525.Az

Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu


 

MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ TƏƏSSÜRATLAR

Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Milli musiqimizin inkişafında Ü. Hacıbəyovla bərabər, onun dostu və məsləkdaşı Müslüm Maqomayev də (1885-1937) Azərbaycan musiqi teatrının təşkili işində böyük rol oynayıb. Üzeyir Hacıbəyovun muğam operası ənənəsini özünün "Şah İsmayıl" operasında davam etdirən Müslüm Maqomayev musiqi mədəniyyətimizdə bəstəkarlıqla yanaşı musiqi ictimai xadimi, dirijor kimi əhəmiyyətli yer tutub. M. Maqomayevin ikinci operası "Nərgiz" isə Azərbaycan mədəniyyət tarixinə Avropa üslublu ilk milli opera kimi daxil olub. Azərbaycanda ilk simfonik əsərlərin yaranması da M. Maqomayevin əsərləri ilə bağlıdır. Onun məşhur "RV-8" marşı, "Azərbaycan çöllərində" və orkestr üçün yazdığı digər əsərləri parlaq melodizmi və nikbin əhval-ruhiyyəsi ilə diqqəti cəlb edir. M. Maqomayev eyni zamanda, mahnı, kinofilmlərə və dram tamaşalarına musiqi bəstələyən ilk Azərbaycan bəstəkarlarından olub.

Azərbaycan musiqisinin tarixi inkişafında əhəmiyyətli rol oynayan simalardan biri də Hacıbəyovlar nəslinin digər nümayəndəsi Zülfüqar Hacıbəyovdur (1884-1950). Z. Hacıbəyov bəstəkar və teatr xadimi idi, həvəskar aktyorların teatr truppasına rəhbərlik edirdi. İlk Azərbaycan muğam operalarından biri olan "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyalarının müəllifidir.

XX əsrin əvvəllərində yeni milli mədəniyyət qurucularının ön cərgəsində çalışan nümayəndələrdən biri də Asəf Zeynallıdır (1909-1932). Qısa, lakin dolğun, mənalı yaradıcılıq yolu keçən A. Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional təhsil alan ilk bəstəkarımızdır. M. Maqomayevlə yanaşı, Azərbaycanda ilk simfonik əsərlər yazan bəstəkarlardan biri də o olub ("Fraqmentlər"). Ən başlıcası isə A. Zeynallı ilk milli romansların ("Ölkəm", "Sual", "Çadra", "Seyran", "Sərhədçi"), ilk fortepiano ("Çahargah", "Uşaq süitası") və simfonik miniatürlərinin ("Muğamsayağı") müəllifidir.

Milli musiqimizin təkamülündə əhəmiyyətli rol oynayan sənətkarlardan biri də Azərbaycanda ilk baletin - "Qız qalası" baletinin (1940) müəllifi Əfrasiyab Bədəlbəylidir (1907-1976).  Ə. Bədəlbəyli bəstəkar, dirijor və ictimai xadimdir. "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik əsərlərin, dram tamaşalarına yazılan musiqinin, həmçinin bir sıra balet librettolarının müəllifidir.

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilib, disklərə yazılıb və mükafatlara layiq görülüblər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

Əvvəldə qeyd etdiyimiz kimi, ölkəmizdə musiqi tariximiz ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğı ilə məşğul olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda 50 mindən çox eksponat toplanıb. Muzey eksponatlarının hamısı Azərbaycanın musiqi tarixinə həsr olunan müəyyən mövzulara aid olan və xronolojı ardıcılığa riayət edən daimi sərgidə toplanıb. Muzeyin yarandığı dövrdən başlayaraq, burada profilə uyğun eksponatlar toplanıb. Eksponatlar muzey əməkdaşları tərəfindən yığılaraq, müxtəlif şəxslər və təşkilatların muzeyə hədiyyələri şəklində Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsait hesabına toplanılır. Muzeyin kolleksiyasında 260-dan çox  musiqi aləti var. Onlardan 201-i milli, 65-i xarici musiqi alətləridir.  Alətlərdən söz düşmüşkən muzeydə  Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özunəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Kolleksiyada  qədim musiqi alətləri də sərgilənir. Məsələn, çəqqanə, çəng, tulum,tənbur belə alətlər sırasındadır. Muzeydə Azərbaycan xalq alətləri ilə yanaşı dünya xalqlarına məxsus musiqi alətləri də yer alıb.  Muzey fəaliyyət göstərdiyi illər ərzində 800-ə yaxın şəxsi arxiv verilib. Bunlar Azərbaycan bəstəkarlarının - Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır. Muzeyin ilk eksponatı bəstəkar Müslüm Maqomayevin  opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsidir.

Muzeyin kolleksiyasında həmçinin dahi bəstəkarların musiqilərinin notları da yer alıb. Ü. Hacıbəyovun "Ləzgi rəqsi", Niyazinin "Yallı", "Qaytağı", "Kəklik" valsı, C.Hacıyevin "Simfonik poema", F.Əmirov "Simfonik rəqslər", Q.Qarayevin "Don Kixot" simfonik qravürü və.s not kolleksiyaları mövcuddur.  Bundan başqa muzeydə video kolleksiyalar da var.

Muzeyin 3 filialı fəaliyyət göstərir. Xalq çalğı alətləri daimi sərgisi, Niyazinin mənzil muzeyi, Vaqif Mustafazadənin ev muzeyi.

Xalq çalğı alətləri daimi sərgisi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olaraq fəaliyyət göstərən xalq çalğı alətləri daimi sərgisi 1987-ci ildən fəaliyyət göstərir. Ekspozisiyanın başlıca məqsədi-məişət ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir. Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir.  Ekspozisiyanın I otağında arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar üzərində olan təsvirlərdə, XIII-XIV əsrlərdə yaşayan azərbaycanlı alimlərin musiqi haqqında traktatlarında, ədəbiyyat və memarlıq abidələrində, orta əsr rəssamlarının miniatürlərində öz əksini tapan musiqi alətlərinin tarixi inkişafı əks etdirilib. Burada nadir qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri nümayiş olunmaqdadır. Ekspozisiyanın sonrakı bölməsində Azərbaycan milli alətlərinin görkəmli ifaçıları iştirak edən ilk xalq çalğı alətləri ansamblı və orkestrlərinin inkişaf yolu göstərilir. Ekspozisiyanın II otağı Azərbaycanın Xalq artisti, pedaqoq və tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda burada ustadın bütün həyatı boyu topladığı Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz yerini tapıb.  Sərginin rəhbəri Təranə Zeynalovadır.

(Ardı var)

Samirə QULİYEVA

 





28.11.2014    çap et  çap et