq, Oksford Universitetinin əvvəllər öyrənib tədqiq etmədiyi müasir dövrə qədərki məsələlərin araşdırılmasına çox vaxt ayırmaq fikrindəyik. Bu baxımdan İran və Orta Şərq öyrənilmişdir, lakin Cənubi Qafqaz əhatə edilməmişdir. Bu müəyyən mənada Oksford tərəfindən mövcud boşluğu tamamlamaq məqsədi daşıyır. Bu, həmçinin Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda mənim apardığım tədqiqatları yetərincə tamamlaya bilər. Bu İnstitutda biz iranşünaslıq, ərəbşünaslıq və türkşünaslığı öyrənirik, lakin Cənubi Qafqazla və xüsusilə Azərbaycan ilə bağlı öyrənilməmiş məsələlər çoxdur.  Bu baxımdan artıq dediyim kimi, bu həm mövcud boşluğu tamamlaya, həm də inkişaf edən və dünya əhəmiyyətli hadisələrin baş verdiyi və günü-gündən əhəmiyyəti artan bölgə və sivilizasiya ilə münasibətlərimizin genişlənməsinə gətirib çıxara bilər.

– Son olaraq bilmək istərdik ki, proqram vasitəsilə hansı layihələr həyata keçiriləcək və növbəti beş il üçün planlarınız nədən ibarətdir?

– İlkin mərhələdə biz üç kiçik layihə ilə işə başlamağı planlaşdırırıq. İlk öncə Bərdə şəhərində arxeoloji tədqiqat və qazıntılar aparmağı düşünürük.  Biz ona görə bu yeri seçmişik ki, mənbələrdə bu şəhər milad tarixi ilə yeni minilliyin ilkin dövrlərində mövcud olan və xristian dininə sitayiş edən Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Sonrakı dövrlərdə müsəlman ərəblər Cənubi Qafqazda buranı istehkam kimi istifadə etmişdir. Beləliklə bu yer mədəni cəhətdən müxtəlif olmuş və əslində bizim məqsədimiz də Azərbaycanın kifayət qədər zəngin və rəngarəng tarixini üzə çıxarmaqdan ibarətdir. Bu baxımdan bu yer ilk baxışdan məni özünə cəlb etdi.

İkincisi, biz Azərbaycan tarixinə aid rus və azərbaycan dilində olan əsərlərin üzə çıxarılaraq seçilməsini və nəticə etibarilə  ingilis dilinə çevrilməsini həyata keçirəcəyik. Çevrilmiş əsərləri mərkəzimizin internet səhifəmizə yerləşdirməklə dünyanın istənilən yerindən onların təmənnasız əldə edilməsini təmin edəcəyik.

Üçüncüsü, Azərbaycan tarixinin müxtəlif aspektlərini öyrənilməsini və onun müasir dövrə qədərki çağlarda ətraf aləmlə münasibətlərini öyrənməyi təmin edən tələbə  təqaüdlərinin verilməsini nəzərdə tuturuq.

Bizim gələcəyə doğru yönəlmiş çoxlu ideyalarımız var. Artıq qeyd etdiyim kimi, hər bir ölkədən alim və tələbələrin iştirakı ilə birgə tədqiqatların aparılması, habelə hər bir ölkənin tədris müəssisələrində tədrisin həyata keçirilməsini qeyd etmək olar. Bundan əlavə, müvafiq sahələr üzrə alimlik dərəcəsi olan tədqiqatçıların spesifik post-doktorantura layihələrinə cəlb olunması ilə Azərbaycanın müasir dövrə qədərki tarixinə aid müxtəlif aspektlərin araşdırılıb ərsəyə gətirilməsi də yaxşı olardı. Beləliklə, gələcək üçün çoxlu ideyalarmız var, lakin başlanğıc üçün nəzərdə tutduqlarımız yetərlidir.  

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,  AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə müsahibə: 

– Mərkəzin gördüyü işlər, indiyəqədərki fəaliyyəti və gələcək planları haqqında danışmağınız maraqlı olardı.

– Mərkəzin yaradılmasına dair elmi layihəmiz  böyük iddialara köklənən bir layihədir. Çünki Oksford Universiteti ilə əməkdaslığın nə demək olduğu hər kəsə yaxşı aydındır. İlk olaraq bu böyük məsuliyyətlə bərabər professionallıq, elmi təmkin, elmi qaydalara uyğun prosesin davamlı təşkilini tələb edir. Biz Oksford Universitetinin alimləri ilə bərabər bir il müddətində mərkəz haqqında fikir mübadiləsi aparmışıq. Bu müddət ərzində bir neçə görüşlərimiz olub. Mənim oktyabrın  28-də Oksford Universitetinə səfərim zamanı məramnamə imzaladıq,  bundan sonra hazırlıq prosesi başladı. Bunun nəticəsi olaraq biz 2015- 2020-ci illəri əhatə edən tədris və elmi proqramı hazılrayıb ortaya qoymuşuq.  Bu Oksford Universitetinin Şərqşünaslıq İnstitutu  tərəfindən bəyənilib, qəbul edilib. Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını, nəhayət ki, dünya elmi müstəvisinə çıxarmağa nail oluruq.

Məqsədimiz Azərbaycan elminin tək öz dar məkanından deyil, dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə biz dünya elmi məkanının bir hissəsinə çevrilmək imkanını qazanmış oluruq. Bu imkanı əldən vermək olmaz. Oksford Universiteti ilə  müştərək əməkdaşlığımız məqsədimizə nail olmaq üçün lazımi imkanları yaratdı. Mən Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin 20-yə yaxın professoru ilə görüşlər keçirdim. Bu görüşlərdə Nizami  və onun yaradıcılığı haqda  geniş fikir mübadiləsi apardıq.  Bunun üçün professor heyətinə və layihənin Britaniya tərəfdən həmsədri professor Robert Hoylanda xüsusi təşəkkürümü bildirirəm.

Çox gözəl haldır ki, mərkəz daxilindəki proqram həm tədris tutumu, həm də elmi yönlü istiqamətlərə malikdir. 5 ildə 3 aspirant, 3 magistrant yetişdirməyi,müəyyən elmi nəzəri kitabları tərcümə etməyi nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, Azərbaycan alimlərinin yaratdığı elmi əsərlərin heç biri akademik səviyyədə Avropa dillərinə  tərcümə olunmayıb, bu isə ciddi boşluqdur. Müasir dünyada tərcümələrin olmaması və elmi mərkəzlərdə, kitabxanalarda, universitetlərdə təmsil olunmaması görülən işləri sual altına qoyur. Beləliklə, bizim qədəm qoyduğumuz yol böyükdür və əziyyətlidir.  Lakin başlanğıc çox şərəfli və tarixi bir başlanğıcdır.

Bu mərkəzin adının dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizərəyə sığan fiqur deyil, o böyuk Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan alimləri tərəfindən işlənmiş yetərli qiymətli əsərləri Oksfordda tədricən yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan  Nizamişünaslığı dünyada öz ədalətli yerini tuta biləcək potensiala malikdir. Bu işlərin hamısı bizə bağlıdır, müştərək fəaliyyətimizin əsas qayəsidir. Onu da qeyd etmək istərdim ki, əgər hər hansı bir tutarlı mərkəzin hüquqi əsası yoxdursa, o bir keçici, formal, ani xarakter daşıyır. Sanki bir nümayəndəçilik funksiyasına bənzəyir, çünki müasir dünyada hər hansı bir universitetlə əməkdaşlıq etmək, tədbirlər həyata keçirmək çox asandır. Lakin  bu qaydalarla Oksfordla əməkdaşlıq etmək mümkünsüzdür. Ona görə ki, bu mötəbər təhsil ocağının kifayət qədər öz sərt tələbləri mövcuddur. Oksfordun qanun və qaydalarına uyğun olaraq  yaratdığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə böyük nailliyyətdir!

– Qarşıdakı işlərinizdə, həmçinin internet resurslarının yaradılması da planlaşdırılır. Bu barədə nə deyə bilərsiniz?

– Görülən işlər haqqında hər ilin sonunda mütəmadi olaraq məlumat verilməlidir. Bunun üçün hazırda professor Robert Hoylandla müştərək vebsayt hazırlayırıq. Saytımızda layihə və mərkəz haqqında məlumatlar yerləşdiriləcək, informasiya mütəmadi olaraq yenilənəcək, hər ilin sonunda Şərqşünaslıq fakültəsinə elmi işlərimiz haqqında məlumat veriləcək. Bu məlumatlar əsasında Şərqşünaslıq İnstitutu tərəfindən mərkəzin işi qiymətləndiriləcəkdir.

Görülən işin sanbalı yüksək olduqda elmi mərkəzin də nüfuzu yuksək olacaq. Qarşıdakı məqsədlərə  düzgün istiqamətlə, doğru elmi baxışla getsək, bu nüfuzu Oksfordda qazansaq, bu Azərbaycan elmi və mədəniyyətinə tutarlı töhfə ola bilər.  Odur ki, Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi misilsiz dəyərə malik, gələcək nəsillər üçün tarixi bir başlanğıc açan layihədir.

Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyanın ən böyük nəşriyyatı yerləşir və burada hər gün 16 kitab çapdan çıxır. Çoxşaxəli fəaliyyətimizin istiqamətlərindən biri də odur ki, mərkəzimizin fəaliyyəti nəticəsində Azərbaycan  elmi fikrinə, düşüncəsinə aid olan elmi-nəzəri əsərlər Oksfordun nəşriyyatında çap olunaraq işıq üzü görsün.

Bizdə bir gözəl məsəl var: “Zər qədrini, zərgər bilər”. Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər.  Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, baslanğıcda biz varıq, amma  bu keçici xarakter daşımır. Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq və s. üzrə araşdırmalar, tədqiqatlar etməyi nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür.  Qoy bu yolda bizi uğur həmişə hifz etsin.

Müsahibənin sonunda Professor Nərgiz Paşayeva qarşıdan gələn yeni ildə, Oksford Universiteti Şərqşünaslıq fakültəsinin heyətinə və mərkəzin Azərbaycan tərəfdən olan işçi qrupuna uğurlar arzu etdi. Oksford Universitetinin “Dominus illuminatio mea” (Tanrı, yolumu işıqlandır) devizini xatırladan N.Paşayeva layihənin 5 illik təqvim planının uğurlu olmasını arzu etdi: “Bu əbədi və əzəli dəyərlərə bağlı bir devizdir. Bu maddiyyatdan kənar, mənəviyyata bağlı devizdir. Və bu deviz altında Oksford Universiteti ilə birgə çalışmaq, mühüm və yenilməz işlərə qol atmaq, xidmət etmək böyük bir şərəfdir”.

 





20.12.2014    çap et  çap et