525.Az

Oqtay Rzanın 80 yaşı Yazıçılar Birliyində qeyd olunub


 

Oqtay Rzanın 80 yaşı Yazıçılar Birliyində qeyd olunub<b style="color:red"></b>

Dekabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair Oqtay Rzanın 80 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca qonaqları salamladıqdan sonra "səksən ilin sınağından keçib gələn" yubilyara təbrik və arzularını çatdırıb, ona hədiyyə təqdim edib.

Tədbirin aparıcısı olan tədqiqatçı Asif Rüstəmli yubilyarın yaradıcılığı, şəxsiyyəti haqqında fikirlərini bölüşüb: "Oqtay Rza nikbin, xoş əhval-ruhiyyəli, səmimi, dostluqda sədaqətli, təmənnasız,  ikiüzlüyə, saxtakarlığa qarşı olan bir insandır. O, olduğu kimi görünən, göründüyü kimi olan,  poeziyamızın müdrik siması, səmimiyyətinin qalasıdır".

Şair Vaqif Bəhmənli çıxışında Oqtay Rzanı zəhmətsevər, tutduğu sənət yoluna xəyanət etməyən şair kimi dəyərləndirib: "Oqtay Rza nadir şairlərdən, yeganə şəxsiyyətlərdən biridir ki, onun haqqında hamı eyni fikirdədir. Onun xarakterində, simasında heç bir dəyişiklik yoxdur. O, hər zaman hamı üçün əziz, sevimli insandır".

Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu Oqtay Rzanı son dərəcə gözəl poetik portretlər müəllifi kimi xarakterizə edib.

Birliyin katibi İlqar Fəhmi Oqtay Rzanı yubileyi münasibətilə təbrik edib, onun məsuliyyətli, təəssübkeş yazar olduğunu, böyük həvəslə gənclərə dəstək verdiyini vurğulayıb.

Tənqidçi Vaqif Yusifli, şair Adil Cəmil Oqtay Rzanın yaradıcılığından və şəxsi keyfiyyətlərindən söz açıb, onu ünsiyyətcil insan kimi səciyyələndiriblər: "Bir insana hamının eyni prizmadan baxışı o insanın xoşbəxtliyidir. Oqtay Rza təpədən-dırnağacan böyük ürəkdir. Onun yaradıcılığı ilə bağlı iki monoqrafiya yazılıbsa, şəxsiyyəti ilə bağlı iyirmi monoqrafiya yazmaq olar".

Yubiley mərasimində aktyor Mitəd Aydın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Oqtay Rzanın yaradıcılığından bəzi nümunələr səsləndiriblər.

Xalq şairi Zəlimxan Yaqub, həmçinin şairlərdən Ramiz Məmmədzadə, Yusif Nəğməkar, Fərqanə Mehdiyeva və başqaları çıxış edərək Oqtay Rzanın keçdiyi həyat və yaradıcılıq yolundan söz açıblar, şairi 80 illik yubileyi münasibətilə təbrik ediblər.

Sonda çıxış edən Oqtay Rza yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.

 





17.12.2014    çap et  çap et