525.Az

"Azərbaycan bir çox ölkələrə uğurlu inkişaf formulu kimi təqdim edilir"


 

"Azərbaycan bir çox ölkələrə uğurlu inkişaf formulu kimi təqdim edilir"<b style="color:red"></b> "Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir".

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Malaziyanın Kuala- Lumpur şəhərində Birləşmiş Malaziya Milli Təşkilatının təşəbbüsü ilə keçirilən "Birləşmiş dünya: milli quruculuq çağırışları" adlı beynəlxalq forumda "Xalqın artan səs potensialının reallaşması" mövzusunda çıxışı zamanı deyib.

S.Fətəliyeva bildirib ki, bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir.

Onun sözlərinə görə, müstəqillik illərində ölkəmizdə bir çox yeniliklər baş verib: "Azərbaycan 10 il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. İqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institunun inkişaf dövrü başlayıb. Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir.

Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməli strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Həyata keçirilən rasional və praqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının dahada gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin, digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi".

Millət vəkili deyib ki, demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. S.Fətəliyevanın sözlərinə görə, Azərbaycan Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Belə ki, mətbuat üzərindən senzura götürülüb, KİV-ə tam sərbəstlik verilib: "Bu gün Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və eləcə də kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsi prosesi həyata keçirilir. Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb.

Bu özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib. Bununla yanaşı, həyata keçirilən sosial siyasət, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət etmək ölkəmizdə dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir.

Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin ediləməsi kimi ümdə məsələləri əhatə edir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.Hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir".

K.HƏMİDOV
 





28.11.2014    çap et  çap et