525.Az

Xalqa arxalanan və xalqa arxa olan prezident


 

Xalqa arxalanan və xalqa arxa olan prezident<b style="color:red"></b>

"Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Yəni əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı".

İlham ƏLİYEV, Azərbaycan Respublikasının  Prezidenti

Azərbaycan hazırda elə bir yüksəliş, inkişaf dövrünü yaşayır ki, bunu respublikamızın vətəndaşları ilə yanaşı, ölkəmizə qədəm basan, burada bir neçə gün qonaq olan xarici vətəndaşlar da görür, dəyərləndirir.  Özü də bu tərəqqi  dünyanın,  necə deyərlər,  qarışıq bir zamanında,  "rəngli inqilabların" və "ərəb baharının" doğurduğu faciələr dövründə, qloballaşan terror təhdidi şəraitində  müşahidə edilir. Həm də nəzərə alsaq ki, bu gün dövlətlər, ölkələr bir-biri ilə daha sıx bağlıdır, təmasdadır, onda Azərbaycan intibahının hansı güc-qüvvə hesabına yaranışı barədə aydın təsəvvür oyanar. Gizli deyil, beynəlxalq aləmdə bu inkişafa darılanlar da kifayət qədərdir. Bir həqiqət də var ki, bu gün neçə-neçə ölkə belə qısqanclığın qurbanına çevrilib. Əlbəttə, bu acı gerçəkliyin Qərbin məlum dövlətləri və iqtisadi-siyasi gücləri tərəfindən rişələnməsi heç kəsə sirr deyil. Hamıya bəllidir ki, bir vaxtlar əmin-amanlıq, firavanlıq, rahatlıq mühitində yaşayan nə qədər dövlət bu gün "demokratiya ixracı" adı altında savaşa, iqtisadi tənəzzülə, siyasi konfrantasiyaya sürüklənib. Qanuni hakimiyyətlərə qarşı zorakılıq nümayiş etdirilib. Sonda isə "siyasətin ağuşuna düşən" kütlə "inqilabların" qurbanına çevrilib, səfalət girdabında boğulub...

Bəli, bu, dünyanı təkbaşına idarə etmək istəyən qüvvələrin apardığı təfriqəçiliyin acı nəticəsidir. Belə təfriqəni son 10 ildə ölkəmizdə də  salmağa cəhd göstərilib. Amma buna nail olunmayıb. Azərbaycanı dağıtmağa, parçalamağa gücləri çatmayıb. Başqa sözlə, inamları göyərməyib, bu səbəbdən də inqilab baş tutmayıb. Milyonlarla vəsait bir növ havaya sovrulub. Belə halda isə ümid "beşinci kolona"a qalıb. Çox qəribədir ki, həmin "kalon"un nümayəndələri törətdikləri konkret cinayət əməllərinə görə cəzalandırılanda isə fövqəlgüclər tərəfindən utanmazcasına hay-həşir salınıb: "Ay haray, demokratiya boğuldu, qoymayın, vicdan azadlığı təhlükədədir, kömək edin". Əslində isə bunlar siyasi avantüradan və siyasi şulerlikdən başqa bir şey deyil...

Ümumiyyətlə, fövqəldövlətlərin postsovet və ərəb ölkələrində törətdikləri əməllərin Azərbaycanda təkrarlanması mümkün deyil. Azərbaycanı vassala çevirmək xülyadır. Çünki respublikamızda  son 10 ildə inqilabın baş verməsi üçün nə sosial, nə siyasi, nə də başqa bir zəmin yaranıb. Daha doğrusu, belə bir mühit üçün əsas olmayıb. Çünki dünya ölkələri maliyyə böhranı məngənəsində, necə deyərlər, boğulduğu  bir vaxtda Azərbaycanın inkişaf göstəriciləri daha da artıb, xalqın güzəranı yüksəlib. Xalqın mütləq əksəriyyətinin mövcud hakimiyyətə birmənalı inamı və etimadı yaranıb. Cəmiyyətdə demokratikləşmə və hüquqi dövlət quruculuğu uğurla aparılıb, ictimai ab-hava sağlamlaşıb, sabitləşib. Təbii ki, bütün bunların qarşılığında kəskin narazılıqlardan, ziddiyyətlərdən söhbət gedə bilməz. Belə şəraitdə, şübhəsiz ki,  siyasi qarşıdurmalar, konfrantasiyalar barədə danışmağa da  əsas yoxdur. Əlbəttə, bu cür şəraitdə hansısa fövqəlgücün ölkə daxilində təfriqə fəaliyyəti mümkünsüzdür. Çünki əvvəla xalq-rəhbər birliyi buna imkan vermir, ikincisi, respublikada ictimai şüur səviyyəsi, vətəndaşlıq duyğusu yüksəkdir, adamlar, necə deyərlər, tükü-tükdən seçməyi bacarırlar. Vətəndaşlar dövlətinə və müstəqilliyinə tam sahib çıxaraq, onu qorumaqda hər cür fədakarlığa hazırdırlar.

Başqa bir məqama diqqət yetirək. Azərbaycan artıq qlobal məkanın nüfuzlu aktorlarından biri kimi tanınıb. Başqa sözlə, ölkəmiz  yerləşdiyi regionun iqtisadi və siyasi istinad nöqtəsinə çevrilib. Respublikamızın istəyi və təşəbbüsü olmadan heç bir regional layihəni bu bölgədə reallaşdırmaq mümkün deyil. Belə təqdirdə isə  Azərbaycanda "rəngli inqilabdan" necə söhbət gedə bilər?!

Artıq ölkəmizin  dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan dövlət kimi də tanınması da danılmaz faktdır. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Bütün bunlar, əlbəttə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 11 il ərzində Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün, tamlığının real isbatıdır. Başqa sözlə,  ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyasına əsaslanaraq praqmatik və hücum diplomatiyasına söykənən siyasətin möhtərəm prezidentimiz tərəfindən uğurla reallaşdırılmasıdır.

Son 11 il ərzində Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən radikal islahatlar, yeni qlobal çağırışlara adekvat tədbirlər,  hərbi potensialın gücləndirilməsi, ölkəmizin təkcə Avropanın enerji təhlükəsizliyinin deyil, həm də böyük Avrasiya məkanında ümumi təhlükəsizliyin qarantına çevrilməsi cənab İlham Əliyevin müdrik, uzaqgörən rəhbər olmasından xəbər verir. Etiraf edək ki, bunu belə bir  qısa dövr ərzində  tarix səhifəsinə ancaq ulu öndərin siyasi varisi yaza bilərdi və yazdı da. Bunu - tarixin ən möhtəşəm Azərbaycan dövlətini qurmaq kimi çətin, şərəfli vəzifəni ancaq möhtərəm prezidentimiz  İlham Əliyev gerçəkləşdirə bilərdi və bacardı da.  

Dahi şəxsiyyət Heydər Əliyevin tarixi dəyişdirmək gücündə olan ideyalarının cənab İlham Əliyevin reallaşdırması  onu görkəmli dövlət xadimi və qüdrətli lider zirvəsinə yüksəldib. Bununla da ölkə rəhbərinin xalqının sonsuz sevgisini qazanması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurub.

Tarixdə dəfələrlə sübuta yetirilən, təsdiqini tapan bir həqiqəti də burada təkrar etsəm, elə bilirəm ki, yerinə düşər. Deyirlər ki,  ölkə layiqincə idarə ediləndə, bu fəaliyyət millətin maraqlarına hesablananda, ulu sələfin dövlətçilik potensialı günbəgün gücləndiriləndə dövlət yenilməz və qüdrətli olur. O zaman o  dövləti laxlatmaq, sıradan çıxarmaq da qeyri-mümkündür. Bu, cənab İlham Əliyevin ölkəyə rəhbərliyində özünü qabarıq büruzə verən və hazırda dünyanın ən tanınmış siyasi xadimlərinin etiraf etdikləri dəyər formulu kimi səslənir.

Postsovet illərində dilin leksik tərkibində yer alan "rəngli inqilablar" isə bu gün o ölkələrdə baş verir ki, onlarda fenomen şəxsiyyət problemi yaşanır. Belə olan halda, deməli, xalqın gələcək taleyinin, keçəcəyi inkişaf yolunun müəyyən edilməsi sual altında qalır və nə vaxtsa qarşılaşılan  ekstremal şəraitdə doğru qərar çıxarmaq  müşkülə çevrilir, mövcud təfəkkürün milli maraqları ölkənin tarixi, ənənələri ilə uzlaşdırmağa gücü çatmır. Bax, dövlətin sarsılması, faciə, fəlakət bu zaman başlayır. Biz bununla keçən əsrin 90-cı illərinin əvvəllərində imperiya caynağından xilas olan Azərbaycanın qarşılaşdığı bəlalardan, ərəb ölkələrini ağuşuna alan inqilab dalğalarının dağıntılarından, lap indi də davam etməkdə olan Ukrayna böhranından tanışıq.

Azərbaycanda həqiqi dövlət müstəqilliyinin banisi olan, milli dövlətçiliyin əsasını qoyan, böyük tərəqqiyə hesablanan inkişaf strategiyasını müəyyənləşdirən, yeni tariximizə dövlət və xalqın xilaskarı kimi daxil olan ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyəti zamanın yeni çağırışlarına cavab verməklə yanaşı, həm də onun yeni dövrün yeni lideri olmasını meydana qoyur. İlk növbədə ona görə ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib, yeni dövrün tələblərinə cavab verən sürətli inkişaf təmin olunub. Ulu öndərin idarəçilik ənənələrini özünəməxsus dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyev əsrimizin praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lideri kimi çıxış edir. Məhz xalqının lideri olaraq onun düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb.

Hələ Prezident seçilməzdən öncə ölkədə yaşanan ictimai-siyasi proseslərin içində olan bir şəxs kimi cənab İlham Əliyev öz liderlik keyfiyyətini və yüksək idarəçilik qabiliyyətini bir neçə istiqamətdə əməli işlə göstərmişdi. Azərbaycan iqtisadiyyatının ən mühüm və aparıcı sahəsi sayılan neft sektorunda rəhbər postlardan birində təmsil olunması, həmçinin Avropa Şurası kimi nüfuzlu bir qurumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməsi, Milli Məclisin deputatı olaraq uğurlu fəaliyyəti onun liderlik xüsusiyyətlərinin özünü qabarıq formada büruzə verməsi ilə müşayiət olunurdu. Xalqın iradəsi əsasında Prezident seçilməsi cənab İlham Əliyevin liderlik xüsusiyyətlərinin, bu şəxsiyyətin fenomenal qabiliyyətlərinin daha bariz formada üzə çıxmasına yeni imkanlar yaratdı.

Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan cənab İlham Əliyev ölkəmizin inkişafına, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirir. Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər də Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir. Fəaliyyəti ilə ölkə cəmiyyətindən getdikcə daha çox dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən cənab İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

Azərbaycan xalqı cənab İlham Əliyevi  istər 2003-cü, istər 2008-ci, istərsə də 2013-cü ildə özünə rəhbər, lider seçərkən həm də birliyə, həmrəyliyə səs verdiyini aydın dərk edirdi və ötən 11 il xalqın müdrikliyini, seçimində yanılmadığını bir daha sübuta yetirdi. Zaman, həmçinin milli dəyərlər və ideallar əsasında fərqli maraqların birliyinin formalaşdırılmasında, bir araya gətirilməsində dövlət başçısının  liderliyini, eyni zamanda, uğurlu idarəçiliyini də təsdiqlədi. 

"Prezident o vaxt sevinir ki, onun xalqı sevinir" - deyən cənab İlham Əliyevin bu sözləri dövlət başçısının xalqa yanaşmasının ən mükəmməl göstəricisi, xalqla həmrəy olmasının ən dəqiq ifadəsi və  lideri olduğu cəmiyyətə həssas diqqətinin bariz sübutudur. Bu mənada Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, ölkəmizin beynəlxalq hüquq məkanında nüfuz    sahibi kimi tanınması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının, ailənin həyatında öz əksini tapmasıdır. Beynəlxalq miqyasda da açıq etiraf olunur ki, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütəmadi artıb. Göstərilən sosial və digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalıb.

Bu gün Azərbaycanın hər bir  vətəndaşının qayğısı ilə yaşayan, onu duyan və həlli istiqamətində konkret addımlar atan cənab İlham Əliyev bununla həm də gözəl bir nümunəyə sadiqliyini nümayiş etdirir. Dövlət başçısının bu nümunəni məmurlardan da gözləməsi xalq-rəhbər birliyini, təmasını  daha da möhkəmlədir.

Prezident xüsusi olaraq vurğulayır ki, bütün vəzifəli şəxslər, məmurlar vətəndaşlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməli, qayğıları ilə yaşamalıdırlar. Sözügedən prinsip hələ cənab İlham Əliyevin dövlət başçısı seçildiyi ilk günlərdən özünü aydın göstərir. Hazırda cənab İlham Əliyevin məmurlardan dəyişməz tələbi bütün vəzifəli şəxslərin xalqa layiqli şəkildə xidmət göstərməsi, insanların qayğılarını hiss etmələri, mövcud problemlərinin həlli istiqamətində müvafiq addımlar atmalarıdır. Dövlət başçısının özü isə fəaliyyəti ilə bu fonda artıq olduqca gözəl bir nümunənin müəllifi kimi çıxış edir. Daim xalqın xidmətində olan dövlət başçısı hər zaman elə lideri olduğu xalqa arxalandığını böyük qürur hissi ilə bəyan edir və bildirir ki, onun əsas missiyası mənsub olduğu xalqa xidmət etməkdir. Bütün işlərində xalqına arxalanan dövlət başçısı bundan sonra da əsas işinin məhz xalqına xidmət etməkdən ibarət olacağını qürur hissi ilə vurğulayır və göstərilən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi sayəsində Azərbaycanda belə nəhəng miqyaslı işlərin görüldüyünə diqqət çəkir. Bu, həm də cənab İlham Əliyevin xalqına, Azərbaycan insanına nə dərəcədə böyük dəyər verməsinin real təzahürüdür.

Xalqın özünə rəhbər olaraq seçdiyi şəxsin dövlət başçısı kimi ötən 11 il ərzində fəaliyyəti qısa zaman kəsiyində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarıb. Bəzi hallarda müəyyən kateqoriyalar üzrə Azərbaycan liderlər siyahısının lideri olaraq dünya tarixinə öz adını həkk etdirib və etdirməkdədir. Bu kontekstdə qarşıdakı dövr ərzində uğurlu inkişaf yolunda cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hələ çox uğurlara imza atacağı heç bir şübhə doğurmur. Daim müdrik seçim etməyi bacaran xalqımızın bundan sonra da onu irəliyə doğru aparan liderinə tam dəstək verəcəyi birmənalıdır. Çünki müstəqilliyimizin əbədiliyinin, dövlətin hərtərəfli yüksəlişinin ən etibarlı təminatçısı olan Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan və həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx səfərbər olan xalqla lideri arasında özünü göstərən birlik sarsılmaz və əbədidir.

 





19.12.2014    çap et  çap et