525.Az

Geosiyasi böhran şəraitində Türkiyə-Rusiya münasibətləri


 

Geosiyasi böhran şəraitində Türkiyə-Rusiya münasibətləri<b style="color:red"></b>

XVIII əsrin sonu – XIX əsrin əvvəllərindən etibarən sənaye inqilabına başlayan və inkişaf edən Avropa dövlətləri özlərinin mənafeyi çərçivəsində son 100 ildə dünya xəritəsində istədikləri kimi dəyişikliklər edib, dövlətləri dağıdıb və yeni dövlətlər qurub.

Dünyanın siyasi xəritəsindəki geosiyasi dəyişikliyin sonuncusu İkinci Dünya müharibəsindən sonra baş verib və artıq Avropa istisna olmaqla Yaxın Şərq, Afrika qitəsi və post-sovet coğrafiyasındakı bu dəyişikliklər böyük dövlətlərin milli mənafelərinə cavab vermir. Onlara görə yeni geosiyasi dəyişikliklər labüddür. Bu prosesə isə SSRİ-nin süqutu ilə başlanılıb, daha sonra ABŞ-ın Yaxın Şərqdə beynəlxalq terrorizmlə mübarizə adı altında enerji ehtiyatlarına və nəqliyyat yollarına nəzarət etmək strategiyası dünyanı xaosa sürükləyib və bu xaos hələ də davam edir (post-sovet coğrafiyasında qərənfil, narıncı inqilablar, Yaxın Şərqdə ərəb baharı və s.).

Böyük dövlətlərin bu geosiyasi dəyişiklik planları bir çox dövlətləri məmnun etmir və onlar siyasi, iqtisadi və hərbi gücləri çərçivəsində etiraz edirlər. Bu dövlətlərdən Rusiya və Türkiyə geosiyasi dəyişikliklərin onların sərhədlərinə olduqca yaxınlaşdığını və hətta bəzi məsələlərdə daxili siyasətlərinə belə nüfuz etdiyini anlayırlar. Tarixən türklər və ruslar ciddi və uzun müddətli ittifaq qurmayıblar. XVI əsrdən XX əsrə qədər tərəflər arasında 14 müharibə qeydə alınıb, bunların 9-da tərəflərin heç biri ciddi qələbə qazanmasa da, son 5-də Osmanlı imperiyası məğlub olub və kiçilib.[i]

XX əsrin əvvəllərində bolşevik inqilabı ilə Rusiya demək olar ki, 1990-cı illərə qədər özünü dünyadan müəyyən sahələrdə təcrid edib. Birinci Dünya müharibəsindən sonra 1950-ci ilə qədər Türkiyə-Rusiya arasındakı münasibətlər normal olub. Ancaq daha sonra Türkiyənin NATO-ya üzv olması münasibətləri gərginləşdirib. Bu gərgin münasibətlər SSRİ süqut edənə qədər davam edib. Son 20 ildə Türkiyə-Rusiya arasında münasibətlər yüksək səviyyədə olmasa da, ciddi problemlər mövcud olmayıb.

Ötən 20 ildə başda ABŞ olmaqla Avropa dövlətləri dünya xəritəsində yeni geosiyasi dəyişikliklər etməyə başlayıb. Bu dəyişikliklər Türkiyə və Rusiya dövlətlərini də əhatə edir (Kürdüstanın qurulması, Ukrayna böhranı və s.). Belə bir şəraitdə, xüsusilə Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərində asılı tərəf yox, bərabərhüquqlu tərəf olmaq tələbi ilə çıxış edir və buna haqqı da var. NATO və Aİ-nin Şərqə doğru genişlənmə strategiyası, Qərbin iqtisadi sanksiyaları isə Rusiyanı narahat edir və eyni zamanda, bu problemlər Türkiyə və Rusiya arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və hərbi sahələrdə geniş çərçivədə əməkdaşlığa stimul verir.

Rusiya prezidenti Vladimir Putin sanksiyaların təsirini azaltmaq üçün 2014-cü ilin may ayında Çinə rəsmi səfərdə oldu. Çin prezidenti Si Cinpin ilə görüşən Putin iki ölkə arasında enerji, təhlükəsizlik, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdi və tərəflər arasında 49 müqavilə imzalandı. Amma gələcək illərdə Rusiyanın Çinə satacağı təbii qazın qiyməti haqqında müqavilə imzalanmadı.[ii] Putinin Çinə səfəri Qərbə qarşı ittifaq kimi dəyərləndirilsə də, tərəflər arasında 400 milyard dollarlıq təbii qaz müqaviləsinin imzalanmaması Putinin hədəflərinə çatmaması kimi qeyd edildi.

Türkiyə ilə Rusiya arasındakı problemlər həll edilməsi mümkün olmayan problemlər deyil. Tərəflər qarşılıqlı məntiqli razılaşmaya gələ və bu problemləri həll edə bilərlər. Tərəfləri əməkdaşlığa sövq edən amillər və fürsətlər isə olduqca çoxdur. Rusiya ciddi siyasi və iqtisadi müttəfiq axtarışı içindədir. Hazırda Qərb Rusiyanı iqtisadi, siyasi sanksiyalarla zəiflətməyə cəhd edir. Hələlik bu cəhdlər Qərbin istədiyi nəticələri verməsə də, sanksiyaların davam edəcəyi təqdirdə Rusiya ciddi problemlərlə üzləşə bilər.

Dünya miqyasında geosiyasi böhranın yaşandığı bir zamanda V.Putinin Türkiyəyə rəsmi səfəri olduqca əhəmiyyətlidir. Hər iki ölkə ABŞ və Avropanın təzyiqini hiss edir, inkişaf etmək və milli mənafelərini qorumaq istəyir. Dünya miqyasında və ümumən Türkiyə və Rusiyanın milli mənafelərinə toxunan problemlərin mahiyyətinə diqqət etdikdə Putinin Türkiyə səfərini hətta bir az gecikmiş səfər kimi də dəyərləndirmək mümkündür. Bu səfərin Putinin G-20-lərin zirvə görüşünü vaxtından əvvəl tərk etməsindən sonra gündəmə gəlməsi də diqqətdən yayınmamalıdır. Rusiya Qərbin Şərqə doğru genişlənməsinin qarşısını Ukraynada və yaxud Türkiyədə (Türkiyə NATO üzvü olsa da, Qərbin Rusiyaya doğru genişlənməsində son nöqtə olmuşdur) almağa çalışır. Son zamanlarda Türkiyə hökumətinin ənənəvi xarici siyasət kursundan fərqli və daha müstəqil xarici siyasət həyata keçirməkdə qərarlı olduğu nəzərə alınarsa, bu zaman Yaxın Şərq probleminin və digər bölgə problemlərinin həll edilməsi yönündə yeni siyasi baxışlar təşəkkül tapa bilər. Bu da Qərbin bu problemlərə ənənəvi baxışını müəyyən qədər nəzərdən keçirməsinə səbəb ola bilər.

Türkiyə və Rusiya arasında xüsusilə son dövrlərdə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və hərbi baxımdan aşağıdakı sahələrdə əməkdaşlıq imkanları var:

iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi və ticarət həcminin artırılması;

Şanxay Əməkdaşlıq Təşkilatı, Gömrük Birliyi və Avrasiya İqtisadi Birliyi çərçivəsində siyasi və iqtisadi əməkdaşlığın inkişafı;

ikinci "Mavı axın” təbii qaz boru xəttinin inşa edilməsinin mümkünlüyü;

Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınmasında Rusiyanın vasitəçiliyi;

bölgənin təhlükəsizlik problemlərinin həll edilməsində əməkdaşlıq imkanları (Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, Abxaziya və Cənubi Osetiya, Suriya böhranı, terrorizmə qarşı mübarizə və s.);

atom enerjisinin dinc məqsədlər üçün istifadə edilməsində Rusiyanın Türkiyəyə köməyi (Akkuyu AES-in inşa edilməsi, uranın Türkiyədə çıxarılması və zənginləşdirilməsi);

kosmik araşdırmalarda əməkdaşlığın genişləndirilməsi;

nüvə silahı komponentlərinin əldə edilməsində Rusiyanın dəstəyi;[iii]

uzaq mənzilli ballistik raket və digər müasir silah texnologiyaları sahəsində əməkdaşlıq;

müdafiə sənayesində ortaq layihələrin hazırlanması və həyata keçirilməsi;

Putinin səfəri zamanı tərəflər əsasən enerji sahəsində əməkdaşlığı ön plana çıxarsalar da, təhlükəsizlik və digər məsələlər də müzakirə edilib. Putin 2015-ci ildə Türkiyəyə satdıqları təbii qazın qiymətinin 6 faiz uzuclaşacağını bildirib. Rusiya prezidenti Bolqarıstanın razılığı olmadığı üçün "Cənub axını” təbii qaz boru xəttinin inşaatını dayandırdıqlarını qeyd edib [iv] .

Putin iki ölkə arasındakı ticarət həcminin 100 milyard dollara çatdırılmasının mümkün olduğunu vurğulayaraq, tərəflər arasında nüvə enerjisi sahəsində əməkdaşlıq çərçivəsində Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının inşa ediləcəyini, 2015-ci ildə Türkiyənin Turksat-4В peykini orbitə Rusiyanın çıxaracağını deyib. İqtisadi və ticari sahələrdə isə qarşılıqlı olaraq türk lirəsi və rus rublundan istifadə edilməsi məsələsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, bu təklif ilk dəfə Türkiyə tərəfindən cari ilin iyul ayında təklif edilib.[v] Böyük bir ehtimalla tərəflər bu məsələ ətrafında razılığa gəlmək üçün daha geniş müzakirə aparacaqlar.

Qərb mətbuatı Putinin Türkiyə səfərini Qərbə qarşı yönəlmiş ittifaq kimi dəyərləndirsə də, bu əməkdaşlığın Qərbə yönəlməsi ilə bağlı iddialar şübhə doğurur. Tərəflər əməkdaşlıq imkanlarından istifadə edir. Hər nə qədər tərəflərin əməkdaşlığı Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi zamana təsadüf etsə də, bu, əməkdaşlıq fürsətlərinin dəyərləndirilməsidir. Bəzən dövlətlər əməkdaşlıq imkanlarını "problemli vaxtlarında” daha aydın görür və bundan istifadə edirlər. Bütün hallarda Putinin Türkiyəyə səfəri zamanı verdiyi bəyanatlar, imzalanan müqavilələr tərəflər arasında əməkdaşlığı bir addım daha irəli aparacaq və Qərb mətbuatı tərəfindən uzun zaman müzakirə ediləcəkdir. Rusiya sanksiyaların təsirini yüngülləşdirməyə, Türkiyə isə bu günə qədər həll edə bilmədiyi bir neçə strateji problemlərini həll etməyə imkan tapa bilər.

Newtimes.az
Hatəm Cabbarlı,
Siyasi elmlər doktoru

 





17.12.2014    çap et  çap et