525.Az

Sərhədləri açıb günahları bağışlamaq?


 

POLİTOLOQ FİKRƏT SADIXOV: "RƏSMİ ANKARA DAĞLIQ QARABAĞ PROBLEMİ HƏLL OLUNMAYANA KİMİ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇMAYACAĞINI DƏFƏLƏRLƏ BƏYAN EDİB"

Sərhədləri açıb günahları bağışlamaq?<b style="color:red"></b>

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi hələ də diqqət mərkəzindədir.

Bu prosesin sürətlənməsində Birləşmiş Ştatların şəxsi marağı olduğu üçün ermənilərin qondarma soyqırımlarının yüzilliyi ərəfəsində bu amildən istifadə edərək təzyiqlərini davam etdirirlər. Ermənistanın üzünə Anadoludan qapı açaraq Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan Vaşinqton bununla Cənubi Qafqazda tək təsir gücü kimi qalmaq niyyətindədir. Əlbəttə ki, bu plan nə Rusiyanın, nə Azərbaycanın, nə də Qərb dairələrinin maraqlarına cavab verə bilməz. Buna görə də, rəsmi Moskva nəyin bahasına olursa-olsun Ermənistanı öz təsir dairəsindən çıxmasına imkan verməyəcək. Ancaq burada ziddiyətli məqamlar da var. Təbii ki, Rusiya tərəfdaşının düşdüyü çətin vəziyyətdən çıxmasını da istəyir. Ona görə də, müəyyən mənada sərhədlərin açılmasında Rusiya da maraqlı ola bilər. Buna baxmayaraq, Moskva Ermənistanı öz təsir dairəsindən çıxmasına razı olmayacaq. Eyni zamanda, Türkiyə ilə Azərbaycanı tarixi dostluq, səmimi münasibətlərin birləşdiyini nəzərə alsaq, Ankara bu addıma doğru irəliləməklə Bakı ilə yolları ayırdığının fərqində olmalıdır.

Çünki burada 20 ildən artıq müddəti əhatə edən Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi var ki, belə olan şəraitdə sərhədlərin açılması Ermənistanın işğalçılıq siyasətinə dəstək vermək olacaq. Ermənilərə heç cür haqq qazandırmaq olmaz. Bunu rəsmi Ankara - dövlət başısı Rəcəb Təyyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, hökumət nümayəndələri, millət vəkilləri və eləcə də qardaş ölkənin digər ictimai-siyasi xadimləri yaxşı başa düşürlər. Əks halda, ermənilərin Türkiyəyə olan ərazi iddiaları regionda yeni münaqişələrin yaranmasına səbəb olacaq. Qərb isə bu əməkdaşlıqda öz çıxarlarını ortaya qoymağa çalışır. Ortada ratifikasiya olunmayan Sürix protkollarının olduğunu nərəzə alsaq, sərhədlərin açılması məsələsində nəticənin hansı şərtlər altında və necə olacağı hələ məlum deyil. Ancaq Türkiyə Ermənistanla sərhədləri açarsa, Ermənistanın günahlarını bağışlamış olacaq. Bundan sonra isə ermənilərin qondarma soyqırım, eləcə də Türkiyəyə olan ərazi iddialarının qarşısını ala bilməyəcək. Çünki münaqişələr həll olunmamış düşməni bağışlamaq ona haqq qazandırmaqdır. Düşmənin günahından isə bir şərtlə keçmək olar, ona yerinə göstərməklə!

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, Türkiyə böyük dövlət və demokratik cəmiyyətdən ibarət olduğu üçün qardaş ölkədə fəqrli fikirlər ortaya çıxa bilir. O, bildirib ki, bununla belə, Türkiyə işğalçı dövlət olan Ermənistanla sərhədləri açmamalıdır: "1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiyinə görə, Türkiyə bu ölkə ilə sərhədləri bağlayıb, diplomatik münasibətlər dayandırıb. Sərhədlərin indiki şəraitdə açılması mümkün deyil". Ermənistan hər fürsətdə Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışdığını deyən M.İbrahimqızı ermənilərin 1915-ci ildə saxta soyqırımla bağlı Türkiyənin imicinə zərbə vurmaqla məşğul olduqlarını, qardaş ölkəyə böhtan atdıqlarını, hətta diplomatik hücumla cəhd etdiklərini dilə gətirib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə bu yöndə iş aparılır ki, bunun nəticəsi olaraq, bəzi dövlətlər də uydurma "erməni soyqırımı"nı tanıyıb: "Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var, dövlətin gerbində Türkiyənin ərazisində olan Ağrıdağın fotosu öz əksini tapır. Bu günə qədər də etirazlar olsa da, Ermənistan öz mövqeyində heç bir dəyişikliklər etməyib".

M.İbrahimqızı hesab edir ki, Türkiyənin mütərəqqi ziyalıları sərhədlərin açılmasının tərəfdarı deyil. Onun fikrincə, torpaqlarımızı işğal edən, dinc insanları girov götürən, qocaları, uşaqları, qadınları qətlə yetirən  Ermənistana layiq olduğu münasibət göstərilməlidir: "Hesab edirəm ki, Türkiyə dövləti işğalçı ölkə ilə sərhədləri açmayacaq. Bilirik ki, bu məsələyə görə, Türkiyəyə təzyiqlər çoxdur. Amma bu günlərdə baş nazir Əhməd Davudoğlu deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün regional layihələrdən kənarda qalıb. Düşünürəm  ki,  torpaqlarımız işğal altındadırsa, Türkiyəyə qarşı uydurma soyqırım iddiası varsa, bu ölkə Ermənistanla sərhədləri açmayacaq. Mən indiki şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmıram və bunu qəbul edə bilmirəm".

Politoloq Fikrət Sadıxov hesab edir ki, vaxtaşırı hansısa qüvvələrin təkidi və təşəbbüsü ilə sərhədlərin açılması məsələsi yenidən gündəmə gətirilir. Onun sözlərinə görə, görünür ki, kimlərsə bu proseslərin sürətlənməsində maraqlıdır: "Ermənilər və onları dətəkləyən qüvvələr sərhədlərin açılmasını çox istəyirlər. 5 il bundan öncə, Sürix şəhərində protokollar da imzalanıb. Lakin Ermənistanın ucbatından bu sənədlər öz təsdiqini tapmayıb. Eyni zamanda, Türkiyəyə də müxtəlif ermənipərəst dairələrin təsir etdiyi məlumdur.

Digər həqiqət də ondan ibarətdir ki, rəsmi Ankara Dağlıq Qarabağ problemi həll olunmayana kimi Ermənistanla sərhədləri açmayacağını dəfələrlə bəyan edib. Nəzərə alaq ki, İrəvan Türkiyəyə də ərazi iddialarını davam etdirir. Yəni, birmənalı şəkildə Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır. Türkiyə hökuməti bunu yaxşı başa düşür". Ermənilərin 1915-ci il hadisələrini indiyənə qədər soyqırım kimi dünyada yaymaqla məşğul olduğunu deyən politoloq bunun Türkiyənin maraqlarına zidd addım olduğunu bildirib. O, hesab edir ki, rəsmi Ankara bununla bağlı dərin düşünməli və müəyyən nəticə çıxartmalıdır: "Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Bu istiqamətdə ikitərəfli müzakirlər ona görə vaxtaşırı meydana çıxır ki, xarici dairələr Ermənistanı düşdüyü mürəkkəb sosial-iqtisadi vəziyyətdən çıxarmağa çalışırlar. Çünki bir tərəfdən bu problemlər, digər tərəfdən də kütləvi mirqasiya məsələləri Ermənistan hakimiyyətini narahat edən məsələlərdir. Onları düşdüyü çətin vəziyyətdən çıxarmağa çalışan dairələr də bununla öz maraqlarını qorumağa çalışırlar".

Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan ABŞ-ın səylərinin nəticəsiz qalacağını düşünən F.Sadıxov hesab edir ki, sərhədlər açılsa da, Ermənistan heç vaxt Rusiyanın təsir dairəsindən çıxmayacaq: "Ola bilsin ki, sərhədlərin açılmasıyla Ermənistanın Qərblə münasibətləri yaxşılaşsın. Ancaq nə Avropa İttifaqına, nə NATO-ya, nə də digər qərbyönümlü alyans və təşkilatlara Ermənistan daxil olmayacaq. Çünki Rusiya buna imkan verməyəcək. Ona görə ki, Ermənistan Rusiyanın uzun müddətdir ki, hərbi müttəfiqidir. Bunu həm Ermənistanda, həm də Avropada yaxşı başa düşürlər".

Hətta sərhədlərin açılması məsələsində müəyyən mənada Rusiya ilə ABŞ arasında mövqelərin üst-üstə düşdüyünü bildirən politoloqun sözlərinə görə, hər iki qüvvə istəyir ki, Ermənistanın sosial-iqtisadi problemləri həll olunsun: "20 ildən artıqdır ki, Dağlıq Qarabağ işğal altında olsa da, beynəlxalq dairələr nəinki heç nə etmir, hətta çalışırlar ki, müəyyən mənada Ermənistana dəstək olsunlar. Bu məqamda ikili standartlar yenə də öz sözünü deyir. Ancaq hesab etmirəm ki, yaxın müddətdə sərhədlər açılacaq. Türkiyə bəyan etdiyi kimi, Dağlıq Qarabağ torpaqları işğaldan azad olunmayana qədər sərhədlər Ermənistanın üzünə bağlı qalacaq. Buna inanmaq lazımdır".

Ceyhun ABASOV

 





27.11.2014    çap et  çap et