525.Az

Yeni qaydalar işçiləri daha çox müdafiə edir


 

Yeni qaydalar işçiləri daha çox müdafiə edir<b style="color:red"></b>

"İşə girəndə demişdilər ki, bir ay sınaq kimi işlə, sonra maaşa otuzduracağıq. Bir ay əvəzinə iki ay sınaq etdilər, sonra guya işə götürdülər. Şirkətin layihəsinin hesabatı hazırlanıb təhvil verildi. Pul vermək vaxtı gələndə dedilər ki, işin bizi qane etmir".

Bu il məzun olmuş Aysel Vəliyeva başına gələnləri özünün təcrübəsizliyi ilə əlaqələndirir. Deyir ki, yəqin ilk iş yeri olduğundan, özünü zəif göstərib.

Əslində isə bu cür şikayətlərə ətrafımızda tez-tez rast gəlirik. Təəssüf ki, sahibkarlar tərəfindən belə qanun pozuntuları adi hal alıb. Bəzən özəl qurumlar tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. İşçiləri qəfil ixtisara salırlar, maaşı xəbərdarlıq etmədən kəsirlər, işlədib pulunu ödəmirlər, bayram günləri kompensasiya vermədən işlədirlər və s. Belə hallarla üzləşən vətəndaşların isə əl-qolu bağlı olur, heç bir quruma şikayət edə bilmirlər. Çünki işə düzələndə əmək müqaviləsi bağlanması üçün təkid etməyiblər...

Statistikaya görə, Azərbaycanda işləyən insanların təxminən yarısı müqavilə olmadan çalışır. Rəsmi rəqəmlərə görə, 4,5 milyon nəfər məşğul insanın cəmi 1,5 milyon nəfəri əmək müqaviləsi bağlayıb. Qeyri-rəsmi hesablamalara görə, 3 milyonun təxminən 450-500 min nəfəri mülki-hüquqi müqavilə əsasında çalışanlar, 500 mindən çoxu torpaq mülkiyyətçiləridir. Yerdə qalanlar isə qeyri-formal əmək bazarının iştirakçılarıdır.

Bədbəxt hadisə olanda...

Milli Məclisin deputatı Kamilə Əliyeva bu cür qanunsuzluqların yer almasında əsas günahı sahibkarlarda görür. Onun sözlərinə görə, sahibkarlar öz xeyirləri naminə məsuliyyətlərini azaltmaq və daha az vergi ödəmək üçün işçilərlə əmək müqaviləsi bağlamırlar: "Sonra da hansısa bədbəxt hadisə baş verdikdə, işçi kompensasiya ala bilmir, sahibkar da sudan quru çıxır". Deputat bu sahədə daha ciddi tədbirlərin görülməsini zəruri sayır. 

Tədbirlər isə görülür. Statistikaya görə, cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 14 min 774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib. Həmin hüquq pozuntularının əksəriyyəti özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verib.

İşçi sayını da, maaşı da az göstərirlər...

DƏMX-nin rəisi Fuad Əlizadə etiraf edir ki, bir çox işəgötürənlər qeyri-leqal əmək münasibətlərinə yol verməklə həm işçi hüquqlarını pozur, iş yerləri rəsmiləşdirilmədən onlara işlərin görülməsini həvalə edirlər, həm də vergiləri ödəməkdən yayınırlar. Onun sözlərinə görə, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan vergi ödəyiciləri muzdlu işlə əlaqədar vergi bəyannamələrində əməkhaqqı məbləğlərini bilərəkdən az göstərirlər. Bəzən bu rəqəmlər təsərrüfat subyektinin real potensialı ilə uzlaşmır, həm də həmin sektorda fəaliyyət göstərən digər vergi ödəyicilərinin əməkhaqqı göstəricilərindən bir neçə dəfə aşağı olur. Əksər özəl şirkətlərdə vergidən və sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə iş yerlərinin sayı da az göstərilir. Bu zaman muzdlu işlə əlaqədar əməkhaqqından tutulan gəlir vergisi hesabatlarına real vəziyyəti əks etdirən göstəricilər daxil edilmir.

Vergi faizləri əsas səbəb deyil

Adətən, sahibkarlar bu cür qanunsuz əməllərinə yalnız bir don geyindirməyə çalışırlar: əməkhaqqından tutulan gəlir vergisinin və məcburi sosial sığorta haqlarının dərəcələri yüksəkdir. Sahibkar gəlirinin 14%-ni vergilərə, 22%-ni isə məcburi sosial ödənişlərə verməlidir. Bu isə ümumilikdə əməkhaqqı fondunun 37%-ni təşkil edir. Ona görə də belə iddia olunur ki, hazırkı faiz dərəcələri sahibkarların gəlirlə işləməsinə mane olur. Bu məqsədlə indiyədək bir neçə qurum tərəfindən hökumətə faiz dərəcələrinin aşağı salınması ilə bağlı təkliflər paketi təqdim olunub. Amma bəzi ekspertlər hesab edirlər ki, bu, əsas amil deyil. "Professional audit" jurnalının redaktoru Mehdi Babayevin fikrincə, sahibkarlar əmək müqaviləsinin özü ilə gətirdiyi sənədləşmələrdən yayınmaq üçün qanunsuzluğa yol verirlər: "Çünki əmək müqaviləsinin bağlanması ilə yeni əmək münasibətləri yaranır ki, bu da işə götürən tərəf üçün daha çox məsuliyyət tələb edir. Özü də qanuna görə, əmək müqaviləsi məhz işə götürülən fiziki şəxsə daha üstün imtiyaz və hüquqlar verir, işə götürən daha çox yoxlama və dövlət orqanlarının nəzarəti altına düşür. Sahibkarlar da bunu birmənalı qarşılamırlar". 

Heç kim "başını ağrıtmaq" istəmir 

Hazırda Azərbaycanda kommersiya müəssisələri içərisində bir və ya bir neçə işçisi olan kiçik sahibkarlıq subyektləri sayca çoxluq təşkil edir. M.Babayev hesab edir ki, onlar da əmək müqaviləsi bağlayıb başlarını ağrıtmaq istəmirlər: "Belə kiçik sahibkarlar fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayaraq fəaliyyətlərini davam etdirməyə üstünlük verirlər. Amma istehsal, iş və ya xidmət sferası iri olan müəssisələrdə işçi sayı çox olmalıdır. Buna görə də belə yerlərdə işçilərlə əmək münasibətlərini tənzimləyən konkret ştat işçiləri mövcud olur ki, onlar da sahibkarın ağır yükünü çəkmiş olurlar. 

Bəs dayə və qulluqçular necə olsun?

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hesab edir ki, Əmək Məcəlləsində sahibkar olmayan fiziki şəxs anlayışı da nəzərə alınmalıdır. Çünki Azərbaycanda son illər fərdi şəxslərin evlərində müxtəlif iş və xidmətlərin görülməsi üçün işçi cəlb etməsi hallarının sayı artıb. Bura xadimə, şəxsi sürücü, bağban, qulluqçu və s. aiddir ki, həmin şəxslərin sosial və əmək hüquqlarının qorunması qanunvericilikdə dəqiq nəzərə alınmalıdır.  

Qeyd edək ki, qeyri-leqal məşğulluğun qarşısını almaq məqsədilə bu yaxınlarda müvafiq pozuntulara görə cəzalar sərtləşdirilib. Belə ki, Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçilərin əmək müqaviləsi bağlanmadan işə cəlb olunmasına görə işəgötürənlər 7 min manatdan 10 min manatadək cərimə, yaxud 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Qaydaların bu qədər sərtləşdirilməsində başlıca məqsəd ölkədə bütün işəgötürənləri işçilərlə əmək müqaviləsi bağlamağa dəvət etməkdir.

Kimisə qanunsuz işlədənlər həbs olunacaq

Digər dəyişikliklər isə əmək müqavilələrinin elektron qeydiyyata alınması ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, əmək müqaviləsi bildirişini qeydiyyata salmadan əmək fəaliyyətinə cəlb edən vəzifəli şəxs 3000-dən 5000 manata qədər, hüquqi şəxslər isə 20-25 min manata qədər cərimə tətbiq edilir. İşəgötürən əmək müqaviləsi bildirişini hüquqi qüvvəyə mindirmədən xeyli sayda şəxsi işə cəlb edirsə, artıq onun barəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər bu hal təkrarlanarsa, bu cəza 3 ildən 7 ilə qədər artırıla bilər.

Elektron bildirişin olması həm işçi, həm də sahibkarın hüquqlarının qorunması üçün əlavə təminat formasıdır: işəgötürən razılaşdırılmış konkret şərtlərin şəffaf şəkildə icrasını təmin edə biləcək, vətəndaş da harada işlədiyini asanlıqla sübut edəcək. Məsələn, bu sistemin tətbiqindən sonra insanların öz iş yerlərindən və ya əmək haqları barədə arayış təqdim etmələri xeyli asanlaşacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əməkhaqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək. Bu bildiriş formasını vətəndaş onu tələb edən təşkilatın "e-ünvanı"na da göndərə biləcək.

Sonda onu da qeyd edək ki, nazirliyin elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. Belə ki, bu gün EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 milyon 1976 bildiriş) ötüb.

Fərəh Sabirqızı Bakupost.az
Yazı Ombudsman Aparatının elan etdiyi "Hüquqlar-hamı üçün" yazı müsabiqəsinə təqdim olunur.

 





27.11.2014    çap et  çap et