525.Az

Yetkinlik yaşına çatmayanlarla bağlı növbəti tədbir keçirilib


 

Yetkinlik yaşına çatmayanlarla bağlı növbəti tədbir keçirilib<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib.

Toplantını giriş sözü ilə açan  ADİU-nun prorektoru, dosent Səadət Qəndilova tədbirin  məqsədini və müzakirə ediləcək mövzuları elan edib.

DİN-in Baş İctimai  Təhlükəsizlik İdarəsinin rəis  müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov "Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolu" mövzusunda  məruzə ilə çıxış edərək  tolerantlığın Azərbaycanın milli- mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələ olduğunu iştirakçıların nəzərinə çatdırıb. Sonra H.Eyvazov "Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması" və "Yetkinlik yaşına çatmayanların və gənclərin cinayətə meyilliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan  müdafiəsi sahəsində  daxili işlər orqanlarının rolu" mövzuları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.     Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli "Narkotiklər haqqında nə bilirik?" mövzusunda çıxış edib.

Məruzə və çıxışlarda göstərilən sahələrdə hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Mövzular ətrafında Azərbaycan Dövlət İqtisad Universitetinin prorektorları - Səadət Qəndilova və Əziz Əzizov, Səbail RPİ-nin aidiyyəti xidmət əməkdaşları da çıxış ediblər. Daha sonra geniş diskussiya aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb, ölkəmizdə yetkinlik yaşına çatmayanların və gənclərin maarifləndirmə işi ilə bağlı analoji tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarına müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib, həmçinin, broşura, jurnal və kitablar paylanılıb. 

 





19.12.2014    çap et  çap et