525.Az

Aİ-dən Türkiyəyə diplomatik həmlə: Brüssel strategiyanı dəyişir?


 

Aİ-dən Türkiyəyə diplomatik həmlə: <b style="color:red">Brüssel strategiyanı dəyişir?</b>

Rusiyanın dövlət başçısının Ankaraya səfərindən sonra Avropa İttifaqının fəallaşdığı müşahidə edilir.

Bu dəfə Türkiyə paytaxtına təşkilatın yüksək vəzifəli məmurları təşrif buyurublar. Bundan başqa, İngiltərənin baş naziri D.Kameron da Türkiyəyə gəlib. Belə bir aktivliyin səbəbsiz olmadığını vurğulayan ekspertlər məsələni qlobal miqyasda baş verən proseslər aspektində qiymətləndirirlər. Faktiki olaraq Türkiyənin geosiyasi əhəmiyyətinin artdığı barədə tezislər irəli sürülür ki, bu da bir tərəfdən, ölkəni geosiyasi rəqabət meydanına çevirir, digər tərəfdən də daha həssas bir mövqeyə gətirir. Rəsmi Ankaranın bu halda necə addım atacağı maraq doğurur. Yaxın perspektivdə böyük bir geosiyasi məkana təsir göstərə biləcək proseslərin başlaması istisna olunmur.

Səfərlər: Moskvadan sonra Brüssel

Vladimir Putinin Ankaraya səfərindən az müddət sonra Brüssel Türkiyəyə "diplomatik desant" göndərdi. Avropa İttifaqının yüksək rütbəli məmurları – təşkilatın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi F.Moqerini, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Y.Han, humanitar yardım və böhranların idarə edilməsi üzrə komissar X.Stilianidis nümayəndə heyətinin tərkibində olublar. Bunlardan sonra isə İngiltərənin hökumət rəhbəri D.Kameron həmin ölkəyə səfər edib.

Bir-birinin ardınca Türkiyəyə gələn Avropa diplomatlarını bu dərəcədə maraqlandıran hansı problemlər olub? Şübhə yoxdur ki, Aİ ciddi səbəb olmadan bir neçə vəzifəli şəxsini Ankaraya göndərməzdi. Ekspertlər bu aspektdə bir neçə faktoru xüsusi qeyd edirlər (bax: məs., Андрей Арешев. Могерини в Турции: евроинтеграция или евромайдан? / Фонд стратегической культуры, 9 dekabr 2014).

Hər şeydən əvvəl, Rusiya prezidentinin Türkiyəyə səfərində müzakirə edilən məsələlər və əldə olunan razılaşmalardan bəhs olunur. Qərbi daha çox Moskva ilə Ankara arasında qaz və nüvə enerjisi sahələrini əhatə edən razılıqlar narahat edib. Rusiya dövlət başçısı Ankarada "Cənub axını" layihəsindən imtina etdiklərini və qaz ixracının nəqli marşrutunu əsas olaraq Türkiyə ərazisi vasitəsi ilə həyata keçirəcəklərini bəyan etdi. Eyni zamanda, Moskva Türkiyənin Yunanıstana yaxın əyalətində qaz anbarı inşa etməyi də təklif edib (bax: Владислав Воробьев. ЕС пытается украсть у Анкары миллиарды долларов / "Российская газета", 9 dekabr 2014).

Bunlardan başqa, iki ölkə qarşılıqlı sərmayə yatırımı üçün əlverişli şərait yaratmaq haqqında ortaq mövqeyə gəliblər. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarını idxal etməyə hazır olduğunu bildirib, Ankara da buna razılıq verib.

Bu razılaşmalardan aydın olur ki, tərəflər əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Burada ekspertlər Krım tatarları məsələsinin bir qədər arxa plana atılmasına diqqət yetirirlər. Ankarada yalnız bununla bağlı hər hansı problemin olmayacağı haqqında fikir bildirilib. Yarımadanın Rusiya tərəfindən nəzarətə götürülməsinə və Ukraynanın şərqində baş verənlərə münasibətdə isə Türkiyə rəhbərliyinin mövqeyi dəyişilməyib. Suriya ilə bağlı da Ankara ilə Moskva arasında müəyyən fikir ayrılıqları qalmaqdadır (bax: Hilal Köylü. Türkiye ile AB yakınlaşır mı? / "Deutsche Welle", 9 dekabr 2014).

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Aİ təmsilçilərinin Türkiyəyə səfəri daha çox geosiyasi məzmun daşıyırdı. Aparılan müzakirələrin qlobal geosiyasi proseslərlə bağlılığı şübhə doğurmur. Ancaq mütəxəssislərin əksəriyyəti Brüsselin Ankaraya təzyiq göstərmək niyyətindən danışırlar. Doğrudur, rəsmi olaraq prezident R.T.Ərdoğan onlara kimsənin təzyiq etmədiyini bildirib (bax: Rusya’ya yaptırım bilmecesi / "Milliyet", 9 dekabr 2014).

Məsələnin məğzi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin də qoşulması tələbindən ibarətdir. Ankara bu addımı atmayacağını, xarici siyasətdə əsasən öz maraqlarına uyğun hərəkət etdiyini və bundan sonra da edəcəyini açıq bəyan edib. Reallıqda Aİ nümayəndələri ilə prezident R.T.Ərdoğanın bu məsələni müzakirə edib-etmədiyi haqqında dəqiq məlumat yoxdur. Lakin onun gündəmə gəlməsi məntiqli görünür.

Geosiyasi manevrlər: Türkiyəni haraya apara bilər?

Çünki Rusiya prezidentinin Türkiyəyə səfəri faktiki olaraq iki ölkənin yüksək səviyyəli strateji tərəfdaşa çevrilməsi yolunda mühüm addım hesab oluna bilər. Analitiklər məhz həmin kontekstdə sual edirlər: "Avropa İttifaqı xarici siyasətdə yeni mərhələyəmi keçir?" (bax: Fatma Yılmaz-Elmas. Mogherini’nin Türkiye Ziyareti: AB ve Türkiye Açısından Önemi / USAK, 9 dekabr 2014). Təhlillərdə bu dəyişikliyin baş verdiyinə inam ifadə olunur. Brüssel Türkiyənin geosiyasi əhəmiyyətinə daha dərindən yanaşmağa məcburdur. Bunun iki səbəbi vardır: birincisi, Avropa İttifaqı böhran içindədir; ikincisi, Türkiyə iqtisadiyyatı dinamik inkişaf dövrünü yaşayır.

Bunlarla yanaşı, Yaxın Şərq və Avrasiya məkanında müşahidə edilən proseslər Brüsselin Ankaraya ehtiyacını artırır. Qərbin dünyada etibarlı dostlarının sayı azalır. Bunun səbəbkarı ilk növbədə Qərbin böyük dövlətlərinin xarici siyasətdə ikili yanaşmalara üstünlük verməsidir. Yaranmış bu vəziyyəti düzəldə biləcəklərmi? Bunu zaman göstərəcək.

İndi isə Aİ rəsmiləri Türkiyə ilə İŞİD, Suriya və Rusiya məsələsində ortaq mövqeyə gəlmək istiqamətində müzakirələr aparmaqdadır. Əvəzində, təşkilata üzvlüyün sürətlənə biləcəyi kimi şirnikdirici təklif edilir (bax: Ольга Кузнецова. Евросоюз торопится вступить в Турцию / "Коммерсантъ", 10 dekabr 2014). Hətta türk diplomatlar zarafatla "Putin Türkiyəyə tez-tez gəlsə, Aİ daha sözəbaxan olar", – deyirlər.

Doğrudan da, Brüssel Ankaraya Suriya qaçqınları üçün 70 milyon ABŞ dolları məbləğində yardım ayırmağa söz verib, Türkiyə ilə üzvlük müzakirələrini genişləndirmək və sürətləndirmək niyyətini ifadə edib, bütün sahələrdə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu çatdırıb. İŞİD məsələsində də Ankara ilə ortaq fəaliyyət göstərilməsinin zəruriliyi vurğulanıb.

Bunlar, şübhəsiz, maraqlı informasiyalardır. Bəs Türkiyə rəsmiləri belə vədlərə inanırmı? Digər tərəfdən, neçə illərdir ki, rəsmi Ankara Brüsselə yuxarıda sadalananlardan daha səmərəli əlaqələr qurmaq barədə təkliflər irəli sürür, ancaq onlara Brüssel maraq göstərmirdi. İndi isə, nədənsə, özü bu aspektdə fəallaşıb.

Bir sıra mütəxəssis hesab edir ki, bu proseslər Türkiyənin geosiyasi rəqabət meydanına çevrildiyini göstərir (bax: əvvəlki mənbəyə). Qərb Rusiya və Çinlə münasibətlərdə meydana çıxan çətinliklərin fonunda Yaxın Şərqdə həlledici rol oynayan ölkələrdən biri olan Türkiyəni itirmək istəmir. Bunu Moskva və Pekin də yaxşı dərk edir. Rusiyanın özünün iqtisadi vəziyyətinin getdikcə ağırlaşdığı bir zamanda Türkiyəyə üz tutması həmin kontekstdə anlaşılandır. Rəsmi Ankaranın özü üçün yaranmış bu əlverişli şəraitdən necə yararlana biləcəyi isə başqa məsələdir.

Proseslər təsdiq edir ki, hələlik Türkiyə rəhbərliyi uğurlu manevrlər edir. Rusiya bu ölkəni enerji tranziti üzrə əsas tərəfdaş kimi tanımağa hazırdır. Bu məsələ Cənubi Qafqaz və Mərkəzi Asiyada iki ölkənin geosiyasi maraqlarının yaxınlaşmasına təkan verə bilər.

Avropa İttifaqı da Türkiyə ilə əlaqələri yeni səviyyəyə qaldırmağa çalışır. Burada geosiyasi və iqtisadi maraqlar bir-biri ilə kəsişir. Maraqlıdır ki, hər iki istiqamətdə qətiyyətli görünən Ankara Moskva ilə Brüssel arasındakı ziddiyyətləri özünün onlarla münasibətləri müstəvisinə buraxmır. Türk diplomatlar bu barədə açıq danışırlar.

Bunlar Türkiyənin qlobal geosiyasətdə daha yüksək nüfuz sahibi olmasına aparıb çıxara bilərmi? Hadisələrin gedişi məntiqində bu suala müsbət cavab vermək mümkündür. Lakin reallıq həmişə sürprizlər edə bilir. Həm də unutmaq olmaz ki, böyük dövlətlər müəyyən həddə qədər özlərindən bir qədər zəif olanlara güzəşt edə bilirlər. Bundan sonra nələrin baş verə biləcəyini proqnozlaşdırmaq çətindir. O cümlədən Qərb-Rusiya qarşıdurması daha kəskin mərhələyə yüksələrsə, onların Ankaraya münasibətinin hansı məzmun alacağı məlum deyil.

Göründüyü kimi, Aİ rəsmilərinin Türkiyəyə səfərləri hansısa yeni mərhələnin başlanğıcı ola bilər. Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmadığı halda Brüsselin buna necə reaksiya verəcəyindən çox şey asılıdır. İqtisadiyyatı getdikcə zəifləyən Rusiya qəfil Qərbə güzəştə gedərsə, onda Türkiyə üçün hansı ssenarilər hazırlanacaqdır? Bu kimi suallar çoxdur. Cavablar isə hələlik yoxdur.

Newtimes.az

 





18.12.2014    çap et  çap et