525.Az

Latviya səfiri Bakı Ali Neft Məktəbində olub


 

Latviya səfiri Bakı Ali Neft Məktəbində olub<b style="color:red"></b> Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində olub.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfirə BANM-nin yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında danışıb. O,  BANM-ın üstünlüklərindən söz açaraq,  onun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdan söz açıb. 

Rektor BANM-nin əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara,  həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrları  məhz öz ölkəmizdə yetişdirərək, bu sahədə ingilisdilli peşəkar kadr tələbatının ödənilməsi olduğunu, dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə  ali təhsil verən müəssisələri ilə əlaqələr qurduğunu vurğulayıb. O qeyd edib ki, BANM Böyük Britaniyanin Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif  beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq edir.

BANM-ə ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən rektor Ali Məktəbin  tikilməkdə olan və  ən müasir tələblərə cavab verən kampusunun  növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirib. E. Qasımov rəhbərlik etdiyi qurumun Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu bildirib. Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açıb.

Görüşdə həmçinin BANM ilə Latviya universitetləri arasında  əlaqələrin qurulması, tələbə mübadiləsi,  gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.
 





28.11.2014    çap et  çap et