525.Az

Terror hər yerdə bəladır


 

Terror hər yerdə bəladır<b style="color:red"></b>

Bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 16-da dünyanın ən sakit ölkələrindən biri sayılan Avstraliyanın Sidney şəhərində insanlar səhəri böyük bir təlaşla açdılar. Sidneyin Martin Pleys (Martin Place) adlanan ərazisində yerləşən "Lindt" kafesində 50 yaşlarında bir nəfər orda olan insanları girov götürdü.

Dərhal polis qüvvələri əməliyyata başladı və ərazidə olan bütün iş yerləri boşaldıldı. Bir az keçmişdi ki, girovlardan əvvəlcə 3-ü, sonra isə 2-si azadlığa çıxmağı qaçmağı bacardı. Sonradan aparılan araşdırmalar nəticəsində terror əməliyyatına cəhd edən şəxsin kimliyi müəyyənləşdirildi. Bu əslən iranlı olan Harun Munis idi. Onun haqqında verilən məlumatlardan göründüyü kimi, bu insanın adı seksual təzyiqlərdə və arvadının qətlində hallanırdı. Əfqanıstanda həlak olmuş Avstraliya əsgərlərinin ailələrinə təhqiredici məktublar göndərdiyi üçün polis tərəfindən həbs olunmuş və daha sonra kəfalətlə buraxılmışdı.

Girovların xilas edilməsi əməliyyatı yerli vaxtla saat 04:00-da bitdi. Ancaq nəticə çox ağır idi. İki mülki vətəndaş həlak oldu. Bu insanların günahı səhər qəhvəsini həmin kafedə içmələri idi.

Əməliyyat zamanı polisin çox göz

lədiyini və iki insanın ölümünün əsas günahkarlarının yerli polis qüvvələri olduğunu deyənlər də var, polisin hərəkətinə bəraət qazandıranlar da... Mən isə daha fərqli bir məqama diqqət çəkmək üçün bu yazını hazırlamaq qərarına gəldim.

Əməliyyatın ilk saatlarında bütün TV-lər, əsasən, kafedə asılmış, üzərində ərəbcə kəlmeyi-şəhadətin yazıldğı qara rəngli bayrağa diqqət çəkdilər. İlk ehtimal olaraq içəridəki şəxsin İŞİD-lə bağlı olduğu media tərəfindən insanlara çatdırıldı.

Günahkar tapılmışdı - İŞİD və onun timsalında İslam dini.

İŞİD öz kirli məqsədləri üçün dindən istifadə edən bir təşkilatdır, amma gəlin görək o həyəcanlı vaxtda necə Avstraliya vətəndaşı bunu dərk edə bilərdi. Artıq medianın əlinə böyük bir oyun kartı verilmişdi - İslam yenə terrora qarışdırılmışdı. İslam və media tərəfindən onun təmsilçisi göstərilən İŞİD idi günahkar. Yerli media bar-bar bağırırdı bunu. İslam yenə terror törətmişdi medianın gözündə. İslamafobiya üçün əlverişli zəmin yaradılmışdı dünyanın ən tolerant ölkələrindən biri olan Avstraliyada. O Avstraliya ki, burda müsəlman, xristian, buddist, ateist bir-birinə yüksək hörmət edir. O Avstraliya ki, hər bir dinin özünü rahat bir şəkildə təmsil etməsi üçün dövlət geniş imkanlar yaradıb.

Ancaq Avstraliya vətəndaşları uymadı bu oyuna. Düzdür, bəzi insanlar müsəlmanların əleyhinə danışmağa və İslamın terror dini olduğunun bir daha təsdiqləndiyini deməyə başladılar. Amma inanın, bu az qismin səsi heç eşidilmədi belə. "Bir müsəlman bunu edibsə, bütün müsəlmanlar da belədir" düşüncəsinin əleyhinə "I'll ride with you" başlığı ilə bir kampaniya başlatdılar. Yerli insanlar müsəlmanlara öz yardımlarını təklif edirdilər. "Küçəyə çıxmağa qorxmayın, biz sizinlə hər yerə gələ bilərik" - deyirdilər. Müsəlman tələbələrə onların qrup yoldaşları zəng edərək, sosial şəbəkələrdən mesaj yazaraq bildirirdilər ki, düşünməyin ki, biz bütün müsəlmanları günahkar görürük və düşünməyin ki, sizin haqqınızda pis fikirləşirik.

Bəli, dünyanın ən sakit şəhərlərindən biri olan Sidney məğlub olmadı. İslamı hər şeyin günahkarı kimi görən düşüncəyə... İslam deyildi günahkar onların gözündə, sadəcə, bir müsəlmanıydı bunu edən... 

Bəli, islamafobiya qalib olmadı bu səfər.  Bu səfər İslamı hər zaman mənfi obrazda verməyə çalışan, onun sülh dini olduğunu beyinlərdən silməyə çalışan Qərb dünyası məğlub oldu və bu məğlubiyyət Qərb dəyərlərinin hakim olduğu bir ölkədə baş verdi.

Sonda bir fikri demək istəyirəm ki, heç kim terroru maliyyələşdirən, terrora silah və digər vasitələrlə  yardım göstərən heç bir dövlət sığortalanmayıb terrordan... Sadəcə, bir misal deyəcəm sizə - Əfqanıstanda SSRİ-yə qarşı döyüşmək üçün ABŞ tərəfindən yaradılan Taliban daha sonra elə ABŞ-ın özünə qarşı çıxdı və yaratdıqları bu bəla Pakistanda 84 uşağın ölümünə səbəb oldu. Bəli, terror sığortalana bilməyəcəyin bir bəladır.  Nə qədər güclü qoşunların olsa belə, nə qədər güclü kəşfiyyat idarələrin olsa belə, terror həmişə ən yaxındadır.

Avstraliya və Sidney böyük bir faciə yaşadı, lakin bu faciəni həm də təcrübə kimi görmək olar. Mən çox sevinirəm ki, üzüağ çıxdı Avstraliya vətəndaşları, çox sevinirəm ki, terrorçu hesab edilmədi hər bir müsəlman, bir müsəlmanın səhvlərinə görə...

Murad BAXŞƏLİYEV,
Sidney Makkuori Universitetinin magistri
Avstraliya, Sidney

 





19.12.2014    çap et  çap et