525.Az

"Bölgənin inkişafına əsas maneə Dağlıq Qarabağ münaqişəsidir"


 

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin müsahibəsi

"Bölgənin inkişafına əsas maneə Dağlıq Qarabağ münaqişəsidir"<b style="color:red"></b> - Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafını necə görür? Xüsusilə də son vaxtlar Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdiyi nəzərə alınarsa...
 
- Avropa İttifaqı Azərbaycanda və Cənubi Qafqazda sabit və firavan qonşuluğu dəstəkləyir. Regionun inkişafı qarşısında olan əsas maneə Azərbaycanda və bütün regionda potensialın tam şəkildə reallaşmasına imkan verməyən həll olunmamış Dağlıq Qarabağ münaqişəsidir. Aİ tərəfləri təmkinli olmağa və sülh yolu ilə konstruktiv danışıqları davam etdirməyə çağırıb. Yalnız siyasi iradə və səriştəli diplomatiya Dağlıq Qarabağ münaqişəsini yekun olaraq həll edə bilər. İnanıram ki, güclü və perspektivli Cənubi Qafqaz regionu gələcəkdə dünya platformasında enerji təchizatçısı olaraq daha mühüm rol oynaya bilər.
 
– Enerji təhlükəsizliyinin təminatı istiqamətində Azərbaycan Aİ ilə birlikdə necə işləyə bilər?
 
- Enerji sahəsində strateji tərəfdaşlığımız qarşılıqlı şəkildə xeyirli olan əməkdaşlığa gözəl misaldır. Biz bu məsələni daha da inkişaf etdirmək niyyətindəyik. Aİ Azərbaycan və digər iştirakçı tərəflərlə tərəfdaşlıqda Cənub Qaz Dəhlizinin uğurlu olmasında öz rolunu oynamaq niyyətindədir. Bu baxımdan Aİ Cənub-Şərqi Avropa bazarlarını inkişaf etdirmək, Azərbaycandan və Xəzər dənizi regionunda yerləşən digər ölkələrdən gələn qaz üçün bu bazarları müyəssər etmək istiqamətində göstərilən cəhdləri sürətləndirəcək. Cənub Qaz Dəhlizi ilə Cənub-Şərqi Avropa ölkələri arasındakı bağlantının təmin edilməsində Azərbaycanın marağı öz enerji təhlükəsizliyi baxımından Avropanın maraqları ilə üst-üstə düşür. Aydındır ki, Cənub Qaz Dəhlizinin vaxtında həyata keçirilməsi bütün tərəflərin birgə məqsədə nail olmaq istiqamətində öhdəlik götürmələrini tələb edir.
 
- Daha  yaxın əməkdaşlıq və daha yaxşı nəticələr əldə etmək üçün Azərbaycan və Aİ nə etməlidir?
 
- İlk əvvəl Aİ cari əməkdaşlığı və keçən ilin dekabr ayında "Şahdəniz II" yatağı ilə bağlı Yekun İnvestisiya Qərarı verildikdən sonra Cənub Qaz Dəhlizinin icrasında əldə olunan tərəqqini alqışlayır. Gələcək üçün Aİ Azərbaycanla öz münasibətlərini daha da genişləndirmək və onları daha çox inkişaf etdirmək niyyətindədir.

Biz yeni ikitərəfli saziş ətrafında danışıqlar aparmaq istəyirik ki, bunun  əhatə dairəsi həm strateji, həm də konkretdir. Biz bir sıra sahələrdə, o cümlədən ticarət, investisiya və insanlar arasında münasibətlər sahəsində daha yaxından əməkdaşlıq etmək üçün çox yaxşı təməl qurmuşuq. Gələcək əməkdaşlıq barədə danışmaq üçün yeni vəzifə başında ilk səfərlərimdən birinin Azərbaycana baş tutması da Azərbaycandakı tərəfdaşlarla daha yaxından işləməyi necə qiymətləndirdiyimi göstərir.

APA 
 





28.11.2014    çap et  çap et