525.Az

Dövlət evdə təhsilə cəlb olunan uşaqlara görə vəsait ayıracaq


 

Dövlət evdə təhsilə cəlb olunan uşaqlara görə vəsait ayıracaq<b style="color:red"></b>

Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və yaxud qanuni nümayəndələrinə dövlət tərəfindən vəsait ayrılacaq.

Bununla bağlı Milli Məclisin (MM) Sosial siyasət komitəsinin  noyabrın 26-da keçirilən iclasında "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.  Sözügedən komitənin sədri Hadi Rəcəblinin bildirdiyinə görə, qanuna əlavə edilən 26.3-1.-ci maddədə deyilir ki, "Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılır". 

Qanundakı 26.3.-cü maddə isə bundan ibarətdir: "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır". Komitə sədri onu da deyib ki,  "xüsusi təhsil" deyilərkən xüsusi müəssisələrdə, "evdə təhsil" deyilərkən evdə verilən təhsil nəzərdə tutulur.

Qısa müzakirələrdən sonra  qanun layihəsi  parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





27.11.2014    çap et  çap et