525.Az

Yeni avtobusların nə üstünlüyü var?


 

Yeni avtobusların nə üstünlüyü var?<b style="color:red"></b>

AzərTAc Bakıya gətirilən yeni sərnişin avtobusları barədə məlumat yayıb.

Paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov AzərTAc-a Bakıya gətirilən yeni avtobusların əsas üstünlükləri barədə danışıb.

O bildirib ki, bu günlərdə Bakıya Türkiyədə yerləşən zavodda yığılan “İsuzu” markalı 50 avtobus gətirilib:

“Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir.

Bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Yəni əvvəlki kimi sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır”.

Yeni avtobusların hansı istiqamətdə işləyəcəyi ilə bağlı sualı cavablandıran MMC-nin nümayəndəsi qeyd edib ki, bu avtobuslar yaxın günlərdə əvvəlcə 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək. Gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək”.

 





19.12.2014    çap et  çap et