525.Az

"Üzümüzü orta məktəbə tutmalıyıq"


 

"Üzümüzü orta məktəbə tutmalıyıq" <b style="color:red"></b> “Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq. Aydındır ki, məktəb də islahat prosesindədir”.

Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib. O qeyd edib ki, orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır.

“Bugünkü təhsilimizdə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur. Virtual məkandakı təhsil interaktivliyin tamamilə yeni səviyyəsini bərqərar etməyə imkan verir, biliklərə yiyələnmə prosesini olduqca maraqlı edir. Yalnız yeniləşən məktəb Azərbaycan elminin inkişafı üçün hava-su kimi lazım olan şəxsiyyəti formalaşdıra bilər. Lakin faktlar göstərir ki, şagirdlər arasında iqtisadi və humanitar elmlərə maraq artır, fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq gündən-günə azalır. Sözsüz ki, bu üçlük: orta məktəb – universitet – Elmlər Akademiyası öz fəaliyyətini elə qurmalıdır ki, gələcək alimi biz 7-ci – 8-ci sinifdə aşkar edib, onunla işləməyə başlasın. Yalnız belə olan halda biz bugünkü mənfi tendensiyaları sındırıb yeni istedadlı nəslin elmə gəlməsini təmin edə bilərik”.

Onun sözlərinə görə, bu gün Azərbaycan elminin maliyyələşməsi həm də qrant yolu ilə həyata keçirilir. “Aktiv işləyən elmi qrupların dəstəklənməsinə yönəlmiş qrant sistemi, sözsüz ki, müasir tələblərə uyğur olaraq təkmilləşməli və bunların kifayət qədər böyük hissəsi gənc alimlərin formalaşmasına yönəldilməlidir. Biz həm tələbələrə, həm ilk elmi dərəcəni almaq üçün çalışan gənc alimlərə, həm də artıq elmi dərəcəsi olan gənc kadrlara müstəqil elmi araşdırmalar üçün imkanlar yaratmalıyıq.

Bəzi hallarda Respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır. Misal üçün, eksperimental işlərin aparılması hansı isə cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burda tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmasıdır. Əks halda effektiv elmi işdən söhbət belə gedə bilməz”.

A. Əlizadə vurğulayıb ki, dünya miqyasında hazırkı sürətli inkişafın nəticəsi olaraq insan fəaliyyətinin bütün sahələrində intensiv, eyni zamanda, ziddiyyətli proseslər gedir. “Xüsusən də informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində sürətlə qloballaşan və virtuallaşan dünya xeyli sayda problemlərlə üzləşir. Alimlərin rəyinə görə, indi həm ekosistem, həm də sosiosistem əvvəlki dövrlərdən fərqli olaraq, yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, müasir dünya dini, ideoloji və milli münaqişələrin doğurduğu müharibələr, siyasi çaxnaşmalar, iqtisadi böhranlar, – bir sözlə, total sosial xaos, təbii fəlakətlər və kəskin ekoloji problemlər kimi kataklizmlərlə xarakterizə olunur”.
 





19.12.2014    çap et  çap et