525.Az

Gənc kuratorların işləri seriyasından üçüncü sərgi açılacaq


 

Gənc kuratorların işləri seriyasından üçüncü sərgi açılacaq<b style="color:red"></b>

Bakı Müasir İncəsənət Muzeyində, dekabrın 20-də açılacaq e-phem-er-a sərgisi, YARAT qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən "Gənc kuratorların sərgiləri" seriyasından üçüncüsü olacaq. Mifoloji mövzu ilə birləşmiş kurator ideyası, bu səkkiz rəssamın işlərinə söykənir: Eliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıqzadə.

Hər şeyin mərkəzində - usta rəngkarların əsərlərində və klassiklərin poetik sətirlərində təsvir olunmuş Mif durur: çoxsaylı tablolardakı obrazları və ədəbi əsərlərdə şifrələnmiş obrazları bir-biri ilə əlaqələndirən görünməz bağlar, məna paralelləri, tarix və əsrlər boyunca formalaşmış rəmzlər və alleqoriyalar. Müəlliflərin fikrincə, bütün bunlar bizim özümüzü və indiki çağımızı xarakterizə edir.

Muzey ilə YARAT təşkilatının əməkdaşlığı, artıq bir ildən çoxdur ki, Əməkdar rəssam və kurator Sabina Şıxlinskayanın "Kurator-mediator təcrübələri" adlı ustad-dərsi nəticəsində ərsəyə  gəlib.

2014-cü il ərzində Muzeyin baş sərgi salonunda NUDAVERITAS və MEGAPOLIS layihələri təqdim olunub. Bu layihələri - muzey kolleksiyalarına yenidən baxılması işində uğurlu eksperiment hesab etmək olar. Hər iki halda, maarifləndirici kurs çərçivəsində yaranmış fikir, tamdəyərli art-layihə ölçülərinə qədər böyüyə bilib. Layihələrin iştirakçıları "MoMA"-nın arxiv və ehtiyatlarına zaman məhdudiyyəti tanımadan daxil olmaq imkanı qazanıblar.

İdeyası  Leyla Ağayevanın, kuratoru isə Samira Sefi olan sərgi yanvarın 19-dək davam edəcək. Həftənin II-VII günləri, saat 11:00-20:00 arasında nümayiş etdirilən sərgiyə giriş biletinin qiyməti 5 manatdır.

 





18.12.2014    çap et  çap et