525.Az

Şükranlıq Günü nədir?


 

Şükranlıq Günü nədir?<b style="color:red"></b>

Birləşmiş Ştatlarda qəbul edilmiş ənənəyə görə hər il noyabr ayının sonuncu cümə axşamı Şükranlıq Günü bayram edilir. Amerikada bu ailəvi bayram günündə hind toyuğu əti yemək qəbul olunub.
 
Hər il bayramdan əvvəl Ağ evdə ABŞ prezidentinə hind toyuğu təqdim edilməsi mərasimi keçirilir. Milli Hind Toyuğu Federasiyasının təşkil etdiyi mərasimdə prezident Amerika xalqını Şükranlıq Günü münasibətilə təbrik edir və quşun rəmzi mənada əfv edilməsi barədə qərar çıxarır.

Bu il noyabrın 26-da hind toyuğunun təqdim edilməsi milli mərasiminin 67-ci ildönümündə prezident Obama Amerika xalqını ABŞ-ın birinci ailəsi adından təbrik edərək 20 həftəlik “Çiz” və “Mak” ləqəbli iki hind toyuğunu əfv edib.

Quşlar əfv ediləndən sonra onları Virciniya ştatının Lizburq şəhərinə aparıblar. Burada turistlər həmin quşlara tamaşa edəcəklər.

Hind toyuğunun ABŞ prezidentinə təqdim edilməsi ənənəsi 1947-ci ildə prezident Trumenin hakimiyyəti dövründə, bu quşların əfv edilməsi mərasimi isə 1987-ci ildə Ronald Reyqanın prezidentliyi dövründə başlanıb.

Şükranlıq Günü bayramı 1620-ci ildə İngiltərədən Amerikaya gəlmiş və orada Plimut koloniyasını yaratmış gəlmələr məskunlaşdığı ilk günlərdən qeyd edilir. Həmin gəlmələrin təxminən yarısı sərt qış iqliminə dözməyib soyuq və xəstəliklər üzündən ölüb. Yerli hindilərin köməyi ilə salamat qalmış o biri gəlmələr buradakı daşlı-kəsəkli torpaqda yerli bitkiləri becərməyi öyrəniblər.

İlk amerikalılar bol məhsul alandan sonra salamat qaldıqlarına görə ulu Tanrıya şükür etməyi və yerli hindilərlə birlikdə bayram keçirməyi qərara alıblar. O vaxtdan hər il qeyd olunan bu bayram Amerika müstəqillik əldə edəndən sonra dövlət bayramı elan olunub.

AzərTAc

 





27.11.2014    çap et  çap et