525.Az

"BDU ötən 95 ildə elm və təhsilin inkişafına böyük töhfələr verib"


 

Bakı Dövlət Universiteti - 95

"BDU ötən 95 ildə elm və təhsilin inkişafına böyük töhfələr verib"<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı, mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin əzəmətli məbədi, şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin, eyni zamanda böyük inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 95 yaşı tamam olur. Yubiley öncəsi Bakı Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ilə həmsöhbət olduq.

- Aydın müəllim, Azərbaycan təhsil müəssisələrinin flaqmanı 95 illiyini qeyd etməyə hazırlaşır. İstərdik ki, yubiley hazırlıqları barədə danışasınız...

- Bilirsiniz, Bakı Dövlət Universitetinin 95 illik yubileyinə qədər 6 dəfə yubiley tədbiri keçirilib. Fərəhləndirici haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən dördü - 50, 60, 75 və 80 illik yubileylər ulu öndər Heydər Əliyevin təşəbbüsü və Sərəncamları əsasında keçirilib və o, yubiley tədbirlərində şəxsən iştirak edib. Bu, ümummilli liderimizin böyüklüyü, fenomenliyi, təhsilə və elmə olan münasibəti, məzunu olduğu Bakı Dövlət Universitetinə qəlbən bağlılığı idi. Ümummilli liderin layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyev də Bakı Dövlət Universitetinə daim diqqət və qayğı ilə yanaşır. Bakı Dövlət Universitetinin 90 illik yubileyi onun 24 aprel 2009-cu il tarixli sərəncamı əsasında keçirilib. 2008-ci ilin 15 sentyabrında Bakı Dövlət Universitetinin yeni korpusunun açılış mərasimində və 2 noyabr 2009-cu ildə Universitetin 90 illik yubiley tədbirində onun söylədiyi xoş sözlər, heç şübhəsiz, bizi elmdə və təhsildə daha yüksək uğurlar qazanmağa, yaradıcılıq axtarışlarını inamla davam etdirməyə istiqamətləndirir.

95 illik fəaliyyəti dövründə ilk ali təhsil ocağı kimi Bakı Dövlət Universiteti ölkə həyatının bütün sahələrinə nüfuz edərək elm və təhsilin inkişafı sahəsində mədəni keçmişimizin öyrənilməsində, habelə milli özünüdərkin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Fəaliyyət göstərdiyi dövr ərzində yüz əlli minə yaxın mütəxəssis, o cümlədən, dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksəkixtisaslı kadr hazırlamışdır.

- Universitetin uğurları həm də onun beynəlxalq əlaqələri ilə ölçülür. BDU-nun xarici ölkə universitetləri ilə əlaqələri haqqında nə deyə bilərsiniz?

- Tamamilə doğrudur. Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. BDU 1991-ci ildən Avrasiya, 1996-cı ildən Xəzəryanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa, 2010-cu ildən Qafqaz Universitetləri Assosiasiyalarının üzvüdür. Beynəlxalq və regional səviyyədə əməkdaşlıq universitetin  inkişafına, beynəlxalq reytinqinə çox böyük təsir göstərir. Artıq dörcüncü ildir ki, BDU "QS World University Rankings" reytinqinə görə dünyanın 20 min universiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu tərəfindən dünyanın 2000 ən yaxşı universitetinin siyahısına daxil edilib. Ötən il BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb. Reytinq siyahısına Azərbaycan universitetlərindən yalnız BDU düşüb.

- Ölkənin ən böyük universitetinin tələbə, müəllim kontingenti, onların elm və təhsilimizə verdiyi töhfələr barədə bilmək də maraqlı olardı.

- Bu gün BDU-da ali təhsilin hər üç səviyyəsində - bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.  İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış tədris planları əsasında həyata keçirilir. Təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000-ə yaxın tələbə də təhsil alır. Universitet tələbələrinin təlim-tərbiyəsi ilə 125 kafedrada öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirən 1500-ə yaxın professor-müəllim heyəti məşğul olur ki, onlardan təxminən 300-ə qədəri elmlər doktoru, professor, 900-dən çoxu elmlər namizədi, dosentdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması və s. problemləri ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 24 elmi tədqiqat laboratoriyası və 3 elmi tədqiqat mərkəzi, 3 milyona yaxın fonda malik elmi kitabxana fəaliyyət göstərir. BDU əməkdaşları elm və tədris fəaliyyəti ilə yanaşı respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər və daima dövlət qayğısı ilə əhatə olunurlar. Onlardan 200 nəfəri dövlətin ali orden və medalları ilə təltif edilmişdir. 21 nəfəri AMEA-nın həqiqi və ya müxbir üzvü, 12 nəfəri Milli Məclisin üzvüdür. Təkcə onu demək kifayətdir ki, BDU-nun 90 illik Yubileyində 107 nəfər dövlət tərəfindən təltif edilib. O cümlədən 1 nəfərə "İstiqlal" ordeni, 1 nəfərə "Şərəf" ordeni, 1 nəfərə Əməkdar jurnalist, 1 nəfərə Əməkdar mühəndis, 1 nəfərə Əməkdar mədəniyyət işçisi, 2 nəfərə Əməkdaş hüquqşünas, 9 nəfərə Əməkdar elm xadimi, 32 nəfərə Əməkdar müəllim fəxri adları, 7 nəfərə Prezidentin fərdi təqaüdü, 14 nəfərə Şöhrət ordeni, 38 nəfərə Tərəqqi medalı verilib. 

- Bir qədər də yerli və beynəlxalq layihələr haqqında məlumat almaq istərdik.

- Son illər Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində ümumi məbləği 5-6 milyon ABŞ dolları olan 80-dan çox layihə həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bu layihələrin 50-dən çoxu Avropa Birliyi,  Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir. Elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya, fizika və riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Həyata keçirilən layihələr sırasında nonotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə  Nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.

Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olmuşdur. Avropa Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə  qalib olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni ilin başlanğıcında Biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.

Bütün bu işlərin nəticəsidir ki, son illər BDU-da elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə edilir. Təkcə onu demək kifayətdir ki, 2013-cü ildə BDU alimləri tərəfindən 2681 məqalə və 1176 tezis, o cümlədən nüfuzlu xarici jurnallarda 694 məqalə çap etdirilmişdir ki, onlardan da 165-i, qəni hər 4 məqalədən biri yüksək reytinqli impakt faktorlu jurnallarda çap olunmuşdur. İmpakt faktorlu jurnallarda çap edilən məqalələrin sayı respublika üzrə indekslənən jurnallarda çap edilən məqalələrin 26 faizini, təhsil sistemi üzrə isə 53 faizini təşkil edir.

- Universitetdə Boloniya Bəyannaməsinin tələblərinə necə əməl edilir? Bu sistemi tam tətbiq edə bildinizmi?

- Bəli, bu sistem tam tətbiq edilir. Avropa ali təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, təhsilin keyfiyyətinin və tələbələrin akademik mobilliyinin Bolonya Bəyannaməsinin tələblərinə uyğun artırılması istiqamətində 2011/2012-ci tədris ilində universitetin mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, fizika, kimya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrində ingilisdilli qruplar yaradılmışdır. İlk olaraq, 8 ixtisas üzrə təşkil olunmuş ingilisdilli qruplar hazırda 16 ixtisası əhatə edir. Riyaziyyat, fizika, kimya, biologiya, kompüter elmləri, ekologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, tarix, psixologiya, sosiologiya, dünya iqtisadiyyatı, iqtisadiyyat, turizm və otelçilik, kitabxanaçılıq-informasiya və jurnalistika ixtisasları üzrə ingilis dilində kadr hazırlığı həyata keçirilir. Tədris prosesinə yüksək ixtisaslı yerli kadrlarla yanaşı, xarici ölkədən dəvət olunmuş mütəxəssislər də cəlb edilir.

Bolonya Bəyannaməsinin əsas müddəalarına uyğun olaraq, BDU-nun beynəlxalq əməkdaşlıq və xarici əlaqələr sahəsində təcrübəsini nəzərə almaqla, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə tanınmış xarici alimlərin, elm və təhsil xadimlərinin universitetə dəvət edilməsi, elmi istiqamətlərin inkişaf etdirilməsi, mühazirələr oxunması, işgüzar əlaqələrin genişləndirilməsi, müəllim, doktorant, magistrant və tələbələrin mobilliyinin artırılması istiqamətində çoxsaylı addımlar atılmışdır. Yüksək intellektə malik insan kapitalının formalaşması, gənclərin xaricdə təhsil almasının dəstəklənməsi və xaricdəki qabaqcıl elm və təhsil mühitinin Azərbaycana gətirilməsi məqsədi ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", eləcə də Avropa Birliyinin layihələri - TEMPUS-TASİS, ERASMUS MUNDUS, türkdilli ölkələri əhatə edən Mövlanə Mübadilə Proqramı və s. əsasında tələbə-müəllim mübadiləsi aparılır.

- BDU-nun rektoru Abel Məhərrəmov hər zaman deyir ki, təcrübəni istehsalata tətbiq etmək lazımdır. Bu istiqamətdə nə kimi işlər görülür?

- BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və institutları arasında əlaqələr gücləndirilmiş və birgə tədbirlər həyata keçirilmişdir. Elm-təhsil-istehsalat əlaqələrinin qurulması istiqamətində bir sıra istehsalat birlikləri-Müdafiə Sənayesi Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, BP və digər şirkətlərlə əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə əlaqələrin qurulması məzunlarımızın öz ixtisasları üzrə uğurlu karyera qurmalarına yardımçı olmaqla yanaşı, mövcud vakansiyalar barədə məlumat əldə edilməsinə də köməklik göstərir.

Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları əsasında, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların ardıcıl olaraq əmək haqlarının, eləcə də bir sıra kateqoriyalar üzrə sosial müavinətlərin artırılması bu faktın əyani göstəricisidir. Bakı Dövlət Universitetində çalışan əməkdaşların da əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 2010-cu il 10 fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 saylı Qərarının icrasını təmin etmək və BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın ilkin təklifləri əsasında 01 fevral 2013-cü ildən etibarən BDU əməkdaşlarının və professor-müəllim heyətinin büdcədənkənar xüsusi vəsaitdən verilən maddi yardımı müəyyən qədər artırılmışdır. Komissiya tərəfindən sonralar davamlı olaraq əməkdaşların maaşlarının diferensiasiya əsasında artırılması barədə təkliflər verilmişdir. Bu təkliflər BDU Elmi Şurasının 28 fevral 2014-cü il tarixli iclasında müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir. Yeni maliyyələşdirilmə mexanizminə uyğun olaraq, əmək haqqının diferensiallaşdırılması və elm, tədris və ictimai fəaliyyət sahəsində fərqlənən və xüsusi nailiyyətləri olan bir qrup professor-müəllim heyətinin əmək haqqının artırılması məqsədi ilə kafedralar üzrə namizədlər müəyyən edilmişdir. Hər bir müəllimin son 3 il ərzində elmi fəaliyyəti (indekslənən jurnallarda çap olunan məqalələrin və beynəlxalq istinadların sayı, nəşrlər-monoqrafiyalar, məqalələr, beynəlxalq proqramlarda iştirak, kadr hazırlığı və s.), tədris fəaliyyəti (nəşrlər -dərslik, dərs vəsaiti, proqram, tədris-metodiki şura tərəfindən açıq dərslərin qiymətləndirməsi, tələbələr arasında sorğunun nəticəsi və s.) və ictimai fəaliyyəti (universitetin və fakültənin ictimai həyatında fəallığı, koordinatorluq, BDU və respublika tədbirlərində iştirak, tələbələrə dövlətçilik və vətənpərvərlik hislərinin aşılanmasında rolu və s.) ətraflı təhlil edilmiş və nümayəndəlik normalarına müvafiq olaraq, namizədlər müəyyən edilmişdir.

- SABAH qrupları haqqında nələr demək olar?

- 2014/2015-ci tədris ilindən BDU-da savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları fəaliyyət göstərməyə başlayıb. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarının əsas məqsədi Azərbaycanın inkişafına töhfə verəcək, savadlı, bacarıqlı və hazırlıqlı gənc mütəxəssislər hazırlamaq, yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı səriştəli kadr hazırlığı həyata keçirtməkdir. BDU-da 12 ixtisası əhatə edən SABAH qruplarında 214 nəfər tələbə təhsil alır. Fizika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi, kimya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompyuter elmləri, geologiya, coğrafiya, coğrafiya müəllimliyi, tarix və tarix müəllimliyi ixtisasları üzrə xüsusi tərtib olunmuş tədris planları əsasında təhsil alan tələbələr müasir avadanlıqlarla təchiz olunmuş auditoriya və laboratoriyalarda dərs keçirlər. SABAH qruplarının koordinasiyasını təmin etmək məqsədi ilə universitetdə SABAH Mərkəzi fəaliyyət göstərir. Mərkəz tərəfindən Azərbaycan gəncləri üçün yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək vermək üçün tələbələr üçün mütəmadi olaraq konfranslar, görüşlər, yerli və əcnəbi müəllimlərin mühazirələri təşkil olunur, əmək bazarı ilə daimi bağlılıq yaradılması üçün biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir.

Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər üzrə kreditlərin yerinə yetirilməsinə, distant təhsilin tətbiqinin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə 2010-cu ildə BDU Elmi Şurasının qərarı əsasında Tədris Elektron Mərkəzi yaradılmışdır. 2008-ci ildən etibarən, Avropa Birliyinin "Cənubi Qafqazda Elektron Cəmiyyətin inkişafı" layihəsi çərçivəsində Bolonya prosesinin prinsiplərinin və "Virtual Universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları başlanmış, nəticədə, BDU və digər ali təhsil ocaqları üçün 221 tyutor (akademik məsləhətçi) hazırlanmışdır. Hazırda BDU-da 117 tyutor çalışır.

Aydın məsələdir ki, bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Sovet dönəmində elm əsasən akademiya sistemində cəmləşirdi və universitetlər daha çox təhsil mərkəzi kimi qəbul edilirdi. Lakin hazırda inkişaf etmiş dünya dövlətlərində universitetlər ilk növbədə elm mərkəzləri kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar əsasında qurulur. Beləliklə universitetlər cəmiyyətin tələbat və ehtiyaclarını ödəmək üçün elm - təhsil mərkəzləri kimi formalaşır. Qloballaşan dünyaya inteqrasiya etmək üçün bizdə də bu gün universitetlər belə bir missiyanı yerinə yetirməlidir. Bu baxımdan bu gün universitetlər AMEA-nın institutları və elmi təşkilatları ilə daha sıx əlaqəli olmalı, universitetlərin AMEA-da olan elmi mühitdən istifadə imkanları  daha da genişləndirilməli, birgə elmi-tədqiqat laboratoriyaları və Mərkəzlər yaradılmalıdır.

BDU-da artıq bu istiqamətdə də addımlar atılmışdır. Son bir ildə BDU ilə Akademiyanın ayrı-ayrı elmi təşkilatları və İnstitutları arasında əlaqələr gücləndirilmiş və birgə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində BDU-nun müvafiq kafedralarının Geologiya və Geofizika, Aşqarlar kimyası və Coğrafiya İnstitunun nəzdində filialları və Elm və Tədris Mərkəzi yaradılmışdır. Humanitar sahədə əməkdaşlıq məqsədi ilə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və Fəlsəfə və Hüquq İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində  əməkdaşlıq müqavilələri imzalanmışdır və hazırda  bu müqavilələr əsasında birgə işlər həyata keçirilir. O cümlədən  Bakı Dövlət Universiteti ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu arasında növbəti tədris ilindən başlayaraq İnformasiya hüququ istiqamətində birgə magistr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Son illər Akademiyanın 150-dən çox aparıcı mütəxəssisi və elmi işçisi BDU-da tədris prosesinə, Universitetin professor-müəllim heyəti isə AMEA-nın elmi təşkilatlarında elmi fəaliyyətə cəlb olunmuşdur. Hətta 2013-cü ildə  BDU-nun tyutor vəzifəsində çalışan bir neçə əməkdaşı Akademiyanın idarəetmə strukturunda işə qəbul edilmişdir. Hazırda AMEA-nın 11 həqiqi üzvü və 20 müxbir üzvü BDU-nun tədris prosesində bilavasitə iştirak edir və BDU-nun 6 əməkdaşı Problem Şuralarında sədrlik edir.

Bakı Dövlət Universitetinin alimləri 2014-cü ilin noyabr ayının 10-da və 11-də Bakıda ilk dəfə olaraq keçirilən Elm Festivalında da fəal iştirak ediblər. İlk dəfə keçirilən Elm Festivalının əsas məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə marağı artırmaqdan ibarət olmuşdur. Festival ictimaiyyətin elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Festival çərçivbəsində təşkil olunan sərgidə BDU-nun gənc alimləri və tələbələrinin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri böyük maraqla qarşılanıb.

- Aydın müəllim, Sovet dövründə istehsalat təcrübələri xeyli effektli idi. Fikrinizcə, indi vəziyyət necədir?

- Son illər Bakı Dövlət Universitetində tələbələrin nəzəri biliklərlə yanaşı, dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl-tədris təcrübələri imkanları da genişləndirilir. BDU-nun tələbələri hər il tədris planına və tədris qrafikinə uyğun olaraq tədris və istehsalat təcrübələrində iştirak edirlər. Pedaqoji təcrübədə mexanika-riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, tarix, tətbiqi riyaziyyat və kibernetika, beynəlxalq münasibətlər və iqtisadiyyat (politologiya ixtisası üzrə), ekologiya və torpaqşünaslıq fakültələrinin I-IV kurs tələbələri iştirak edir. Pedaqoji təcrübənin keçirilməsində ixtisas müəllimləri ilə birlikdə orta məktəb müəllimləri, pedaqogika, psixologiya kafedralarının müəllimləri də iştirak edirlər. Universitetin tələbələri üçün pedaqoji təcrübəni aparmaq məqsədilə şəhərin bir sıra məktəbləri ilə 5 il müddətinə müqavilə bağlanmışdır. Belə məktəblər sırasına BDU-nun Gənc İstedadlar liseyi, Zərifə Əliyeva adına lisey, Slavyan Universiteti nəzdində Gənc istedadlar liseyi, Milli Gimnaziya, Humanitar lisey, Z.Tağıyev adına Maliyyə-iqtisad kolleci, Bakı Türk liseyi, orta və internat tipli məktəblər daxildir.

İstehsalat təcrübələri də müqavilə əsasında müəyyən edilmiş baza müəssisələrində aparılır. İstehsalat təcrübələrində hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, biologiya, kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, kitabxanaçılıq-informasiya, coğrafiya, geologiya və b. fakültələrin tələbələri iştirak edirlər. Biologiya fakültəsinin tələbələri Coca-Cola şirkətində, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Dövlət neft Şirkətinin elmi-tədqiqat laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. Mexanika ixtisası üzrə təhsil alanlar üçün təcrübələr BAKMİL birgə müəssisində, Kimya fakültəsinin tələbələri üçün Dərman Preparatları Zavodunda, Neft və Yanacaq İstehsalat Birliyində və Neftayırma zavodunda keçirilir. Biologiya və coğrafiya fakültələrinin tələbələri isə Altıağac və Quba Tədris-təcrübə və İstirahət mərkəzlərində təşkil olunan istehsalat təcrübəsində iştirak edirlər.  2013/2014-cü tədris ilində 1000-nə yaxın müəllim və tələbə BDU-nun Quba və Altıağac Mərkəzlərində istehsalat təcrübəsi keçmiş və istirahət etmişlər.

Universitetin Quba Tədris-təcrübə və istirahət Mərkəzi zəngin təbiəti olan Quba rayonun II Nügədi kəndində, Bakıdan 200 kilometr məsafədə yerləşir. Mərkəz 2013-cü ildə tikilib istifadəyə verilmişdir. 450 nəfər üçün nəzərdə tutulan Mərkəzdə universitetin tələbələrinin çöl təcrübələri ilə yanaşı, elmi-praktiki konfranslarının keçirilməsi və professor-müəllim heyətinin istirahəti üçün ən müasir tələbələrə cavab verən şərait yaradılmışdır.

2013-cü il 18 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı Dövlət Universitetinin Tədris-təcrübə və İstirahət Mərkəzinin  açılışı olmuşdur. 8 hektar ərazisi olan Mərkəzin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılmışdır. Binada disputlar, müzakirələr aparılması və tədbirlər keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. İsitmə və soyutma sistemi, audio və video görüntülər şəbəkəsi olan 300 nəfərlik böyük akt zalı müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmışdır. Bundan əlavə, Tədris-təcrübə və İstirahət  Mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunmuşdur.

Bakı Dövlət Universitetinin Azərbaycanın ən gözəl guşələrindən biri olan Altıağac qəsəbəsindəki Tədris-təcrübə Bazası 1990-cı ildən fəaliyyət göstərir. 2001-ci ildə əsaslı təmirdən sonra baza professor-müəllim heyətinin istirahəti üçün də istifadə edilir.

Əminik ki, 95 illik tarixi ərzində hər zaman elm və təhsilin inkişafına böyük töhfələr vermiş Bakı Dövlət Universiteti bundan sonra da müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da yüksəlməsinə ləyaqətlə xidmət göstərəcək.

CAVİD

 





18.12.2014    çap et  çap et