525.Az

Batumi forumu: Azərbaycanın qələbəsi, Ermənistanın fiaskosu


 

İQTİSADÇI-EKSPERT VÜQAR BAYRAMOV: "FORUMDA AZƏRBAYCANA QARŞI QƏTNAMƏNİ İKİ NƏFƏR HAZIRLAYIB VƏ ONLARDAN BİRİ ERMƏNİDİR"

Batumi forumu: Azərbaycanın qələbəsi, Ermənistanın fiaskosu<b style="color:red"></b>

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumu mahiyyətindən fərqli olaraq Azərbaycana basqılar üzərində qurulması ilə yadda qalıb. Artıq 6-cı ildir ki, təşkil olunan forum bundan öncə Brüsseldə, Berlində, Stokholmda, eləcə də bu proqrama üzv olan bir neçə ölkənin paytaxtında keçirilib.

Batumidə təxribat niyyətli qüvvələrin fiaskosu ilə yadda qalan tədbir çərçivəsində Çexiyanın "People in Need" təşkilatının foyedə Azərbaycanın əleyhinə plakatlar asması həmin qurumun öz "təşəbbüsü" kimi qələmə verilsə də, əslində bu təxribatın arxasında başqa qüvvələrin dayandığı məlum olub. Dağlıq Qarabağı ermənilərin müstəqil dövləti kimi tanıtmağa cəhd edən təşkilatın ermənilərlə işbirliyində olması artıq heç kimə sirr deyil. "People in Need"in erməni separatçılarına davamlı dəstəyinin dərin kökləri var. Hətta Azərbaycanın ərazi bütövlüyünü tanımayan təşkilat separatizmi dəstəkləməklə qeyri-obyektiv mövqe nümayiş etdirdiyini açıq şəkildə göstərib. Bu təşkilatın rəhbərliyində Dağlıq Qarabağ münaqişəsinin başladığı dövrdən - 1988-ci ildən erməni separatçılarını dəstəkləyən, eləcə də onlara humanitar yardımlar edən Simon Panek və Jaromir Stetina kimi şəxslərin dayanması qurumun mahiyyətində işğalçıya dəstək, ayrı-ayrı ölkələrdə insan hüquqlarına qarşı qərəzli və ikili münasibətlərin dayandığını üzə çıxarıb. 2003-cü ildən isə "People in Need" təşkilatı Ermənistanda rəsmən fəaliyyətə başlayıb ki, hazırda qurumun orada onlarla şöbəsi var.

Sözügedən forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, iqtisadçı-ekspert Vüqar Bayramov "Musavat.com" açıqlamasında bildirib ki, bəzi insanlar forumda baş verənlərin mahiyyətini bilmədən müzakirələrə başlayıb: "Məsələn, dedilər ki, biz nə üçün sərginin keçirilməsinə qarşı olmuşuq? Elə Rauf Arifoğluya söylənən ittihamların bir qismi də bununla bağlı idi. Məsələ ondan ibarət idi ki, sərginin keçirilməsi ilə bağlı prosedur qaydalarına riayət olunmurdu. Xüsusən sərginin təşkilatçısı və forumda iştirak edənlərin Azərbaycana münasibətdə diskriminativ münasibəti vardı".

Forumda Azərbaycanla bağlı iki qətnamənin də irəli sürülməsi barədə fikirlərini bildirən V.Bayramov, o bəyanatların birinin Azərbaycan tərəfinin helikopteri vurmasıyla, digərinin isə Azərbaycanda mövcud vəziyyətin təhlili ilə bağlı olduğunu deyib: "Yumşaq desək, birinci qətnamənin irəli sürülməsi sülh prosesinə müdaxilə və beynəlxalq hüquq normasının pozulması cəhd kimi qiymətləndirilməlidir. Mən bu danışıqların müzakirəyə çıxarılmamasına nail oldum. Digər bəyanat Azərbaycanda mövcud vəziyyətin təhlili ilə bağlı idi. Təsəvvür edin ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində baş tutan forumda Azərbaycana qarşı qətnaməni iki nəfər hazırlayıb və onlardan biri ermənidir. Bəyanat hazırlansın, söz azadlığıdır, heç nə demirik. Amma bu boyda forumda bir azərbaycanlı yoxdurmu ki, bəyanatı erməni hazırlayır? Erməni tərəfdən hazırlanmış bəyanat forumda müzakirəyə çıxarıldı. Bunun müzakirəyə çıxarılması ilə bağlı açıq səsvermə oldu və qərar verildi ki, bəyanata münasibət, yəni, seçki gizli olsun. Azərbaycandan 15 nümayəndə iştirak edirdi.

Səsverməyə qatılanlar 70 nəfərdən çox idi. O, bəyanat 32 səslə rədd edildi. Düşünün, o 32 səsin cəmi10 səsi Azərbaycan nümayəndə heyətindən gəlir. Amma yerdə qalan səslər qeyri Azərbaycan nümayəndə heyətindən gəlirdi. Söhbət problemin inkar edilməsindən yox, onun necə təqdim edilməsindən gedir. Biz həmişə deyirik ki, 6 ölkəni əhatə edən ümumi bəyanat olsun. Biz nə üçün ümumi bəyanatda öz valideynin qəbrini ziyarət edən şəxslərin əsir düşməsini qeyd etməməliyik? Təəssüf ki, bəyanat yalnız Azərbaycanla bağlı idi və qəbul edilmədi. Gizli səsvermə oldu. Kimsə erməninin hazırladığı bəyanatla razılaşırsa, bu, onun problemidir. Amma biz bu bəyanatın keçməsində maraqlı deyildik və bu marağımızı da nümayiş etdirdik. Bu, təkcə bizim nümayəndə heyətinin səsi hesabına baş vermədi, digər nümayəndə heyətlərinin də səsləri önəmli rol oynadı".

On il bundan əvvələ kimi Azərbaycanın düşmənə qarşı mübarizədə müdafiə xarakterli fəaliyyət göstərdiyini deyən İnsan Hüquqları 21-ci əsr Azərbaycan Fondunun sədri Şahin Camalov hesab edir ki, Batumi forumunda baş verən son hadisələr də artıq hücum xarakterli işlər görməyimizin vaxtı gəldiyini göstərib:

"Nə vaxta qədər Ermənistan ayrı-ayrı tədbirlərdə Azərbaycana qarşı fəaliyyət göstərəcək, aidiyyəti olmayan tədbirlərdə plokatlar asacaq, təxribat xarakterli addımlar atacaq, biz isə müdafiə olunmağa davam edəcəyik? Azərbaycanın həm vətəndaş cəmiyyətləri, həm də dövlət qurumları artıq hücuma keçməlidir.

Dünyada ermənipərəst dövlətlər və təşkilatlar həddən artıq çoxdur. Bütün tədbirlərdə onlar ermənilərlə birlikdə təxribat xarakterli propoqandalar həyata keçirirlər. Buna yol verməmək üçün ən yaxşısı hücum diplomatiyasıdır". 

Ş.Camalov bildirib ki, Çexiyanın "People in Need" təşkilatı kimi dünyada ermənipərəst siyasət həyata keçirən bir çox qurumlar var. Onun sözlərinə görə, "People in Need"in özünü humanitar təşkilat kimi təqdim etməsinə baxmayaraq, separatçı rejimi dəstəkləməsi, Azərbaycana qarşı isə qərəzli mövqe nümayiş etdirməsi, digər ermənipərəst qurumlar kimi hesabat hazırlayarkən ölkədə gedən sosial-iqtisadi inkişafı görməzdən gəlməsi artıq bizim üçün həyəcan siqnalı olmalıdır: "Azərbaycanın istər dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti artıq bu hücumlara hazır olmalıdır".

Azərbaycanda dövlətlə əməkdaşlıq edən təşkilatların fəaliyyətini bəyənməyən, tənqid atəşinə tutan, eləcə də ermənilərin apardığı təxribatlara haqq qazandıran, onların mövqeyini dəstəkləyən istənilən qədər şəxsin fəaliyyət göstərdiyini bildirən fond sədri hesab edir ki, bu cür hallar təkcə Azərbcanda deyil, eyni zamanda dünyanın digər ölkələrində də mövcuddur: "Ona görə də, belə şəxslərin tənqidi yanaşmalarına əhəmiyyət vermək əvəzinə, haqq səsimizin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərməliyik. Əsas odur ki, Batumidə keçirilən beynəlxalq forumda nümayəndə heyətimizin ciddi səyləri nəticəsində, Azərbaycana qarşı hazırlanan təxribatın qarşısı qətiyyətlə alınıb".

Ceyhun ABASOV

 





27.11.2014    çap et  çap et