525.Az

“Qarabağı görməzlikdən gəlib Suriyaya, İraqa gedilməz” - Fotolar


 

“Qarabağı görməzlikdən gəlib Suriyaya, İraqa gedilməz” - <b style="color:red">Fotolar</b> Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik” adlı növbəti tədbirini Zaqatalada keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə təşkilatın sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ölkə vətəndaşlarına, xüsusilə gənclərə milli vətənpərvərlik ruhunun aşılanması, milli adətlərimiz, eləcə də mənəviyyata söykənən insani prinsiplərin təbliğidir. Onun sözlərinə görə, milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın qədim tarixi kökə malik olmasından xəbər verir:
 
“İnsanların mənəviyyatı, əxlaqı normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənlərin yaradıcısı xalqdır. Zaqatalada müxtəlif millətlərin nümayəndələri yaşamasına baxmayaraq, buradakı insanlar özünəməxsus milli adət-ənənələri Azərbaycanın bir incisi rolunu oynayır”.

S.Əzimbəyli bildirib ki, hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır.

Onun sözlərinə görə, yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir:
 
“Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələblərinə uyğun olaraq, onların köhnəlmiş hissəsini atır, mütərəqqi hissəsini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır. Bir məqamı da qeyd edim ki, əxlaqi adət və ənənələr, qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Zaqatala əhalisi hər zaman adət və ənənələrin, mənəvi dəyərlərin qorunmasında öndər olublar.

Onun sözlərinə görə, müxtəlif millətlərin burada yaşamasına baxmayaraq, Zaqatalada hər zaman istər millətlərarası, istər dinlərarası, istərsə də məzhəblərarası qardaşlıq və qarşılıqlı ehtiram özünü göstərib:

“Kimliyindən asılı olmayaraq mənəvi dəyərlərə sahib olan inanclı insan Qarabağ kimi bir dərdi görməməzlikdən gəlib Suriyaya, İraqa getməz. Çox təəssüf edirəm ki, bu gün ölkəmizdə zahirdə müsəlman, daxildə küfr bəsləyən münafiq “din adamları” var və onlar ifşa olunaraq zərərsizləşdirilməlidir. Əminəm ki, bu gün Zaqatala əhalisi Azərbaycanın dövlətçiliyinin qorunmasında öz sözünü hər zaman olduğu kimi deyəcək və insanlar arasında nifaq salanlara qarşı birgə mübarizə aparacaqlar”.

Tədbirdə Zaqatala şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Eldar Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala-Balakən bölgəsi üzrə qazisi Hacı İbrahim İbrahimov və rayon ictmaiyyəti iştirak edib və mövzu ətrafında fikirlərini bölüşüblər.
 





19.12.2014    çap et  çap et