525.Az

Azərbaycanda turizm: ilin yekunları


 

Azərbaycanda turizm: <b style="color:red">ilin yekunları</b>

2014-cü ildə turizm şirkətlərinin fəaliyyətinin əsas göstəriciləri

Vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılıb. Bu portal vasitəsilə turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.

2014-cü il ərzində 72 turizm şirkətinə xüsusi razılıq (lisenziya) verilib. Bu şirkətlərdən 71-i Bakı şəhəri, 1-i isə Gəncə şəhəri ərazisində yerləşir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır. Bu şirkətlərin təqribən 35 faizi gəlmə və daxili turizm, 65 faizi isə getmə turizm növü ilə məşğul olur.

2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5 faiz artım müşahidə olunub. Bu da ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının, sahibkarların bu sahəyə marağının artmasının və turizmin davamlı olaraq inkişafının göstəricisidir.

Cari ildə turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub. 2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə olunan gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 mln AZN-dən artıq təşkil edib. Bu da keçən ilin analoji dövrü (14 mln AZN) ilə müqayisədə 14,3 faiz çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 mln AZN) isə keçən ilin analoji dövrü (1,3 mln AZN) ilə müqayisədə təqribən 53,8 faiz çox olub.

Turizm şirkətləri ilk növbədə Azərbaycan Turizm Assosiasiyası və bu ildən fəaliyyət göstərən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (sağlamlıq turizmi üzrə), həmçinin Azərbaycan Konqreslər Bürosu (MİCE turizmi üzrə) çərçivəsində sıx əməkdaşlıq edirlər.

Eyni zamanda, qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırılır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

"CNN" telekanalı ilə əməkdaşlıqda uğurlu məqamlar

Nüfuzlu "CNN" telekanalı ilə 2006-cı ildən əməkdaşlığa başlanıb və 2012-ci ildən etibarən bu televiziya kanalı ilə planlı şəkildə birgə fəaliyyət uğurla davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyi və “CNN” televiziya kanalı arasında əməkdaşlıq çərçivəsində həmin kanalda ölkəmizə həsr olunmuş müvafiq video çarxların, habelə verilişlərin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində ölkəmizə həsr olunmuş iki video çarxın hazırlanıb və həmin çarxlar nümayiş etdirilib. "CNN"-in məşhur "Eye on" verilişinin Azərbaycana həsr olunması, habelə atoz.az saytının yaradılması təmin edilib.

Bununla yanaşı məşhur kanalın ölkəmizlə bağlı verilişlərin yayımlanması çərçivəsində qeyd etmək yerinə düşər ki, Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forum zamanı “CNN” televiziya kanalının məşhur müxbiri Richard Quest ölkəmizin iqtisadi inkişafı mövzusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibə götürüb.

Bu il "CNN" telekanalı ilə əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış ölkəmizin turizm imkanlarına həsr olunan 1 dəqiqəlik və 45 saniyəlik video çarxların nümayiş etdirilməsi Azərbaycanın turizm ölkəsi kimi dünyaya tanıdılmasında mühüm rol oynayır.

Bir vacib məqamı qeyd etmək lazımdır ki, "CNN" telekanalını Avropa, Yaxın Şərq, Afrika və MDB ölkələrindən gün ərzində 182 milyon tamaşaçı izləyir və Azərbaycana dair yayımlanan həm verilişlər həm də reklam çarxları milyonlarla auditoriya tərəfindən izlənilir.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın yüksək imicinin təbliğatının aparılması, ölkəmizdə həyata keçiriləcək beynəlxalq tədbirlərin işıqlandırılması və turizm imkanlarının tanıdılması baxımından növbəti 2015-ci ildə də əməkdaşlığımızın davam etdirilməsi planlaşdırılır.

Bakıda şəhər turu

Ölkəmizdə turizm xidmətinin keyfiyyətini artırılması, Bakı şəhərində yerli və xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən biri də "Şəhər turu" layihəsidir.

Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi balansında olan 3 ədəd MAN Gülərüz Kobra markalı ikimərtəbəli üstüaçıq 70 nəfərlik (20 yer birinci mərtəbədə və 50 yer ikinci mərtəbədə) avtobusları "City Sightseeing Baku" şirkətinin istifadəsinə verib.

Cari ilin 03-05 aprel tarixlərində "AİTF" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı Expo Mərkəzində "Şəhər turu" layihəsinin təqdimat mərasimi keçirilib.

Dünyanın 33 ölkəsinin 104 şəhərində fəaliyyət göstərən "City Sightseeing Worldwide" şirkətinin rəhbərliyi də bu tədbirdə iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi təkliflər əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Şəhər turu"nun marşrut xətti və dayanacaqları təsdiq edilib. Sözügedən marşruta əsasən 15 dayanacaq nöqtəsi yaradılıb: Azadlıq meydanı; Heydər Əliyev Mərkəzi; Müasir İncəsənət Muzeyi; Qız qalası; "Four Seasons" mehmanxanası, "İçərişəhər" metro stansiyası; Alov qüllələri; Dağüstü Park; "Bəhram Gur" heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; "Panorama" əyləncə çarxı; "Azneft" Meydanı; Kukla teatrı; Muzey Mərkəzi; "7 Gözəl" fəvvarəsi.

Hər bir 15 nöqtədə quraşdırılmış dayanacaq lövhəsində dayanacağın nömrəsi və avtobuslar arasında olan zaman intervalı qeyd edilib.

Bütün bunlarla yanaşı, turistlərə və qonaqlara göstərilən xidmətin daha da yüksəldilməsi məqsədilə mehmanxanalar tərəfindən qabaqcadan məlumatlandırılan zaman, avtobuslar Abşeron Marriott mehmanxansının qonaqlarını götürmək üçün Dəniz limanının qarşısında, Fairmont mehmanxansının qonaqları üçün Alov qüllələri binasının önündə, habelə Riviera Otelinin qonaqları üçün otelin aşağı yolunda qısa dayanacaqlar edirlər.

"Şəhər turu" marşrutunun uzunluğu 23 km, turun müddəti isə 1 saat 30 dəqiqə təşkil edir. "Şəhər turu"ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində audioqid sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olur və aidiyyəti məlumatları ala bilir.

Bundan başqa, "Şəhər turu" marşrutunda istifadəçilərə xidmət səviyyəsinin daha da genişləndirilməsi məqsədilə hər 3 avtobusda yüksək sürətli ödənişsiz simsiz internet quraşdırılmışdır. Bu isə "Şəhər turu"nda iştirak edən hər bir şəxsə ekskursiya zamanı çəkdikləri fotoşəkilləri və videofaylları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır.

Hər bir "Şəhər tur"larında iştirak etmək üçün biletləri avtobusların daxilində, Bakı Turizm İnformasiya Mərkəzində (Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küç. 36.) yaradılmış bilet satışı məntəqəsində əldə edə bilər.

Bundan başqa, turistlərin və Bakıya gələn qonaqların rahatçılığı üçün Bakı şəhərində fəaliyyət göstərən bir sıra mehmanxanalarda (Fairmont, Four Seasons, Park İnn, Riviera, Grand, Gəncəli və s.) bilet satışları həyata keçirilir.

Onlayn satış üzrə liderlərdən olan "BeSmart" və "Bonuslar" şirkətləri ilə birgə bir sıra müxtəlif endirim kampaniyaları da keçirilib.

Fəaliyyətə başladığı dövrdən təxminən 16 min yerli və xarici qonağa xidmət göstərilib (bunlardan 7 min nəfəri əcnəbilərdir).

Günbəgün gözəlləşən və inkişaf edən Bakının yerli və xarici qonaqlarını "Şəhər turu"ndan istifadə etməyə dəvət olunur.

 





19.12.2014    çap et  çap et