525.Az

Mərc (hekayə)


 

Mərc <b style="color:red">(hekayə)</b>

Bala bəy Şirvan mahalının məşhur ağalarından biri idi. İgid, mərd, qorxu nə olduğunu bilməyən bu bəy el-obada kifayət qədər nüfuz və hörmət qazanmışdı. Onun səxavətindən hər yerdə söhbət açılır, dara düşən insanların köməyinə yetdikcə şan-şöhrəti daha da artırdı. Dost-tanışları nə qədər təkid etsələr də, şəhərə köçməkdən imtina edir, doğulduğu Lahıc kəndində yaşamağı üstün tuturdu. Doğma kəndinə hədsiz bağlı olan Bala bəy əlli-əlli beş yaşlarında, hündür boylu, qara və sıx saçlarına vaxtsız dən düşmüş, qarayanız, sivri burunlu, zəhmli baxışları ilə müsahibində qorxu yaradan, bəzən də üzündə kədərin meydan suladığı aydın sezilən bir insan idi. Onun zil səsi eşidiləndə hər kəs gizlənməyə yer axtarır, gözünə görünməməyə çalışırdı. Ancaq o, nə qədər sərt təbiətli olsa da, bir çox ağalardan fərqli olaraq rəiyyəti incitmir, onlarla mülayim rəftar edirdi. Zülm etməyi və qəddarlıq törətməyi xoşlamadığından tabeliyində olanlar xatirini istəyir, bütün tapşırıqlarını can-başla yerinə yetirirdilər.

Bəy bir neçə il olardı ki, xəstə olduğundan hədsiz arıqlamış, taqətdən düşmüşdü. Həmişə alıcı quştək parıldayıb yanan sərt baxışlarından sanki əsər-əlamət qalmamışdı. Gözləri çuxura düşübmüş kimi ifadəsiz halda qarşısında açılmış mənzərəni laqeydliklə nəzərdən keçirirdi. Başqa vaxt onu ilhama gətirən dəyərlər indi öz əhəmiyyətini itirmişdi. Süfrə arxasında oturmuş Bala bəyin ağrıdığı, əzab çəkdiyi üz-gözündən açıq-aydın sezilirdi. Yemək yeyərkən ağrıları olduqca gücləndiyindən yeməkdən tez-tez imtina edirdi, buna görə də iştahası tamam küsmüşdü. Amma nə qədər əziyyət çəksə də, bədbinliyini büruzə verməməyə çalışır, heç kəsin qarşısında özünü sındırmaq istəmirdi.

Ağa imarətində dəbdəbəli bir ziyafət təşkil etmişdi. Süfrə arxasında əyləşmiş bütün şəxslər yeyir, içir, qəhqəhə çəkərək gülür, bir sözlə, əylənir, şənlənirdi. Nə qədər qəribə olsa da, bu şənlik digərlərindən tamamilə fərqlənirdi. Belə ki, bu məclisdə heç bir ağa, bəy, yaxud əsilzadə ailəsindən olan insanlar gözə dəymir, milli musiqi alətləri olan tar, kamança və qavalın müşayiəti ilə həmişə xanəndələrin ifasında alışıb yanaraq ah çəkən muğamların, milli paltarlı aşıqların meydanda dövrə vuraraq bir-birinə hərbə-zorba gələn deyişmələrinin, cəngavərlik havalarının səsi-sorağı gəlmirdi. Başqa vaxt isə insanların şənlik və sevinc dolu gurultulu səs-küyündən qulaq tutular, musiqi qanadlarında dalğın-dalğın süzən nəğmələrdən sevən-duyan könüllər vəcdə gələrdi. Ətrafda bəxtəvərcəsinə şadyanalıq edən adamların əsrarəngiz təbiət lövhələri önündə deyib-gülməsi buranın mənzərələrinə ayrı bir aləm qatar, qəlbləri riqqətə gətirərdi.

İndi isə bu ziyafəti başqalarından fərqləndirən ən əsas cəhət bundan ibarət idi ki, məclis yalnız rəiyyət- nökərlər və qaravaşlar üçün təşkil edilmişdi. Hava xoş və ilıq idi. Hündür və əzəmətli, qol-budaqları ilə göylərə millənən ağacların enli və yaşıl yarpaqlarının bahar nəsiminin gətirdiyi xoşallandırıcı sərinliyinə qarışaraq xəfif-xəfif titrəyişi kölgəsində oturan məclis iştirakçılarına zövq verir, duyğularını yerindən oyadaraq bihuş edirdi. Ağacların müdafiə tikilisini xatırladan bir əzəmətlə düşmənə qənim kəsilmiş sipər tək sıra ilə düzülməsi, cürbəcür rəngə çalan yaraşıqlı qızılgül və digər bəzək kollarının insanın ağlını başından çıxaracaq dərəcədə gözəl ətrinin ətrafa yayılması hamıya xoşbəxt anlar bəxş edirdi. Rəngarəng təbiət lövhələrinin mənzərəli fonunda quşların cəh-cəhi insanların dilindən qopan nəğmələr kimi ətrafa yayılır, qəlbləri oxşayırdı.

Bala bəyin zəmanəsinə görə böyük evinin ətrafında yerləşən meşəliyin yamyaşıl ot örtüyünə bürünməsinə baxarkən yerin bağrına sanki yaşıl xalıların sərildiyini zənn etmək olardı. Heyrətamiz naxışlarla bəzədilmiş xalçaların üzərinə növbənöv milli yeməklər düzülmüşdü. Ətrafda quru odunların çırthaçırtla yanmasından ilhama gəlmiş iri mis qazanlar musiqi simfoniyası tək səslənərək içərisində bişməkdə olan quzu pörtləməsinin, kələm və yarpaq dolmasının, plovun buğuna qarışırdı. Manqalların üzərində qərar tutmuş taxta şişlər bir ucdan təzəcə kəsilmiş erkək quzu və kəklik- qırqovul əti, hind toyuğunun döş tikələri, eyni zamanda pomidor, badımcan, bibər və kartofla dolur, günəş şüalarıtək şəfəq saçan közün qırmızı atəşində tüstü burumlarının müşayiəti ilə bir andaca bişir, qaynar-qaynar süfrələrə aparılaraq qablara çəkilirdi. Qablar boşalmağa macal tapmamış yenidən tikələr doğranaraq manqallara tərəf yol ölçürdü. İri samovarların bağrına köz düşdükdən sonra göyə qalxan alov dilləri şiddətlə çırpınır, içərisində şaqqaşaqla qaynayan suyun kükrəyən nərəsinə qarışaraq bir az keçdikdən sonra nəhayət ki, sakitləşirdi.

Ağanın bütün məiyyətini məclisdə görmək mümkün idi. Nökər və qaravaşlar xalçaların üzərində yemək süfrəsi arxasında həm oturur, həm qulluq edir, həm də ki, əylənirdilər. Bala bəy bu gün içki içməyə icazə verdiyindən bir-birinin sağlığına badə qaldırır, lakin hədlərini aşmağa cəsarət etmirdilər. Ağa ağ köynək, qara şalvar və pencək geyinmiş, çiyninə qara rəngli arxalığını keçirmişdi. Hərdənbir sərin mehin əsməsi başqalarına ləzzət versə də, ona xoş gəlmir, soyuq dəyib xəstələnə biləcəyindən ehtiyat etdiyindən daha səylə paltarlarına bürünməyi üstün tuturdu. Başına keçirdiyi yüngül yay papağını tez-tez əli ilə düzəldir, arada gözlərini məchulluğa zilləyərək dinməz-söyləməz xəyallara dalırdı. Ancaq nə qədər fikirli görünsə də, hər kəsin hərəkətinə diqqətlə göz qoyurdu.

Bağın o biri tərəfində isə qadınlar məclisi qurulmuşdu. Ağanın həyat yoldaşı Heyran xanım qaravaşlarla bir süfrə arxasında oturub yemək yeyir, arada onları buyurub-çağırır, yaxşı qulluq etmələrini tapşırırdı. Qulluqçular da milli Azərbaycan xərəklərini daşıyıb gətirir, yemək soyumamış yenisi ilə əvəz edirdilər.

Hamı yemək-içməklə məşğul olan zaman Bala bəy üzünü yanında əyləşmiş ağsaqqal, orta boylu, bir qədər arıq, üz-gözündən mehribanlıq yağan Qulu adlı nökərinə tutaraq dilləndi:

- Ay, mənim rəiyyətim, siz bilirsinizmi, nə üçün bu məclisi təşkil etmişəm?

Nökərlər heç nə başa düşməyərək başlarını buladılar və təəccüblə ona tərəf nəzər saldılar.

- Ağa, vallah, bilmirik, - deyə Qulu cavab verdi.

O, əlini yelləyib bir qədər qəddini düzəltməyə çalışdı və davam etdi:

- Qulaq asın!Mən sizinlə bir şey barədə mərc gəlmək istəyirəm.

- Nə mərc ?-deyə qeyri-ixtiyari olaraq Qulu dillənməyə cəsarət etdi.

Ağa bir müddət dillənmədi. Sonra əynindəki əbasını aramla çıxardı, ağır-ağır nəfəs aldı. Nəfəsini dərib gözünü süfrə arxasında oturanlara dikdi, nəhayət, sözünün arxasını gətirib dedi:

- Ay, nökərlər! Sizin hamınız bilirsiniz ki, səbəbsiz yerə heç birinizi incitməmiş, xatirinizə dəyməmişəm. Bəlkə də hansınızdan elə hallar olub ki, narazı qalmışam, ancaq cəzalandırdıqdan sonra sakitləşmiş, rahatlanmışam. Bununla belə heç kimə qarşı kin bəsləməmişəm. Rəiyyətimi gözümçıxdıya salmamışam. Digər bəy dostlarım bəzən bu barədə mənə desələr də onların sözü ilə getməmiş, hamı ilə rahat davranmışam. Allahın bəndələrinə zülm etməklə mənim aram olmayıb. Mən yalnız günahı böyük olanları, ədavət və nifaq törədənləri cəzalandırmış, pis əməllərdən əl çəkməyən adamlarla olduqca sərt davranmışam. Haqqı nahaqqın ayağına verməmişəm. Mahalda hamı məni tanıyır. Mənim sözüm sözdür. Dediyimin üstündə dayanmağa həmişə əməl etməyə çalışmışam. -O, bir qədər öskürüb nəfəsini dərdi, başını dik tutaraq:

- Yenə də xatırladıram ki, ağanız olsam da, həddimi aşıb günahsız bəndələrlə işim olmayıb. Siz məni nə qədər sərt, ciddi hesab etsəniz də, əslində ürəyim mərhəmət hissləri ilə doludur. Elə bilməyin ki, bütün bəylər, ağalar hamısı qəddar və qaniçəndirlər. Hər bir insanın özünə məxsus xarakteri, dünyagörüşü olur, bunu qulağınızda sırğa edin! Deməyin ki, bu filankəs niyə qəddardır, o biri filankəs isə mülayimdir. Dünyanın heç bir yerində insanlar bərabər deyil və bu heç zaman mümkün ola bilməz. Çünki aAllah hərəyə bir cür istedad və qabiliyyət bəxş etmişdir- dedi və bir anlıq meşəyə tərəf nəzər saldı.

Bu söhbəti bir qədər kənarda əyləşmiş Heyran xanım və qaravaşlar da diqqətlə dinləyir, nökərlər ağanın belə açıq şəkildə danışığına təəccüblə qulaq kəsilirdilər. Çünki ağa onlarla heç zaman kəlmə kəsməmiş, həmişə pərdə saxlamış, yalnız ciddi davranmışdı. İndi isə onlar söhbətə maraqla qulaq asır, nəfəslərini belə çəkmədən bunun nə ilə nəticələnəcəyini intizarla gözləyirdilər.

Ağacların yarpaqları xəfif küləyin yedəyində astadan xışıldayır, sanki onlar da ağanı maraqlı müsahib kimi tapdıqlarına görə sevindiklərindən yırğalanaraq təbəssümlə gülümsəyir, minnətdarlıqlarını ətrafa sərinlik bəxş etmələri ilə bildirirdilər. Qızılgüllərin rayihəsi ayrı bir aləm yaradır, qırmızı, ağ, sarı və digər rənglərin qarışığından ibarət bu ansambl hər yeri elə bil ki, çiçək dənizinə qərq edirdilər.

Bala bəy əlini sinəsində çarpazlayaraq davam etdi:

- Amma bu mənim qismətim, taleyimdir ki, neçə illərdir, ağır xəstəliyə düçar olmuşam. Mədəmin, ürəyimin ağrısından nəfəs ala bilmir, doyunca və ürəyim istəyən yeməklərdən yeyə bilmirəm. Axı, mənim həmişə yaxşı iştaham olub və heç vaxt ləziz yeməklərdən imtina etməmişəm. Təəssüf ki, ən yaxşı həkimlər belə dərdimdən baş çıxara bilmir, onların yazdıqları dava-dərmanların mənə heç bir xeyri dəymir. Əksinə bu müalicələr məni daha da incidir, əldən salır. Mahalda nə qədər hörmət-izzət qazanmış olsam da, var-dövlətim başımdan aşıb tökülsə də, canım həmişə ağrıyır, mənə rahar yaşamağa imkan vermir. Özünüz dəfələrlə şahidi olmusunuz ki, nə gündüzlər, nə də ki, gecələr rahat şəkildə yata bilmir, elə hey əzab çəkirəm. Amma bütün əziyyətlərə baxmayaraq hər şeyə səbrlə dözməyi bacarıram. Çünki bilirəm ki, hər şey yaradanın əlindədir. Allahın hökmü olmasa, heç bir canlı dünyaya gələ bilməz, hətta, yeri gələrsə əl-ayaqlarını tərpədib ayaqüstə gəzə bilməz. Mən bilirəm ki, taleyimə belə bir yazı yazılıb. Bunu təbii olaraq qəbul edirəm. Bəlkə elə buna görədir ki, nə qədər ağrısam da, sabaha ümidlə baxır, gələcəkdə sağalmaq eşqi ilə yaşayıram. Bəlkə də eşitdiklərinizə təəccüb edəcəksiniz, ancaq deyirəm ki, bəzən bu halıma görə o ulu yaradana şükürlər oxuyuram, nə yaxşı ki, mənə belə dərd vermisən, axı, mən daha əzablı işgəncələrə məruz qala bilərdim. Şikəst - əlsiz və ayaqsız, dilsiz, hətta hər kəsə möhtac bədbəxt bir sərsəri də ola bilərdim. Ona görə belə dərdimə görə o qədər də naşükür deyiləm, şükür yaradana ki, mənə sədaqətli ömür-gün yoldaşı, iki oğul övladı, yaxşı gün-güzəran bəxş edib. Bilirsiz, böyük oğlum Aslan bəy Almaniyada təhsil alır, inşallah, mühəndis olacaq, kiçik oğlum Sərdar bəy isə rus ordusunda qulluq edir, zabit kimi döyüş meydanlarında neçə-neçə igidliklər göstərmişdir. Elə buna görə ağalar, bəylər mənə həsəd aparır.

Bu anlarda heç kim yerindən tərpənmir, qulluqçular da yemək və yaxud çay gətirmək üçün artıq ayağa qalxmır, daha doğrusu, ağanın qorxusundan hərəkət etməyə cəsarət etmirdilər. Hamının qabağında nə vardısa, eləcə də dururdu. Hamı yalnız söhbətin axırını gözləyirdi.

- İndi isə mərc məsələsinə gəlmək istəyirəm, - ağa bu dəfə gülümsəyərək dilləndi və onun təbəssümü oturanlarda bir qədər ruh yüksəkliyi oyatdı. Bayaqdan narahat halda əyləşmiş nökərlər indi rahat nəfəs almağa başladılar. - Şərtim odur ki, sizdən yalnız sağlamlığınızı istəyirəm. Nə olardı, o iştahanız məndə olaydı, bunun əvəzində bütün var-dövlətimi, mal-mülkümü, cah-calalımı can-başla sizlərə verməyə razı olardım. Mənim bu gün təşkil etdiyim ziyafətin də səbəbi bu idi.

Bala bəy bu sözləri söylədikdən sonra elə bil qəlbini bürümüş hansısa ağırlıq hissindən xilas olaraq yüngülləşdi. Bayaqdan sanki daş-kəsək üstündə otururmuş kimi narahatlıqla o tərəf-bu tərəfə göz gəzdirən ağa indi rahatlaşmış şəkildə məmnunluqla gülür, üzünün sərt ifadəsi mehriban baxışlarla əvəz olunmuşdu.

Qulu kişi ağanı bir xeyli süzdü. Onun əhval-ruhiyyəsinin yüksəlməsindən bir anlıq istifadə edərək dilləndi:

- Ağa, sizə qurban olum! Siz nə danışırsınız?! Biz nökərlərin canı sizə qurbandır. Bizi çox yaxşı dolandırırsınız, əməyimizi yüksək şəkildə qiymətləndirirsiniz, buna görə sizə həmişə duaçıyıq. Heç vaxt üzünüzə ağ olmamış, dediklərinizdən inciməmiş, əksinə bizim günahlarımızı bağışlamış, əzab-əziyyətdən qurtarmısınız.

O, başındakı günlüyünü çıxarıb dizinin üstünə qoydu. Sonra dümağ saçlarını əli ilə tumarlayıb ağaya razılıq hissi ilə baxdı və sözünü davam etdirdi:

- Hörmətli ağamız, sizin var-dövlətdə bizim zərrə qədər də gözümüz yoxdur. Bu şərtiniz mümkün olsaydı, bunu şadyanalıqla yerinə yetirər və sevinərdik ki, sevimli ağamıza nədə isə bir köməklik etmiş, işinə yarımışıq. Bu, bizim üçün böyük bir şərəf olardı. Ancaq bu mərci yerinə yetirmək məgər, mümkündürmü, ağa?-deyə o, sözünü bitirib kədərlə ağasına baxdı və başını aşağı dikib daha bir söz demədi.

Bayaqdan nökərinin sözünə diqqətlə qulaq asan Bala bəy başı ilə onun dediklərini təsdiq etdi. Boğazını arıtlayıb öskürdü. Sonra dərindən yanıqlı bir ah çəkib dedi:

- Ay Qulu, sən düz danışdın. Mənim mərcim heç vaxt baş tuta bilməz. Bu elə bir işdir ki, bunu heç bir pul-paranın gücünə də olsa, əldə etmək olmaz. Allahın hökmünə qarşı çıxmaq biz bəndələrin ixtiyarında deyil. Biz nəkarəyik ki, belə fikirləri yaxına buraxaq. Bizə ömrü verən də, alan da odur. Hər birinizin üzünə baxıram, bəlkə də mənim mərcimə gülürsünüz, belə zənn edirsiniz ki, yəqin ağanın başına hava gəlib, ona görə belə qəribə danışır. Ancaq bu, əsla belə deyil!-deyə ağa bir müddət dayandı, sonra nə isə fikirləşdi və əllərini yerə dayayıb ayağa qalxdı. Qəddini düzəldib aramla söhbətini ayaqüstə davam etdirdi:

- Bilirəm, heç kəs öz şirin canını kimsəyə verə bilməz, nə də ki, belə bir şərtin müqabilində var-dövlət istəyə bilməz. Xəstə cana pul-para nə zövq verə bilər?! Bəlkə də ürəyinizdə deyirsiniz ki, sağlam canımız olmayandan sonra var-dövlət nəyimizə lazımdır. Bəlkə düşünürsünüz, ağa, xəstə canın özünə qalsın, bizə öz iştahamız bəsdir. Əgər belə düşünürsünüzsə, haqlısınız. Mərc söhbətini özüm uydurmuşdum. Ona görə belə etdim ki, öz sağlamlığınızın qeydinə qalasınız, onu qoruyasınız. Əgər həmişə pul qazanmaq, para əldə etmək barədə düşünsəniz, bunun üçün təhlükələrə girişməyə üstünlük versəniz həmişə boş-boş şeylər arzulamaqdan canınız azar tapar və nəhayət, neçə illərdən sonra məqsədinizə çata bilsəniz, bu varın sizin üçün artıq heç bir əhəmiyyəti ola bilməz. Gözünüzün qabağında keçirdiyim həyat dediklərimə bir nümunədir. Uzun illər boyu topladığım sərvət də nə qədər çalışsam da, harayıma yetə bilmir. Gözüm görə-görə, əzab çəkə-çəkə həyatımın sonuna doğru sürətlə yaxınlaşır və öz ölümümü intizarla gözləyirəm. Artıq təsəllinin mənim üçün heç bir faydası ola bilməz.

O, evə tərəf addımlamağa başladı və geri dönərək söhbətini belə bitirdi:

- Siz kasıb olsanız da, deyib-güldünüz, şənləndiniz, iştaha ilə yeyib-içdiniz, bu, məni çox sevindirdi. Düşündüm ki, bəlkə də heç zaman bir yerdə belə mehriban və hamılıqda bir süfrə arxasında otura bilmədik. Odur ki, sizin hamınızı bir yerə topladım. Sizə son sözüm, belə demək mümkünsə, vəsiyyətim budur ki, heç vaxt pul, vəzifə və sərvət barədə düşünməyin, bilin, bunlar hamısı ötəri hisslərdir. Əgər kiminsə taleyinə imtiyaz, vəzifə, pul yazılıbsa, ona da çatacaqdır. Daha bu qədər fikir edib canı üzməyin mənası yoxdur. Sağlamlığınızı qoruyun, bilin ki, sağlam can hər cür var-dövlətdən üstündür.

Ağstafa

 





28.11.2014    çap et  çap et