525.Az

Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində konsert verib


 

Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində konsert verib<b style="color:red"></b>

Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub. Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, "Valsın kralı" İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənib.

Orkestrin yaradıcısı və bədii rəhbəri, məşhur dirijor, virtuoz skripkaçı Peter Qut ilk ifadan sonra səmimi ünsiyyəti ilə də tamaşaçıların diqqətini cəlb etdi. O, Bakıda olmaqdan və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində konsert verməkdən böyük şərəf duyduğunu bildirdi. Vyanada möhtəşəm tikililərin olduğunu diqqətə çatdıran Peter Qut bu Mərkəzin daha geniş və möhtəşəm olduğunu etiraf etdi.

Konsertin maraqlı məqamlarından biri isə Peter Qutun orkestrin müşayiəti ilə skripkada ifası oldu. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkar skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh etdi.

Orkestrin solisti Monika Mozerin (soprano) operettalardan səsləndirdiyi parçalar isə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman kəsiyində də olsa yaxınlaşdırdı. Monika Mozerin yüksək ifası ilə yanaşı, artistik məharəti isə tamaşaçıları ayaq üstə alqışlamağa sövq etdi.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.

 





28.11.2014    çap et  çap et