525.Az

Qrupumuzun yeznəsi


 

QULU MƏHƏRRƏMLİYƏ 60 İLLİK YUBİLEY TƏBRİKİ

Qrupumuzun yeznəsi<b style="color:red"></b>

Elə bil dünən idi. Universitetin yataqxanasında elmin qranit qayalarını dişlərimizlə üyüdürdük. Hər birimiz də bu işin öhdəsindən bir cür gəlirdik. Üstəlik gələcək ailə binasının da təməlinə atılan qranit parçaları elə bu yataqdan çıxarılırdı. Üç nömrəli yataqxananın dördüncü mərtəbəsində, pilləkənin başında sağ tərəfdə 60-cı otaq Jurnalistika fakültəsinə 1973-cü ildə qəbul olmuş dörd tələbəyə qucaq açmışdı: Ələddin Əsədov, Qəzənfər Qəribov, Qulu Məhərrəmov, Cəfərsadıq Abbasov. Bu heyətin üç üzvü 632-ci qrupda, Qulu isə 630-cu qrupda oxuyurdu. İndiki tələbələr üçün gülməli görünsə də, o vaxt otağımız əlaçı tələbələrdən ibarət nümunəvi qrup sayılırdı. Ədalət xatirinə deyim ki, təmiz əlaçılıq tablosuna bəndəniz arabir yanlış fırçalarla arzuolunmaz ləkələr salırdı. Yəqin elə bunun nəticəsidir ki, məndən başqa onların hər üçü fərqlənmə diplomu ilə universiteti bitirdilər və sonralar yaxında onların əl-ayağına dolaşmamağım üçün məni Moskvaya "sürgün elədilər".

Onu deyirdim axı. Ailə qurmaq üçün qaydalar universitet proqramından fərqli olduğundan hər kəs fərdi proqramla çalışır, imtahan, zaçot, kollokvium, referat vaxtlarımız üst-üstə düşmürdü.

Otaq icmasının tələbəsayağı büdcəsi vardı və həftəlik ərzaq alaraq növbəli şəkildə birimizin aşpazlığı ilə güzəranımızı sürdürürdük. Menyumuzu sadalayıb bugünkü tələbələri təkrar güldürmək istəmirəm, amma kartofun, yumurtanın və paket suplarının çox çeşidlərini sınamışdı kənddə daşüyüdən mədələrimiz. Ən maraqlısı da günoptadan hazırlanıb axşam bir yerdə yeməyimizi gözləyən əti az, suyu çox suplardı. Bəzi istisnalar nəzərə alınmasa demək olar ki, hamımızın bir yerdə şam yeməyimiz baş tutmurdu. Çünki məlum məzhəkədə deyildiyi kimi, aşiq olmuşduq. Ələddinin işi zor idi, çünki Pedaqoji İnstitutun yataqxanası bizdən xeyli uzaqdı. Ona görə o supun ən son müştərisi olurdu. Rəhmətlik dostum Qəzənfərlə mənim "ibadət yerimiz" yaxında - dörd nömrəli yataqxanada idi. Qulu isə bizi hər dəfə rişxəndlə qarşılayır, bizim kimi "boş yerə vaxt sərf eləmirdi". Bunun da öz səbəbi vardı. Qulu bizim, yəni 632-ci qrupun yeznəsi idi. Qrupumuzun göz-bəbəyi, o vaxtkı təbirlə "starosta"mız (indi yəqin başqan deyərdilər) olan Zemfiranı ona etibar eləmişdik. "Starosta" məsələsində yanlışım ola bilər, çünki əvvəllər hamımızın sevimlisi İradə Məmmədova idi bu yetkidə. Necə olursa olsun, Zemfira da ilk gündən, ilk seminarlardan təmkini, hazırlığı, isməti, çalışqanlığı ilə müəllimlərin də sevimlisinə çevrilmişdi. Belə bir xəzinəyə aşiq olan Məcnunumuz - Qulu, əlbəttə, yataqxanada elmin çətin düyünlərini açmaqla, radio və televiziya jurnalistikasına yiyələnməklə məşğul idi. Bir yandan üç qayının əhatəsindəydi, o biri yandan da sevdiyi pəriyə ulaşmağın yeganə yolu çölə-biyabana düşüb başında quşların yuva salmasına izin vermək yox, ağılla-başla gələcək həyat yoldaşının görmək istədiyi səviyyəyə qalxmaq idi. Zaman göstərdi ki, yeznəmiz bu imtahanı böyük zövqlə, açıq alınla, zəhmətkeşlik və peşəkarlıqla əla qiymətə verdi.

Axşamlar adətən, otaqda tək qalmış və bir-birinin ardınca qonaq kimi gəlib yeməyə bir şey axtaran otaq yoldaşlarının hərəkətlərindən bezmiş Qulu bəzən bizə çox nəşəli, sevinc dolu anlar da yaşadırdı. Bir gün axşam görüşündən gec qayıdan Qəzənfər içəri girəndə 61-ci otaqda yaşayan Elbrus Məmmədov da bizdə qonaq idi. Qulu tez Qəzənfərə paltosunu çıxarmağa yardım edib şkafdan asdı. Sanki uzun müddət məşq ediblərmiş kimi Elbrus da saatını açan Qəzənfərin saatını iki əlinin ovucu içinə alıb çox qiymətli inci kimi masanın üstünə qoydu. Qulu təzim edərək soruşdu: "Şahım, indi nə buyurursunuz?" Qəzənfər hər gün bu ritualı görürmüş kimi sağ əlinin şəhadət barmağını qaldırıb: "Rəqqasələr gəlsin" dedi. Bu saniyədən sonrakı lövhə bu günün bütün şou proqramlarını kölgədə buraxacaq səhnə idi. Elbrus hind qızları kimi rəqsə başladı. Otaqdakı tamaşaçılar uğunub gedirdilər ki, qapı açıldı. Tələbə yoldaşımız Yusif Hüseynov başını içəri salıb hamıya göz gəzdirdi, otağın ortasında Elbrusgili, çarpayıda gülməkdən yıxılmış məni görüb şirin Şəki ləhcəsində "Şəbeh çıxardırsouz?" dedi.  

Elə bil dünən idi... Aradan təxminən qırx il keçir. O "şəbehin" iştirakçıları özlərini həyat səhnəsində müxtəlif cür tanıtdılar. Əsl vətəndaş kimi, qayğıkeş ailə başçısı kimi, peşəkar sənət ustaları kimi. Vəfalı dostlar kimi.

Ad günün mübarək, yeznə!

Moskva

 





19.12.2014    çap et  çap et