525.Az

Rubinşteynin "Demon"u Əyyub Quliyevin dirijorluğu ilə


 

Rubinşteynin "Demon"u Əyyub Quliyevin dirijorluğu ilə<b style="color:red"></b>

Vasiliy Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə, görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin "Demon" operasının premyerası gerçəkləşib.

Tamaşa dahi rus şairi və mütəfəkkiri Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr olunub. 

Layihənin rəhbəri və təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır. Əsas rollarda beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov (Demon), Yelena Filimonova (Tamara), Mixail Xojigirov (Knyaz Qudal), Natalya Starkova (Mələk), Aleksey Ronçuqov (Knyaz Sinodal) və Yevgeniy Bulıçevski (Fiqaro) səhnəyə çıxıb. Tamaşada Filarmoniyanın Akademik simfonik orkestri və xoru (bədii rəhbər - Alina Muxamedjanova) da çıxış edib. Əsərin ifasını böyük maraqla izləyən tamaşaçılar nümayişin sonunda azərbaycanlı dirijoru və rusiyalı ifaçıları uzun müddət alqışlayıblar.

Tamaşanı izləmək üçün Moskva və Sankt-Peterburq şəhərlərindən qonaq gəlmiş görkəmli rusiyalı musiqiçilər - Rusiyanın Xalq artisti, "Sankt-Peterburq Musiqi Evi" nin rəhbəri, P.Çaykovski adına beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, Mariinski Teatrının dirijoru, professor Sergey Roldugin, Rusiyanın Xalq artisti, professor Yelena Mirtova, Rusiyanın Əməkdar artisti, məşhur orqan ifaçısı Svetlana Berejnaya, beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Aleksey Orlovetski dirijor Əyyub Quliyev və digər ifaçılara bu mürəkkəb əsərin məharətli təfsirinə görə minnətdarlıqlarını bildiriblər. 

V.Safonov adına Rusiya Akademik Filarmoniyası Rusiyanın ən qədim musiqi ocaqlarından biridir - 2015-ci ildə Filarmoniya 200 illik yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev həmin orkestrin baş dəvətli dirijoru təyin olunub.

 





27.11.2014    çap et  çap et