525.Az

“Bizə lazım olan mütəxəssisi orta məktəbdə itiririk”


 

“Bizə lazım olan mütəxəssisi orta məktəbdə itiririk”<b style="color:red"></b> “Biz nə qədər keçmişimizlə fəxr etsək də, açıq etiraf etmək lazımdır ki, bütün postsovet məkanında elm dərin böhrandan hələ ki çıxa bilməyib”.

Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib. Onun sözlərinə görə, təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil.

“Bizim Milli Elmlər Akademiyası da islahatlara başlayaraq hələ qarşımızda qoyulan hədəfləri qət edə bilməyib. Elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri hələ də müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçirilə bilməyib”.

AMEA prezidenti onu da vurğulayıb ki, elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və gənc yüksək ixtisaslı kadrların qıtlığıdır.

“Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adı çəkilən və adı çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq.

Hər bir Azərbaycan aliminin əldə etdiyi nailiyyət tək onun şəxsi nailiyyəti deyil, onun qazandığı uğurla dövlət də, cəmiyyət də, millət də fəxr edir.

Açıq etiraf eləmək lazımdır ki, bizdə hələ də elm və iqtisadiyyat ayrı-ayrı məkanlarda cərəyan edən proseslər olaraq qalır. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidirlər”.
 





19.12.2014    çap et  çap et