525.Az

"Dövlət büdcəsinin gəlirləri müəyyən olunmuş prioritetlərin icrasının təmin edilməsində zəruri zəmin yaradacaq"


 

Müsahibimiz Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdur.

"Dövlət büdcəsinin gəlirləri müəyyən olunmuş prioritetlərin icrasının təmin edilməsində zəruri zəmin yaradacaq" <b style="color:red"></b>

- Artıq 2015-ci ilin dövlət büdcəsi Milli Məclis tərəfindən təsdiq edilmişdir. İlk olaraq növbəti ilin dövlət büdcəsinin gəlirləri, bu gəlirlərin strukturu ilə bağlı əsas meyllərə münasibətinizi bilmək istərdik.

- Qeyd edək ki, dövlət büdcəsi dövlətin əsas maliyyə sənədidir və bu sənəd dövlətin inkişaf  istiqamətləri ilə bağlı nəzərdə tutulmuş tədbirlərin təqdimatı kimi nəzərdən keçirilməlidir. Bu baxımdan, 2015-ci ilin dövlət büdcəsinin layihəsi də iqtisadi inkişafın davamlılığının təmin ediləcəyini, müəyyən edilmiş strateji məqsədlərə mərhələli nail olunmasının reallığını ifadə edir.

2015-ci ilin büdcə layihəsində dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 1054,0 mln. manat və ya 5,7% çox olmaqla proqnozlaşdırılmışdır və təqdim olunan məlumatlara əsasən, növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 32,5% təşkil edəcəyi gözlənilir.

Dövlət büdcəsinin gəlirləri üzrə 2014-cü illə müqayisədə nəzərdə tutulan əsas artımlar Dövlət Neft Fondundan daxilolmalar,  ƏDV, fiziki şəxslərin gəlir vergisi üzrə, əsas azalmalar isə aksiz vergisi, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar və  digər gəlirlər, o cümlədən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə proqnozlaşdırılmışdır. Eyni zamanda, gömrük rüsumları və əmlak vergisi üzrə gəlirlərin 2014-cü illə müqayisədə artacağı, mənfəət və yol vergisi, həmçinin dövlət rüsumları üzrə azalacağı gözlənilir. 

Dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkisinə görə əsas daxilolmaları Dövlət Neft Fondundan daxilolmalar, ƏDV, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi və fiziki şəxslərin gəlir vergisi təşkil edir. 

Vergi gəlirləri ilə yanaşı qeyri-vergi gəlirlərinin də 2015-ci ilin dövlət büdcəsində artacağı gözlənilir.

Dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin son illər ərzində müşahidə olunan sabitliyi 2015-ci il üçün təqdim edilmiş proqnoz hesablamalarında da qorunmuş, eyni zamanda dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ÜDM-ə nisbətinin artım tempinin qorunub saxlanması prioritet kimi müəyyən edilmişdir. Hesab edirik ki, növbəti ildə qeyri-neft gəlirlərinin artırılması istiqamətində fəaliyyətin davamlılığı təmin edilməklə mövcud potensial tam səfərbərliyə alınacaq.

- Dövlətin gəlirlərinin yalnız dövlət büdcəsinin gəlirlərindən formalaşmadığını nəzərə alsaq, icmal gəlirlərinin formalaşma xüsusiyyətləri barədə fikrinizi bilmək istərdik.

- Dövlət büdcəsi ilə yanaşı, bu gəlirlərin daxil olduğu icmal büdcənin də gəlirləri nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının 2015-ci il icmal büdcəsinin gəlirləri 20716,8 mln. manat olmaqla 2014-cü illə müqayisədə 197,8 mln. manat və ya 1,0% çox proqnozlaşdırılmışdır. Ümumiyyətlə, qeyd edək ki, 2016-2018-ci illərdə icmal büdcənin gəlirləri üzrə artım, xərcləri üzrə isə əvvəlki illə müqayisədə azalma nəzərdə tutulub və icmal büdcə gəlirlərinin strukturunda dövlət büdcəsi gəlirlərinin payı 80%-dək olacaq.

İcmal büdcənin tərkib hissəsi kimi Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3056,3 mln. manat məbləğində nəzərdə tutulmuşdur. Bu isə, 2014-cü ilin göstəricisi ilə müqayisədə 4,4% çoxdur. Ötən illərdə olduğu kimi, gələn ildə də Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqlarından daxilolmaların xüsusi çəkisinin artması tendensiyası davam edəcəkdir ki, bu da Fondun maliyyə dayanıqlılığının təmin edilməsi baxımından təqdirəlayiqdir.  Əsas məqam isə, məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdə qeyri-büdcə sektorunun üstünlüyünün getdikcə gücləndirilməsidir. 

Qeyri-büdcə sektoru üzrə gəlirlərin artım tendensiyası, öz növbəsində, Fondun ümumi gəlirlərinin formalaşmasında dövlət büdcəsinin iştirak səviyyəsinin, o cümlədən dövlət büdcəsindən transfertlərin xüsusi çəkisinin də azalmasına səbəb olmaqdadır. Belə ki, dövlət büdcəsindən transfertlər və büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların ümumi məbləğinin Fondun gəlirlərində xüsusi çəkisi 2013-cü ilin icra göstəricilərinə əsasən 62,5%, 2014-cü ilin proqnoz göstəricilərinə əsasən 61,5% təşkil etdiyi halda 2015-ci ildə həmin göstərici 60,0% səviyyəsində proqnozlaşdırılmışdır.

2015-ci ildə Fondun gəlirlərinin 1100000,0 min manatının və ya 36,0%-inin dövlət büdcəsindən transfertlərdən ibarət olacağı proqnozlaşdırılır ki, bu da 2013-cü ilin icra göstəricisindən 22966,4 min manat və ya 2,1% artıq olsa da 2014-cü ilin müvafiq proqnoz göstəricisindən 42033,6 min manat az olmaqla bu göstəricinin 96,3%-i qədərdir. Göründüyü kimi, gələn il dövlət büdcəsindən transfertlərin məbləğində azalma proqnozlaşdırılır ki, bu da Fondun tədricən öz xərclərini öz gəlirləri hesabına maliyyələşdirməsi imkanlarının artması baxımından təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.  

İcmal büdcənin digər komponenti olan Dövlət Neft Fondunun 2015-ci ildə gəlirlərinin 10245,6 mln.manat təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, vəsaitlərin volatil məzənnəli valyutalarda deyil, aktiv istifadəsi prinsipi əsas götürülərək 2015-ci ildə Fondun xərclərinin də artımı proqnozlaşdırılır ki, bu da respublikamızın geosiyasi mövqeyinin güclənməsi və beynəlxalq imicinin yüksəlməsinə xidmət edən mühüm layihələrin həyata keçirilməsi ilə izah olunur.

- Dövlət büdcəsinin vergili gəlirlərinin formalaşdırılmasında diqqət yetirilməli məqamlar hansılardır?

- 2015-ci ilin büdcə layihəsinə uyğun olaraq dövlət büdcəsinin vergi gəlirləri 7857600,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da cari ilin proqnozuna nisbətən 2,3% çoxdur. Vergi gəlirlərinin ÜDM-ə nisbəti 13,1%, dövlət büdcəsinin ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi 40,4%, Dövlət Neft Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkisi isə 86,8% səviyyəsində nəzərdə tutulmuşdur.

Gələn il dövlət büdcəsinin gəlirlərinin 36,6%-i Azərbaycan Respublikasının Vergilər Nazirliyinin  xətti ilə təmin ediləcəkdir və bu gəlirlər cari illə müqayisədə 2,3% çox proqnozlaşdırılmışdır.

Vergi gəlirlərinin strukturunda əsas qeyd edilməli məsələ qeyri-neft sektoru üzrə gəlirlərin stabil artımıdır.

Növbəti il üçün Vergilər Nazirliyi xətti ilə müəyyən edilən proqnozun 67,7%-i qeyri-neft sektorunun payına düşür ki,  bu da   2014-cü ilin proqnozundan 7,1 faiz bəndi yüksəkdir.

Mütləq həcmdə Nazirlik xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində neft sektoru üzrə 2015-ci il üçün müəyyən edilmiş proqnoz məbləği 2300000,0 min manat təşkil etməklə 2013-cü ilin icrasından 617070,6 min manat və ya 21,2%, 2014-cü ilin proqnozundan isə 502000,0 min manat və ya 17,9% azdır. Azalma hər iki mənbə, həm neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi, həm də Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) üzrə daxilolmalarda gözlənilir.

Nazirlik xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərlə əlaqədar qeyd etmək istərdim ki, vergi və digər icbari ödənişlər üzrə yığım əmsalı (qaytarılmış məbləğlər çıxılmaqla daxilolmanın həcminin azalmış məbləğlər çıxılmaqla ilin əvvəlinə olan ümumi borcun və il ərzində hesablanmış məbləğlərin cəminə qarşı nisbəti) 2012-ci ilin yekunları üzrə 69,9%, 2013-cü ilin nəticələri üzrə 75,4%, 2014-cü ilin yanvar- sentyabr ayları üzrə göstəricilərə əsasən isə 75,0% təşkil edir.

2015-ci ildə vergilərin yığılması ilə bağlı fəaliyyətin ilin birinci yarısında xüsusilə gücləndirilməsinin vacibliyi də xüsusi  qeyd edilməli məqamdır.

- Qeyd etdiniz ki, vergili gəlirlərin artımı əsasən qeyri-neft sektoru üzrə təmin edilir. İqtisadi sistemin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, təbii ki, qeyd olunan sektordan gəlirlərin də artımına səbəb olacaq. Qeyri-neft sektorunun inkişaf perspektivlərini necə görürsünüz?

- Büdcə-vergi siyasətinin əsas istiqamətlərinə uyğun olaraq  iqtisadiyyatın neft sektorunda yaradılan əlavə dəyərin tədricən azaldılması şəraitində büdcə-vergi siyasəti üzrə müəyyən edilmiş hədəflər, habelə "Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası" üzrə tədbirlər növbəti ildə dövlət büdcəsinin neft sektorundan gəlirlərinin artım tempinin aşağı düşməsi fonunda qeyri-neft sahələrindən gəlirlərinin müsbət dinamikasının qorunmasını təmin etməlidir.

Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirlərinin dayanıqlı artımı, onun inkişaf perspektivləri üzrə  pozitiv rəy yaradır.  Nazirlik xətti ilə növbəti il ərzində qeyri-neft sahələrindən dövlət büdcəsinə gəlirlər 4812000,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da   2014-cü ilin proqnozu ilə müqayisədə   11,9% çoxdur.

"Büdcə zərfi"nə daxil olan məlumatlarda  növbəti il  qeyri-neft sahələri üzrə makroiqtisadi göstəricilərin, o cümlədən ümumi məhsul buraxılışının və yaradılan əlavə dəyərin davamlı artımı ilə xarakterizə edilir. 

"Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası" çərçivəsində tədbirlər sırasında ümumi bəyannamə sisteminə keçidlə bağlı, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin genişləndirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması, regionların bank xidmətlərinə çıxış imkanlarının və maliyyə alətlərinin genişləndirilməsi, özəl sektorun ixrac qabiliyyətli sahələri üzrə məhsul istehsalının stimullaşdırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, yeni sənaye müəssisələrinin, mövcud müəssisələrin əsaslı yenidənqurulması və yerli təbii resurslara, eləcə də istehsalat və məişət tullantılarının emalına əsaslanan müəssisələrin yaradılmasının sürətləndirilməsi, yeyinti məhsullarının daxili istehsalının inkişaf etdirilməsi üçün antidempinq siyasətinin tətbiq edilməsi  kimi   tədbirlərin reallaşdırılması da Vergilər Nazirliyi tərəfindən təmin olunan  gəlir potensialının perspektivləri sırasındadır.

"Büdcə zərfi"nə əsasən növbəti il üçün nəzərdə tutulan qeyri-neft ÜDM-in proqnozu 39469,7 mln. manat həcmində müəyyən edilməklə cari illə müqayisədə real artım tempi 8,2% səviyyəsində nəzərdə tutulmuşdur. Qeyri-neft ÜDM-in strukturunda yüksək xüsusi çəkilərə malik olan sahələr kimi müxtəlif fəaliyyət növləri üzrə xidmətlərin istehsalı sahəsi (2015-ci il üzrə 52,9%, 2016-cı il üzrə 53,2%, 2017-ci il üzrə 53,7%, 2018-ci il üzrə 54,1%) və tikinti sahəsi (2015-ci və 2016-cı illər üzrə 23,0%, 2017-ci il üzrə 22,8%, 2018-ci il üzrə 22,5%) çıxış edir.

Əlverişli makroiqtisadi şəraitin formalaşmasına təsir edən əsas amillər sırasında irimiqyaslı mərkəzi və yerli əhəmiyyətli investisiya layihələrinin də həyata keçirilməsini qeyd etməliyik. Bu layihələrin əsas maliyyə mənbəyi olan dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 2015-ci il üzrə 2014-cü illə müqayisədə 670000,0 min manat artımla, yəni 6930000,0 min manat məbləğində proqnozlaşdırılması dövlət sifarişləri vasitəsi ilə qarşılanan tələbin artacağını göstərir ki, bu da bilavasitə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinin qeyri-neft  sahələrindən  gəlirləri üzrə proqnozların yerinə yetirilməsi üçün əsas mənbələrdəndir və bu barədə Palatanın rəyində qeyd edilmişdir.

Uzunmüddətli perspektiv üçün isə strateji yanaşma baxımından nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılıq səviyyəsinin azaldılmasının real görüntüləri yalnız ixrac perspektivi olan istehsal sahələrinin genişləndirilməsi və qeyri-neft (qeyri-xammal) məhsullarının ixrac potensialının gücləndirilməsi hesabına əldə olunacaqdır. Təqdim edilmiş məlumatlara görə qeyri-neft sahələri üzrə malların ixracının 2693,2 mln. ABŞ dolları  və ya cari illə müqayisədə 20% çox təşkil edəcəyi gözlənilir.

- Qeyri-vergi gəlirlərini xarakterizə edən meyllər kimi hansıları qeyd etmək olar?

- Büdcə layihəsinə əsasən qeyri-vergi gəlirləri ümumilikdə 11580400,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu, 2014-cü ilin proqnozuna nisbətən 874400,0 min manat və ya 8,2% çoxdur. Əvvəlki illərlə müqayisədə artmanı və ya azalmanı şərtləndirən əsas mənbə qismində Dövlət Neft Fondundan qeyri-vergi gəlirləri üzrə daxilolmaların 2014-cü ilin göstəricisinə nisbətən 11,3%,  Dövlət Gömrük Komitəsinin xətti ilə proqnoz   isə 2014-cü ilin proqnozundan 5,6% çox olmasıdır. Həm hüquqi, həm də fiziki şəxslər tərəfindən ödənilən gömrük rüsumları (idxal rüsumları) üzrə proqnozun 2014-cü ilin proqnozuna nisbətən artımı 8,6% olacaq.  Dövlət Neft Fondundan daxilolmalar nəzərə alınmadan  qeyri-neft gəlirləri üzrə növbəti il üçün nəzərdə tutulan proqnoz dövlət büdcəsinin gəlirlərinin 3,8%-ni, Gömrük Komitəsinin xətti ilə təmin olunan gəlirlərin isə 21,9%-ni təşkil edir.

 Qeyri-vergi gəlirlərinə,  eyni zamanda, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər,  dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar da daxildir.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar da bu gəlirlərə aiddir.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə yığımın dərəcəsi 30 faiz həcmində müəyyən edilmişdir. Bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Dövlət rüsumu üzrə proqnoz və icra göstəricilərinin dinamikası göstərir ki,  qeyri-vergi gəlirlərini xarakterizə edən meyllər   optimist proqnoz üçün əsas verir və artım perspektivinə malikdir.

- Büdcə müzakirələri zamanı bəzi millət vəkilləri tərəfindən Hesablama Palatasının iri investisiya layihələrinə nəzarətinin artırılması təklif edildi. Sizin bu təkliflə bağlı münasibətinizi bilmək istərdik.

- Bəli, millət vəkilləri tərəfindən büdcə müzakirələrində, həmçinin müxtəlif mətbuat orqanlarına verilən müsahibələrdə investisiya layihələrinə maliyyə nəzarətinin gücləndirilməsi məsələsi vurğulanmışdır. Hesablama Palatası millət vəkillərinin təkliflərini həmişə diqqət mərkəzində saxlayır. Eyni zamanda, bildirilməlidir ki, Palatanın İş Planının formalaşması onun fəaliyyətini tənzimləyən müvafiq qanunvericiliklə tənzimlənir və hal-hazırda Hesablama Palatasının növbəti il üçün İş Planının formalaşması prosesi gedir. Milli Məclis tərəfindən rəsmi təklif və sorğuları cavablandırmağa Palata həmişə hazırdır.

Bununla yanaşı, qeyd etməliyik ki, cari ildə də bəzi büdcə sifarişçi təşkilatların investisiya fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilmiş və növbəti ildə də investisiya layihələrinə sərf edilən vəsaitlərin auditi keçiriləcəkdir.  

- Palatanın dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı rəylərində Ali Audit Qurumu olaraq təklifləri də əks olunur. 2015-ci ilin dövlət büdcəsinin layihəsinə dair təqdim edilmiş rəydə Palatanın növbəti ilin dövlət gəlirləri, xüsusilə vergili gəlirləri ilə bağlı təklifləri hansı istiqamətləri əhatə edib?

- Məlum olduğu kimi, qanunvericiliklə müəyyən edilmiş əsas funksiyaların yerinə yetirilməsi, o cümlədən ötən ilin dövlət büdcəsinin icrası və növbəti ilin dövlət büdcəsinin layihəsi ilə əlaqədar qanun layihələrinə rəylərin verilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatası səlahiyyətləri çərçivəsində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) audit standartlarını nəzərə alaraq audit tədbirləri həyata keçirir. Palatada dövlət büdcəsinin gəlirlərini, xüsusilə vergi gəlirlərini təmin edən vergi orqanlarında və iri vergi ödəyicilərində həyata keçirilən auditlərin nəticələri nəzərə alınmaqla büdcə prosesinin təkmilləşdirilməsi üçün müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eyni zamanda, qanunvericiliklə tənzimlənməyən məsələlər üzrə hüquqi əsasların müəyyən edilməsi istiqamətində təkliflərin hazırlanmasına xüsusi diqqət yetirilir.

2015-ci ilin dövlət büdcəsi ilə bağlı hazırlanmış rəydə dövlət büdcəsinin gəlirləri, o cümlədən, vergi gəlirləri üzrə hazırlanmış təklifləri bir neçə istiqamətdə təsnifləşdirmək olar. Birinci istiqamətə proqnozların əsaslılığının və məlumatlılığının artırırması ilə bağlı təkliflər aiddir. Bu təkliflərə misal olaraq müxtəlif ölkələrdə olduğu kimi növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsində və (və ya) ona əlavə olunmuş müvafiq sənədlərdə dövlət büdcəsinin gəlirlərinin, xüsusilə vergi gəlirlərinin proqnoz parametrlərinin hesablanması üçün əsas göstəricilərdən olan yığım əmsalının (vergilərin yığım səviyyəsinin), iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrinin növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən məlumatlara daxil edilməsini qeyd edə bilərik.

İkinci istiqamət mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların bütün əsas mənbələr üzrə differensiallaşdırılmış şəkildə əhatəli iqtisadi təhlilinin aparılmasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən gəlir vergisinin uçotunun Vahid Büdcə Təsnifatı çərçivəsində təkmilləşdirilməsi (ayrıca maddə ilə göstərilməsi), qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklər nəticəsində avtonəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi müddətlərinin və prosedurunun dəyişməsindən sonra fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin ödənilməsi müddətində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə qanunvericilik aktlarının təkmilləşdirilməsi kimi təkliflərimizi misal göstərə bilərik.

Üçüncü istiqamət isə inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı təklifləri əhatə edir. Palata hesablanmış, proqnozlaşdırılmış və ödənilmiş yol vergisi məbləğləri arasında əhəmiyyətli fərqlərin fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin bəyan edilməməsi (yəni, bəyan edilməsi prosedurunun qanunvericiliklə tənzimlənməməsi səbəbindən ödənilmiş yol vergisinin hesablanmış kimi uçota alınmaması) səbəbindən yarandığını nəzərə alaraq ölkə ərazisindəki avtonəqliyyat vasitələrinin mühərrik həcmləri meyarları üzrə müvafiq statistik məlumat bazasının yaradılmasının vergi inzibatçılığının gücləndirilməsində müsbət addım ola biləcəyi qənaətindədir.

- Sonda bir məsələyə də toxunmaq istərdik. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanması nəzərdə tutulur.  Bununla bağlı məlumat verməyinizi xahiş edirik.

- Milli Fəaliyyət Planında nəzərdə tutulmuş Qanun layihəsi dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi, maliyyə nəzarəti üzrə daha təkmil hüquqi bazanın yaradılması, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması məqsədi güdür.

Dövlətin maliyyə nəzarəti vahid bir sistemdir və bu sistem iki struktur elementə malikdir: daxili nəzarət və kənar nəzarət. Hər iki elementin əsas məqsədi maliyyə intizamının və hesabatlılığın gücləndirilməsi, dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsidir. Eyni məqsədə xidmət etsələr də, daxili və kənar maliyyə nəzarətinin əhatə dairəsi və tətbiq edilən metodlar, başqa sözlə, hüquqları və vəzifələri fərqlidir. Bu fərqlərin dəqiqləşdirilməsi qanun layihəsini xarakterizə edən əsas məqamlardan biridir.

Digər məqam maliyyə nəzarəti orqanlarının fəaliyyətinin koordinasiyası ilə bağlıdır. Belə ki, maliyyə intizamının gücləndirilməsi məqsədini güdən nəzarət tədbirlərinin öz növbəsində dövlət qurumlarının fəaliyyətinə mane yaratmaması, şəffaf nəzarətin təmin edilməsi bu orqanların işinin əlaqələndirilməsini zəruri edir. Qanun layihəsində əlaqələndirmə işinin təşkili ilə bağlı məqamlar, eyni zamanda, bu prosesdə Ali Audit Qurumu olaraq Hesablama Palatasının yeri və rolu öz əksini tapmalıdır.

Maliyyə nəzarəti ilə bağlı qanun layihəsinin nəzarət orqanları ilə birgə hazırlanması və müvafiq qaydada qəbulu gələcəkdə dövlət vəsaitlərinin rasional və nəticəli istifadəsinə, eyni zamanda, şəffaflığın və hesabatlılığın təmin edilməsinə xidmət edəcək.

Rəsmiyyə RZALI

 





11.12.2014    çap et  çap et