525.Az

Şair Oqtay Rzanın 80 illiyi qeyd olunub


 

Şair Oqtay Rzanın 80 illiyi qeyd olunub<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində dəyərli şair və publisist Oqtay Rzanın 80 illik yubileyi qeyd olunub.

Tədbir Univetsitetin Coğrafiya və Filologiya fakültələrinin təşkilatçılığı ilə keçirilib. Yubileydə universitetin Həmkarlar Təşkilatının sədri Vaqif Əliyev, şairin dostu Şəmsi Vəfadar, dosent Musa Quluzadə, coğrafiya və çağırışa qədər hazırlıq fakültəsinin dekanı Mətanət Əsgərova, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov iştirak ediblər.

Tədbiri giriş sözü ilə B. Xəlilov açıb, Oqtay Rzanın yaradıcılığı haqqında məlumat verib. Tədbirdə O.Rzanın tərcümeyi-halı bir daha vərəqlənərək bildirilib ki, şair 1934-cü il Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olub. Arbatan kənd yeddiillik məktəbini bitirib. Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirib. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlayıb. Elmi-tədqiqat işi müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. Universitetdə müəllim, baş müəllim vəzifələrində çalışıb. 1971-ci ildən isə Pedaqoji Universitetdə dosent işləyir .

"Bir may" adlı ilk şeirini yeddiillik məktəbdə oxuyarkən yazan O.Rza həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri-mətbuatda müntəzəm çap olunur. Əsərləri xarici mətbuatda dərc edilib."Kamennıy Svetilnik" şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. Dərslik,vəsait və tədris proqramlarının, 24 kitabın müəllifidir.

Beynəlxalq Rəsul Rza, M. Müşfiq, "Araz" və 1971-ci ildən "Qızıl qələm " mükafatı laureatıdır. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Sonda Oqtay Rza universitetin rektoru tərəfindən fəxri diplomla təltif edilib. Tədbir bədii hissə ilə davam etdirilib.

Vəfa MƏMMƏDLİ

 





28.11.2014    çap et  çap et