525.Az

Qərb üçüncü yolu seçir...


 

RƏCƏB TƏYYİB ƏRDOĞAN: "TÜRKİYƏNİN İTTİFAQA QOŞULMAQ ÜÇÜN HEÇ KƏSƏ YALVARMAQ NİYYƏTİ YOXDUR"

Qərb üçüncü yolu seçir...<b style="color:red"></b>

Türkiyəyə qarşı insan hüquq və azadlıqları kontekstində təzyiqlər göstərməyə başlayan Qərb və Amerika dairələri tətbiq etdikləri ikili standartlarla hüquq bərabərliyinə kəskin zərbə vururlar. Ədalətli olmaq əvəzinə müxtəlif təzyiq vasitələrindən istifadə edən belə qüvvələrin əsas məqsədi müstəqil siyasət yürüdən dövlətləri nüfuzdan salmaq və öz təsir dairələrinə keçirməkdır. Heç bir ciddi arqumentə söykənməyən, əsassız bəyanatlar səsləndirərək Türkiyəyə də təsir etmək istəyən Qərb və ABŞ dairələrinin niyyətləri Azərbaycan diplomatiyasına tanışdır. Vaxtaşırı olaraq Azərbaycana da hücumlarını davam etdirən xarici qüvvələr yaratdıqları müxtəlif fond, təşkilat və institutlar vasitəsilə qərəzli hesabatlar, qətnamələr də hazırlayırlar. Bu baxımdan, qeyd etmək lazımdır ki, əksər beynəlxalq təşkilatlardan daha nüfuzlu olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş 20 faiz torpağının qeyd-şərtsiz geri qaytarılması haqqında qəbul etdiyi 4 qətnamənin 20 ildən artıqdır Ermənistanın yerinə yetirmədiyini nəzərə alsaq, rəsmi Bakı üçün də digər qurumların qərəzli sənəd və bəyanatları heç bir hüquqi əhəmiyyətə malik olmamalıdır.

Ümumiyyətlə, regiona  baxdıqda, bölgənin ümumilikdə münaqişə ocağına çevrildiyini, bundan daha çox müsəlman ölkələrin əziyyəti çəkdiyini görərik. Tarix boyu dini və irqi ayrıseçkiliyin mərkəzi olan avropalıların qeyri-millətlərin nümayəndələrinə münasibəti, xüsusilə zənciləri özlərinə qul etmələri bütün dünyaya məlumdur. Müasir dövrdə də Qərb və Amerika cəmiyyətində dini və irqi zəmində qarşıdurmaların yaşandığının şahidi oluruq. Hicab qadağası, eləcə də Ferguson hadisələri bunların bariz nümunəsidir. Bu o deməkdir ki, özlərini demokrat adlandıranlar hələ də qeyri-xristian və qaradərililərə qarşı nifrətlərini gizlədə bilməyiblər. İraq, Suriya, Liviya və Misirdə baş vermiş hərbi insidentlərin fəsadları hələ də qalmaqdadır.

Bölgədə sabitlik yaratmaq adı ilə müstəqil dövlətlərin daxili işinə qarışan qüvvələr əslində mövcud sabitliyi, əmin-amanlığı pozaraq həyatı iflic vəziyyətinə salırlar. Türkiyə isə süni şəkildə ortaya atılan daxili iğtişaşlardan özünü qorumaq üçün ciddi səylər göstərir. Bu baxımdan Qərblə Amerikanı narahat edən əsas məsələlərdən biri də Türkiyə ilə Rusiya arasında əməkdaşlığın güclənməsidir. Çünki bu amil Moskvaya qarşı iqtisadi emborqanon təsirini xeyli azaldır və gələcək tərəfdaşlıq potensialı üçün böyük imkanlar vəd edir.

Belə olan halda isə Ankara üçün Avropa İttifaqına üzv olmaq məsələsi həlledici məqama gəlir. Bu baxımdan Qərb iki seçim arasında qalsa da, Türkiyəni quruma üzv etmək üçün maraq göstərmir. Əksinə, vəziyyətdən çıxış yolu kimi Ərdoğan hökumətinə qarşı üçüncü seçim işləyib hazırlayıblar.

Avropa İttifaqının rəsmi Ankaradan Fətullah Gülən tərəfdarlarını azad olunmasını tələb etməyə haqqı çatmadığını bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həbslərin siyasi zəmində baş vermədiyini deyib. Əks halda, Türkiyənin quruma üzv olunması məsələsini yenidən müzakirə edəcəkləri ilə bağlı məlumatlar səsləndirən avropalılara Rəcəb Təyyib Ərdoğan kəskin cavab verib. Onun sözlərinə görə, Türkiyənin İttifaqa qoşulmaq üçün heç kəsə yalvarmaq niyyəti yoxdur: "Avropa İttifaqı fikirləşməsin ki, Türkiyə sonadək onun qapılarını döyəcək".

Bu sadəcə həmin dairələrin müstəqil dövlətin daxili işinə qarışmaq cəhdləridir.

Millət vəkili Sahib Alıyev hesab edir ki, son günlər Ermənistanda rejim əleyhdarlarının maşınlarının yandırılmasına, bir-bir tutularaq döyülmələrinə, hətta onların arasında beyin silkələnməsi diaqnozuyla xəstəxanaya yerləşdirilən müxalifətçi deputat Aram Manukyan da olmasına baxmayaraq, susan avropalılar Türkiyədə "paralel yapı" əməliyyatı nəticəsində 30-dan çox şübhəlinin həbs olunmasına dözə bilmədiyini bildirib. Onun sölzərinə görə, xarici dairələr dərhal səslərini qaldırıb baş verənlərə qərəzli münasibət göstərərək, son hadisələrin onların demokratik dəyərlərinə uyğun gəlmədiyini deyirlər: "Rəsmi Ankara kəskin bəyanatlara cavab olaraq bildirə bilər ki, siz avropalılar öz çevrənizdə belə bir halla rastlaşsaydınız hansı qərarı verəcəkdiniz? Bəlkə dövlət içində dövlət quraraq kənar qüvvələrin tapşırığıyla hərəkət edənlərin başlarını sığallayacaqdınız?" S.Alıyev müəyyən mənada türk dəyərlərinin Qərblə müqayisədə uyğun gəlmədiyini etiraf edib: "Məsələn, eyni cinsdən olanların bir-birilə evlənmələri bizim dəyərlərə uyğun deyil".

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, Türkiyə oturuşmuş demokratik bir ölkədir. O, "Trend"ə bildirib ki, Qərbin və ABŞ-ın Türkiyəyə demokratiyadan dərs keçməsi, ona örnək vermək cəhdi yersizdir və buna onların heç bir mənəvi haqqı çatmır: "Türkiyə bu günə qədər həmin demokratik prinsipləri rəhbər tutaraq, insan haqlarının fundamental prinsiplərini birmənalı şəkildə öz siyasətində əsas götürərək, söz, mətbuat azadlığına geniş imkan verərək dünyaya özünü təsdiq etmiş ölkədir. Ona görə də, bu gün Türkiyədə tutulan insanların guya mətbuatla bağlı tutulmasını bəyan etməyin heç bir əsası yoxdur. Bununla bağlı Türkiyənin rəsmi dairələri açıqlama verdilər və həmin açıqlamalar kifayət qədər mötəbər səviyyədə səsləndirildi və bəlli oldu ki, həmin insanlar jurnalist fəaliyyətinə görə, istintaqa cəlb olunmayıblar. Həmin şəxslərin əməllərində dövlətə qarşı ciddi təhlükələr ehtimal olunduğu üçün Ankara bu addımı atıb".

Millət vəkili qeyd edib ki, Avropayla ABŞ-ın Türkiyəyə qarşı bu cür mövqeləri əslində təzyiq xarakteri daşıyır. Onun sözlərinə görə, bu, Türkiyəni müstəqil xarici siyasətdən döndərmək və Avropanın, ABŞ-ın əlində digər ölkələr kimi vasitəçi bir dövlətə çevirmək cəhdindən başqa bir şey deyil: "Xarici dairələr Türkiyəyə qarşı ikili standartlarından istifadə edirlər.Çox təəssüflər olsun ki, Azərbaycan da uzun müddətdir bu təzyiqlərin əhatəsindədir".

Ceyhun ABASOV

 





19.12.2014    çap et  çap et