525.Az

“Gənclər Fondu öz ideya və təkliflərini gerçəkləşdirmək üçün gənclərə şərait yaradıb”


 

“Gənclər Fondu öz ideya və təkliflərini gerçəkləşdirmək üçün gənclərə şərait yaradıb”<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 3 yaşını qeyd edir. Müsahibimiz Fondun icraçı direktoru Fərhad Hacıyev ötən müddət ərzində görülən işlərdən,  gələcək fəaliyyət planları barədə danışıb. 

–  Fərhad müəllim,  Gənclər Fondu ötən dövr ərzində hansı işləri görüb?

– Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Bildiyiniz kimi, prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 19 dekabr 2011-ci ildə  Gənclər Fondu yarandı. Gənclər Fondu üç il ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb. Bu müddət ərzində Gənclər Fondunun saytı Azərbaycan və ingilis dillərində hazırlanıb. Layihə təklifləri arasında daha çox yerli layihələrə maraq göstərilib. Ümumilikdə gəncləri daha çox Fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri və maliyyələşdirilməsi maraqlandırır. Eyni zamanda, fonda və onun əməkdaşlarına saytımız və e-mail vasitəsilə müxtəlif suallar verilir. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olur. Bundan başqa, Gənclər Fondu ölkədə ilk dəfə elektron müraciət sistemi yaratmaqla gənclərin Fond ilə əməkdaşlığını daha asan və maraqlı etdi.

Fondun fəaliyyətini əks etdirən statistikanı açıqlasaq, deyə bilərəm ki, Fond bu günə qədər 6 qrant müsabiqəsi üzrə gənclərdən və gənclər təşkilatları tərəfindən daxil olan layihə müraciətlərindən 1865-ni maliyyələşdirib. Müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilir.

Müsabiqələrdə qalib olmuş və icra edilmiş layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər ilboyu fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı da əldə edə bilirlər. İlk qrant müsabiqəsi elan edilərkən regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürüldü.

Gənclər Fondu tərəfindən regionlarda dəstəklənən layihələrin əksəriyyəti gənclər evləri və mərkəzlərində keçirilir. Beləliklə, region gənclərinin bu mərkəzlərin işində aktiv iştirakı təmin edilir. Baş tutan 6 qrant müsabiqəsində 598 yerli, 70 beynəlxalq və 1197 fərdi layihə qalib olub. Hər yeni müsabiqədə də müraciətlərin sayı artır. İlk qrant müsabiqəsində Gənclər Fonduna 165 layihə daxil olmuşdursa, sonuncu 6-cı qrant müsabiqəsində isə 1249 layihə daxil olub. Fonda gələn müraciətlər deməyə əsas verir ki, təşkilat gənclərin etimadını qazanıb, gənclər Fonddan dəstək ala biləcəklərinə inanırlar.

Gəncləri daha çox maraqlandıran sahələr təhsilə yönəlmiş layihələr, vətənpərvərlik, sağlam həyat tərzinin təbliği ilə bağlı layihələr, ekoloji maarifləndirmə layihələri, ictimai işlərdə gənclərin aktivliyinin təmini və könüllülüyün yayılması, təşviqi və təbliği istiqamətində layihələr olub. Hazırda fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə önümüzdəki il davam edəcəkdir.

–Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə nə deyə bilərsiniz?

– Dövlətin gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. Əminliklə deyə bilərəm ki, ölkəmizdəki gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da Azərbaycanda gənclərlə bağlı hər hansısa bir sənəd təsdiq edilirsə bu mütləq gənclərin iştirakı ilə müzakirə edilir. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır.

–  Gələcək  fəaliyyət istiqamətləri hansılar olacaq?

– Gənclər Fondu gələcəkdə öz  fəaliyyətini daha da geniş şəkildə aparmağı planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarx müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək.

Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin, Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hal-hazırda Fondun saytında 304 gənclər təşkilatı və 3842 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri on minlərlə gənc tərəfindən izlənilir. Gənclər Fondu, həmçinin, dünya idman təqvimində və Azərbaycanın tarixində mühüm hadisə olacaq İlk Avropa Oyunları üçün könüllülərin cəlb olunmasında da iştirak edəcək.

Gəncləri və gənclər təşkilatlarını müsabiqələrimizdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir.  Gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün çox vacibdir.

PƏRVANƏ

 





20.12.2014    çap et  çap et