525.Az

Professor Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub


 

"SÖZ VERMİŞƏM Kİ, CÜMHURİYYƏTİN 100 İLLİYİNİ GÖRMƏMİŞ BU DÜNYADAN KÖÇƏN DEYİLƏM"

Professor Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub<b style="color:red"></b>

Dünən Azərbaycanın görkəmli alimi, fədakar mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd müəllim ömrünün 70 ilini Azərbaycan jurnalistikasının inkişafına həsr edib: "O, şərəfli bir ömür sürür. Onun bütün fəaliyyəti bizim üçün örnəkdir. Mənə elə gəlir ki, bu gün Azərbaycanda hər bir peşəkar, intizamlı, obyektiv jurnalist onun şinelindən çıxıb. Şirməmməd müəllimin tələbələri bu gün ayrı-ayrı televiziyalarda, qəzetlərdə, mətbuat orqanlarında, eləcə də dövlət xidmətlərində özlərinə layiqli yer tuturlar. Azərbaycan ictimai fikrinin formalaşmasında da həmin insanlar iştirak edirlər. Tədbirin məramı da açıq-aydın görsənir. Bizim bir araya yığışmaqda məqsədimiz hamımızın müəllimi olan Şirməmməd Hüseynovun 90 illiyini qeyd etməkdir".

Dövlət başçısı İlham Əliyevin Şirməmməd Hüseynovun Azərbaycanda jurnalist kadrların hazırlanmasındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunması barədə sərəncam imzaladığını xatırladan Ə.Amaşov onun həyat və yaradıcılığına həsr olunan "Ustad" filminin də artıq hazır olduğunu bildirib.

Yaşadığımız dövrü vətənpərvərlik ruhuna qayıdış dövrü adlandıran Ş.Hüseynov hesab edir ki, biz 20-ci əsrin dahi şəxsiyyətlərinin ruhunu 21-ci əsrə daşımalıyıq: "Mən 67 il sosializm quruluşunda, 23 il isə müstəqillikdə yaşamışam. Artıq 90 yaşım var. Söz vermişəm ki, Cümhuriyyətin 100 illiyini görməmiş bu dünyadan köçən deyiləm".

Millət vəkili Rafael Hüseynov qeyd edib ki, bu gün hamı Şirməmməd Hüseynovu ustad şəxsiyyət kimi tanıyır: "O, canlı tarix, yeriyən əfsanədir. Çünki qocaman ziyalı indi də Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq kimi klassik müəllimlərin fəaliyyətini bütün ruhu ilə bir məktəb olaraq yaşadır. Bu mənada müasir jurnalistikamızda Şirməmməd Hüseynov məktəbinin mövcudluğunu heç kəs inkar edə bilməz. Bu məktəbin dərs yükü də ağırdır, əməl yükü də. Əbəs yerə deyil ki, uzun illər Şirməmməd müəllim onu yaxından tanıyan dostları, tələbələri üçün diqqətin, məsuliyyətin, dəqiqliyin, gördüyü işlərə hədsiz sevgi və sədaqətin, həm də prinsipiallığın, işgüzarlığın, obyektivliyin simvolu olaraq qalmaqdadır. Bu əlli-altmış il əvvəl də belə idi, indi də belədir, yəqin ki, sonacan da belə davam edəcək. Bu gün təkcə Şirməmməd müəllimin deyil, eyni zamanda, Azərbaycan ziyalılığının, mədəniyyətinin, istiqlal düşüncəsinin bayramıdır. Belə bayrama millətin hər zaman ehtiyacı var. 20-ci əsrin əvvəllərində istiqlalın təntənəsinin yaşandığı illərdə də, onu itirdiyimiz zamanlarda da. Sovet dövründə siyasi mühacirət həyatı yaşayan soydaşlarımızın törəmələri ilə çox söhbətlərdə olmuşam. Onlar deyirlər ki, 20-ci illərin əvvəllərində siyasi mühacirət həyatına keçən insanlar öz ailələrinə yeni bir şey almaq istəmirdilər. Çünki onlar ümid edirdilər ki, az bir vaxtda yenidən Azərbaycana qayıdacaqlar. Bütün bunları isə orada əldə etməyə kifayət qədər vaxtlarının olacağını düşünürdülər. Aradan on illər keçdi. İstiqlala qovuşmaq onların ürəyində xəyal olaraq qaldı. Əgər bu istiqlal arzusunu azad düşüncəsi ilə öz daxilində gəzdirən siyasi mühacirlərimiz, həbsdə olan ziyalılarımız, Şirməmməd müəllim kimi şəxsiyyətlər olmasaydı, biz yenidən öz istiqlalımıza nə qovuşa, nə də üçrəngli bayrağımızı dalğalandıra bilərdik. Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq bir daha enməz" deyəndə də məhz işin fəlsəfəsini nəzərdə tutub. Bayrağın bir binanın üstündə ucalması deyil, əsas olan bayrağın insanın qəlbində dalğalanmasıdır. Şirməmməd Hüseynovun da Azərbaycan xalqına ən böyük töhfələrindən biri ondan ibarətdir ki, o bu bayrağı hər zaman öz qəlbində dalğalandırıb".

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, Şirməmməd Hüseynov jurnalistika sahəsində çalışan insanların müəllimi olmaqla yanaşı, bütövlükdə Azərbaycan xalqının müəllimidir: "Şirməmməd müəllim siyasi icmalçı olaraq, Azərbaycan televiziyası vasitəsilə bütün xalqın görüşünə gəlib. O, çıxışlarında çox mətləblərdən danışaraq, sətiraltı sözləri ilə yadda qalıb. Həmin dövrün sətiraltı sözləri müasir zamanımızın açıq deyilən sözlərindən daha kəsərli və təsirlidir. Şirməmməd Hüseynov tələbələrini məsuliyyətlə hazırlaşdırıb. O, öz işində həmişə prinsipiallıq nümayiş etdirib. Görkəmli ziyalımız auditoriya qarşısında elm, təhsil verməklə yanaşı, tələbələrinə əsl həyat dərsi də keçib. Biz də ömrümüz boyu Şirməmməd müəllimin öyrətdiyi həyat və peşə dərslərindən faydalanmışıq. O, bu gün də öz həyatı, nümunəvi ailə başçısı olmağı, tərbiyəçiliyi və vətənpərvərliyi ilə millətə xidmət, keçmişə hörmət dərsi verir".

Millət vəkili Cavanşir Feyziyevin fikrincə, Şirməmməd müəllim Azərbaycan ictimai-siyasi həyatında oynadığı rola, yaşadığı mənalı ömrə, çəkdiyi zəhmətlərə görə hələ təsis olunmamış orden və mükafatlara da layiqdir: "Tarix boyu Azərbaycanda şöhrət zirvəsinə ucalan insanlar olub. Şirməmməd Hüseynov da belə şəxsiyyətlərdən biridir. Bu zirvəni fəth etmək çox çətindir".

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, millət vəkili Aqil Abbas, "Jurnalistikanın inkişafına yardım" Fondunun sədri Qulu Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də iştirak ediblər.

Qeyd edək ki, tədbirdə, "Mətbuat tariximiz, istiqlal yolumuz" silsiləsindən hazırlanan və Şirməmməd Hüseynovun 90 illiyinə həsr olunan "Ustad" filmi nümayiş etdirilib. Filmin çəkilişləri  Bakıda və Şəkidə həyata keçirilib. Ekran əsərinin ideya müəllifi millət vəkili Cavanşir Feyziyev, baş məsləhətçisi Mətbuat Şurasının sədri Əflatun Amaşov, rejissoru və redaktoru Kəmalə Mirzəyevadır.

Ceyhun ABASOV

 





18.12.2014    çap et  çap et