525.Az

Nəsrin imkanları Əjdər Ol yaradıcılığında


 

Nəsrin imkanları Əjdər Ol yaradıcılığında<b style="color:red"></b>

Şair, nasir, dramaturq və tərcüməçi Əjdər Olun yaradıcılığı haqqında növbəti tədqiqat əsəri işıq üzü görüb. Tanınmış ədəbiyyatşünas-alim Sabir Bəşirovun qələmə aldığı “Nəsrin imkanları” əsərində Əjdər Olun məhz nasir kimi yaradıcılığı nəzərdən keçirilir, ətraflı təhlil olunur.

Əjdər Ol bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Çoxsaylı şeir və publisistika kitabları ilə yanaşı, onun “Ölümlə zarafat” (2007), “Qrafoman” (2009), “Portret hekayələr”(2010), “Tütün limanı” (2012) adlı  nəsr kitabları da işıq üzü görüb. Əjdər Olun tərcüməsində “Latış xalq nağılları” (1990), “Latış daynları” (1998), “Qumıq atalar sözləri” (2000) , “Məndən arxayın olun” (gürcü şairəsi Maqvala Qonavilinin şeirləri) (2009) kitabları nəşr edilib. Ədibin “Molla Nəsrəddin və Əmir Teymurun filləri” pyesi Gənc Tamaşaçılar Teatrında, “Son məktub” pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (hər iki əsərə tanınmış rejissor Bəhram Osmanov quruluş verib) uğurla tamaşaya qoyulub. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Debüt” studiyasında Əjdər Olun “Usta Yusifin kamançası” adlı hekayəsi əsasında eyniadlı qısametrajlı bədii film (quruluşçu rejissor Ruslan Hüseynov; bədii rəhbər Xalq artisti Eldar Quliyev) çəkilib. Əsərləri bir çox dillərə tərcümə edilən Əjdər Olun Polşada “Qrafoman” (Vroslav, 2010), Türkiyədə “Komutanın maymunu” (Ankara, 2010) kitabı çıxıb. Sonuncu kitab Gürcüstanda da  (Tiflis, 2012) nəşr olunub. Portret-hekayələrinə görə Əjdər Ol 2010-cu il Milli Kitab Müsabiqəsinin əsas mükafatlarından birinə layiq görülüb. Müəllifin “Qəzənfər müəllimin Şuşaya yürüşü” hekayəsi isə İkinci Uluslararası Mahmud Kaşğarlı Hekayə Yarışmasının (2012) Baş Mükafatını alıb.

Yazıçının nəsr yaradıcılığının xüsusiyyətlərindən söz açan Sabir Bəşirov yazır: “Əjdər Olun yaradıcılığını xarakterizə edən cəhətlərdən biri də insana sevgidir. Qəribədir, gülüş hədəflərini bu qədər qəddarlıqla, sərtliklə və dəqiqliklə təqdim edən yazıçı onlara qarşı elə bir mərhəmət, insani hiss oyada bilir ki, biz onlara nifrət etmirik, hətta onlara rəğbət hissi yaranır... 

Görkəmli yazıçı Ənvər Məmmədxanlını bizim çox qeyrətli ziyalılarımızdan olan professor Abbas Zamanov “nəsrin şairi” adlandırmışdı. Sonralar da şeiriyyət sözünü bir sıra nasirlərin yaradıcılığına aid etmişlər. Əjdər Olun nəsri haqqında da bu ifadəni işlətmək olar. 80-cilər ədəbi nəslinin təmsilçilərinin yaradıcılığını göz önünə gətirəndə (istər poeziyada, istər nəsrdə) Azərbaycan türkcəsinin sonsuz imkanlarına heyrətlənməyə bilmirsən. Bu ədəbi nəsil içərisində sadə və anlaşıqlı yazanların birincisi Əjdər Oldur. Bu sadəlikdə gözəllik və dərinlik var”.

“ATV PRESS” nəşriyyatında, yüksək poliqrafik keyfiyyətdə çap olunan kitabın naşiri Səlim Babullaoğlu, redaktoru Əliş Mirzalı, bədii tərtibatçısı Emil Camalovdur.

Aytən HEYDƏROVA

 





13.12.2014    çap et  çap et