525.Az

"Yüzillər keçsə də bu ayrılıqdan..."


 

XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT

"Yüzillər keçsə də bu ayrılıqdan..." <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

O taylı-bu taylı Azərbaycanın bütövlük simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq mübarizəsinin bənzərsiz tərənnümçüsüdür. Onun şəxsində sanki iki şair birləşmişdir. Oxucuya elə gəlir ki, o, şeirlərinin bir hissəsini Bakıda, digər hissəsini isə Təbrizdə yazır. Təbriz şeirləri azadlıq hayqırır, nifrət və qəzəb püskürür. Bakı şeirləri isə gülümsəyərək səadət nəğməsi oxuyur. Bu iki motiv onun poeziya qartalının iki möhkəm qanadıdır.

Xalq şairi Xəlil Rza S.Tahirin poeziyasını Araz üstündə bitmiş nəhəng palıd ağacına bənzətmişdir. Bu ağac sərhəd xəttinə məhəl qoymadan ayrılmaz bütöv Azərbaycan torpağından şirə çəkir, Arazın qan rəngli suyundan içir və başı üstündəki günəşdən yarpaq-yarpaq udaraq böyük baharı gözləyir...

Söhrab Tahir məslək və tale şairi, daha dəqiq desək, taleyini yazan şairdir. O, keşməkeşli və maraqlı bir həyat yolu keçmişdir. Elə söhbətimizə də onun nisgilli və həsrət dolu həyat yolundan başladıq.  

- İlk kitabınız nə vaxt çap olundu?

- O illərdə ədəbi almanaxlarda, süqut etmiş Milli Hökumətə, ayrılıq və həsrətə həsr olunmuş çoxlu şeirlərim çıxırdı. Mən həm də ərəb əlifbası ilə çıxan "Azərbaycan" qəzetində işləyirdim. Bir gün rəhmətlik İsmayıl Şəms redaksiyaya gəldi. O, gözəl ərəbşünas idi və Azərnəşrdə işləyirdi. Dedi ki, səni "Azərnəşr"in direktoru Qılman İlkin çağırır. Qılman müəllimin otağında ədəbi şuranın iclası gedirdi. Şuranın üzvləri Süleyman Rüstəm, Əli Vəliyev, Süleyman Rəhimov, Bayram Bayramov və başqaları hansı məsələnisə müzakirə edirdilər. Qılman İlkin soruşdu: "A bala, nə istəyirsən?" Dedim: "Qılman müəllim, məni siz çağırmısınız, Söhrab Tahirəm..." Qılman müəllim gülməyə başladı, o birilər də ona qoşuldular. Doğrusu, pərt oldum. Q.İlkin dedi: "Bilirsən, niyə gülürük? Sənin almanaxlardakı şeirlərini oxumuşuq. Elə təsəvvür edirdik ki, saçlı-saqqallı, yaşlı bir kişisən. Sənsə cavan oğlansanmış. Nə isə kitabını çap eləmək istəyirik. Bir həftəyə şeirlərini hazırla, nəşriyyata təhvil ver".

"Ay işığında" ilk şeirlər kitabım belə işıq üzü gördü. Onda mən Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin dördüncü kurs tələbəsi idim. Hörmətli professorumuz Əli Sultanlı bir gün mühazirəsini yekunlaşdırandan sonra ciddi şəkildə dedi: "Söhrab, sən mənim qızımı niyə ağlatmısan?" Çaşıb qaldım: "Professor, mən sizin qızınızı heç tanımıram, onu necə ağlada bilərəm?" Dedi: "Yox, ağlatmısan, özü də çox bərk ağlatmısan". Sonra gülə-gülə dedi ki, qızım onuncu sinifdə oxuyur. Anası görüb ki, qız otağına çəkilib ağlayır. Bərk narahat olur. Nə qədər təkid etsə də, qız heç nə demir. Bir xeyli keçəndən sonra onun otağına girib görür ki, qız gözüyaşlı yatıb, "Ay işığında" kitabı da sinəsinin üstündə.

Böyük insanların zarafatları da unudulmaz olur. Əslində, Əli Sultanlı bu hərəkəti ilə mənim ilk kitabımı təqdir edir, yaradıcılığımı bəyəndiyini bildirirdi...

1956-cı ildə çıxan ilk kitabım şeirsevərlər tərəfindən maraqla qarşılandı və məni ədəbi yaradıcılıqla daha ciddi məşğul olmağa ruhlandırdı. İndiyədək 21 cild əsərlərim çap olunub. 57 poemanın, 18 romanın, 75-dən çox hekayənin müəllifiyəm. Hələ çap olunmamış xeyli məqaləm, yol qeydləri və xatirələrim, məktublarım var. Sağlıq olsun, imkan daxilində onları da çap üçün hazırlayacam.

-Söhrab müəllim, özünüzün də dəfələrlə qeyd etdiyiniz kimi, sizin yaradıcılığınızda M.Qorki adına iki illik Ali Ədəbiyyat kursunun çox müsbət təsiri olub...

-Bəli, doğru deyirsiniz. 1959-cu ildə Məmməd Arazla birlikdə Moskvaya oxumağa getdik. Moskva həyatı, kursa gələnlərin fəallığı, buradakı yaradıcılıq mühiti, sözün əsl mənasında məni valeh etdi. İki-üç aya rus dilində sərbəst danışmağı öyrəndim. Bizə hər yerdə hörmətlə yanaşırdılar. Cənubdan olduğum üçün mənə "şahzadə" deyirdilər. Ölkənin müxtəlif guşələrindən gələn 40 nəfər istedadlı gənclə ünsiyyət qurmaq, onların yaradıcılıqları ilə tanış olmaq mənim üçün çox maraqlı idi. Astafyev, Yevtuşenko, Şoloxov, Simonov və başqa məşhur yazarlarla tez-tez görüşlər təşkil olunurdu. Ölkənin hansı naziri ilə görüşmək istəyirdiksə, bir həftəyə onunla görüş təşkil edilirdi.

Bircə Şoloxovla görüş iki ay gecikdi. Görüşdə də heç nə danışmadı, onun əvəzinə biz danışdıq. Simonov isə hamımızı heyran etdi: həm nəğməkar şair, həm də gözəl nasir idi. O illərdə "Ölülər və dirilər" əsəri çox məşhur idi. Deyirlər ki, onun "Sənsiz-səninlə" şeirlər kitabının birinci nəşri cəmi üç nüsxədən ibarət olub. Kitabın siqnal nüsxəsini Stalinə verirlər. O, kitabı oxuyandan sonra Simonovu yanına çağırıb deyir: "Kitabın çapına icazə verdim. Ancaq üç nüsxə çıxacaq - biri sənin, biri mənim, biri də arxivin...".

Yaradıcı adamlarla, ictimai-siyasi xadimlərlə görüşlər, muzeylərə, tarixi yerlərə səyahətlər, qızğın ədəbi diskussiyalar bizi mənən zənginləşdirirdi. Bir də iki il Məmməd Arazla birlikdə olmaq, onunla dostluq etmək böyük xoşbəxtlik idi. Məmməd şeirləri qədər saf, duru adam idi. Təfəkkürü də çox aydın və işıqlı idi. Şeir oxuyanda onu tanımaq olmurdu, gözləri gur projektor kimi işıq saçır, ruhu qanadlanırdı. Onun fəlsəfi-lirik şeirləri klassik və müasir Azərbaycan ədəbiyyatının ən qiymətli inciləri sırasındadır.

-Sizin yaradıcılığınızda ana nisgili qırmızı xətt kimi keçir...

-Hər bir insanın anası onun üçün əzizdir. Ancaq mən ağlım söz kəsəni anamın necə ağır məhrumiyyətlərə qatlaşdığının şahidi olmuşam. 11 illik sürgün həyatı, ailə-məişət qayğıları onun qəddini əymişdi. Atam düşdüyümüz bəlaların səbəbini onun Surəviyə qaçan dayılarında görürdü. Anam atamın qorxusundan evdə ağlaya bilmirdi, ürəyini boşaltmaq üçün qonşuya gedirdi. Sürgündə uzun illər ayaqqabı almağa imkanımız olmadığı üçün atamın ayaqqabılarının burnuna corab tıxayıb geyirdi. Özü haqda fikirləşmək belə istəmirdi. Fikri-zikri övladları, bir də atam idi. Bir də mən anamdan çox erkən ayrılmışdım və bu nisgil də ürəyimi dağlayırdı.

Ana... səsləyirəm əyilir başım,
Tutur gözlərimi isti göz yaşı.
Dönüb mən Araza baxıram, birdən
Elə bil o coşqun sular içindən
Anam xəyal kimi boylanır baxır,
Qəmli gözlərindən onun yaş axır...

Anam da mənim üçün çox darıxırdı. Bunu onun dörd-beş aya gəlib çıxan məktubları da deyirdi. Mənim o taya getməyim mümkün deyildi. Onun bura gəlməsinə isə müxtəlif əngəllər yaradırdılar. İranın təhlükəsizlik idarəsi 7 il anamı süründürdü. Axırda anam gedib girmişdi idarənin rəisi general Müqəddəmin qəbuluna: "Mən qocalmışam, bil ki, oğlumu görməsəm, ölməyəcəm. Babalım da qalacaq sənin boynunda!" İranlılar belə şeydən çox qorxurlar. General durub anamın çiynini qucaqlayır: "Mənə qarğış eləmə, ay bacı. Bir həftəyə sənə viza verəcəyəm".

Anam Rəşt şəhərindən Quriyev gəmisi ilə gəldi. Yalan olmasın, Bakının yarısı dəniz vağzalına yığılmışdı. Yazıçılar, şairlər, jurnalistlər, ədəbi ictimaiyyətin nümayəndələri onu tək mənim anam kimi yox, millətin anası kimi qarşıladılar. Elə bil Təbriz Bakıya qonaq gəlmişdi. Qələm dostlarım Mir Cəlal, Nəbi Xəzri, Cabir Novruz, Məmməd Araz, Xəlil Rza, Nəriman Həsənzadə və başqaları anamı qarşılayanlar arasında idilər.

...Anam məni tanımadı. 1925-ci ildə bu taya keçmiş kiçik qardaşı İsrafilə oxşatdı. Dedi: "İsrafil, sənsən? Bəs Söhrab hanı?" Cavab verdim ki, ay ana, mən Söhrabam, İsrafil dayım indi gələcək... Ürəyinin başına bir yumruq vurdu və yıxıldı. Sərhəd Xidmətinin əsgərləri mane olmaq istəsələr də, özümü irəli atıb onu qollarımın üstündə qaldırdım. Çox təsirli mənzərə yaranmışdı. Körpüdən düşəndə özünə gəldi. Dedi: "Qoy məni yerə". Sonra sarıldı boynuma və başladı ağlamağa.

Anamla bərabər onu qarşılamağa gələnlər də ağlayırdılar. Anam çevrilib onlara baxdı: "Bunlar niyə ağlayırlar?" Dedim: "Sevincdən ağlayırlar. İki aydır ki, hər gün gəlib burda Quriyev gəmisini gözləyirəm ki, gəmi gələr, xəbərim olmaz..."

Anamı apardım evə. Hər gün dəstə-dəstə adamlar görüşünə gəlirdilər. Onu Gəncəyə, Göygölə, Şamaxıya, Qubaya aparıb gəzdirdim. O ərəfədə Moskvada yazıçıların tədbiri vardı. Onu da aparmaq istədim, getmədi. Zarafatla dedi ki, oğlum məni Moskvaya aparıb şair eləmək istəyir. Altı ay güc-bəla ilə Bakıda saxlaya bildim...

- Söhrab müəllim, o tayda nə itirdiniz, bu tayda nə qazandınız?

- O tayda cavanlığım qaldı, bu tayda taleyim formalaşdı. Bura təhsil almağa gəlməsəydim, bəlkə də, atam kimi dəmirçi olacaqdım, ya da zabit. Burada öz doğma dilimdə ürəyimcə təhsil aldım, cild-cild kitablarım, əsərlərim çap olundu. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Şüvəlanda yazıçıların yaradıcılıq evinin açılışına gəlmişdi. Çıxış üçün söz mənə veriləndə müxtəlif məsələlərdən danışdım, sözarası da dedim ki, özümü burda qərib hiss edirəm. Sözümü kəsdi: "Şair, dayan. Sən niyə özünü qərib hesab edirsən? Biz bir ata-ananın övladlarıyıq. Sənə heç qardaş deməyə haqqımız yoxdur. Qardaş özbəyə, qazaxa, qırğıza deyə bilərik. Sən qərib deyilsən, öz doğma vətənində, evindəsən". Bu sözlərdən sonra gurultulu alqışlar salonu titrətdi... Heydər Əliyev xalq şairi fəxri adına təqdim olunanların siyahısına baxanda deyibmiş: "Mənə Yazıçılar Birliyinin birinci üzvlük vəsiqəsini verəndə demişdiniz ki, sizin işinizə qarışmağa, məsləhətlər verməyə haqqım var. Ona görə məsləhət görürəm ki, bu siyahıya Söhrab Tahirin də adını əlavə edin". Bütün bunları ona görə deyirəm ki, mən bu tayda həmişə böyük qayğı, diqqət görmüşəm. Bir balaca kefsiz olanda qələm dostlarım pərvanə kimi başıma fırlanıblar. Ağsaçlı müəllimlərimi - Muxtar Hüseynzadəni, Cəfər Xəndanı, Əli Sultanlını, Əlövsət Abdullayevi, Abbas Zamanovu və başqalarını dərin minnətdarlıqla xatırlayıram. Bir dəfə mənə sual verdilər ki, Savalan üçün çox darıxırsan? Dedim, çox darıxardım, əgər burdakı Salavan vüqarlı kişilər olmasaydı...

Qismətimə ayrılıq, nisgil və kədər düşsə də, taleyimdən narazılıq etməyə haqqım yoxdur. Xalq şairi kimi yüksək fəxri ada, "Şöhrət" ordeninə, fərdi Prezident təqaüdünə layiq görülmüşəm. Hər gün oxuculardan onlarca məktub alıram. Əsərlərimin yenə də həvəslə oxunduğunu, onların təkrar nəşr edildiyini eşidəndə qəlbin fərəh hissi ilə dolur...

Söhbətimizin sonunda bir məqamı da vurğulamaq istəyirəm. Həsrət nə qədər üzücü olsa da, xalqımız mütləq vüsala qovuşacaq - parçalanmış Azərbaycan mütləq birləşərək bütövləşəcək.

Yüzillər keçsə də bu ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq!
Bir gün mənim xalqım birləşən zaman
Dünyada ən zəngin bir xalq olacaq!

-Arzularınız çin olsun, Söhrab müəllim və o tarixi gündə də belə gənclik coşqusu ilə vüsal nəğmələri oxuyasınız! 

Əlipənah BAYRAMOV,
Əməkdar mədəniyyət işçisi, H. B. Zərdabi mükafatı laureatı 

 





18.12.2014    çap et  çap et