525.Az

Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu


 

MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ TƏƏSSÜRATLAR

Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edirlər. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.

Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlayıblar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazıb. 1906-cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın bir neçə qrammofon səsyazma firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, "Sport-Rekord" alman səhmdar cəmiyyəti, "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılan onlarca val buraxıblar. Azərbaycanda Sovet rejimi qurulduqdan sonra, xüsusən də 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir.
 
Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərində, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi Sovet Şərqinin ənənəvi musiqiçiləri də belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran və türk ənənəvi musiqisi tutub. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 20-30-cu illərin məlum şüarlarında ifadə olunan nihilist tendensiya ("doloy tar!", "doloy muğam") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.

XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində muğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən bir hissəsində muğamatın populyarlığını azaltmadı. Muğam sənətinə münasibət yalnız XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi altında ənənəvi musiqinin ilk beynəlxalq simpoziumları və festivallarının keçirilməsindən və bu hadisələrin Sovet cəmiyyətində geniş əks-səda doğurmasından sonra dəyişməyə başlayır.

Bu tədbirlər ənənəvi musiqi sənətinə marağın oyanmasına və ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına rəvac verdi. XX yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayır. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskləri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.

Muğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olub və olaraq qalır.

1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə və yeni janrlara həyat verib. Sonuncular sırasında - muğam operası (Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və b.), simfonik və xor muğamları (Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov), sonata-muğam (Aqşin Əlizadə, Nəriman Məmmədov), caz-muğam (Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə) göstərilə bilər. Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün də böyüməkdə olan çox uzun bir siyahısı muğam ənənələrinə əsaslanır.

Azərbaycan musiqisinin yeddi əsas muğamı var: "Rast", "Şur", "Segah", "Şüştər", "Çahargah", "Bayatı- Şiraz", "Hümayun". Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri kitabında muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirir: "Rast"- dinləyicidə mərdlik və gümrahlıq hissi, "Şur" - şən, lirik əhval-ruhiyyə, "Segah"- məhəbbət hissi, "Şüştər"- dərin kədər, "Çahargah"- həyəcan və ehtiras hissi, "Bayatı-Şiraz"- qəmginlik, "Hümayun"- dərin kədər hissi oyadır.  Muğamı tarzən (tar), kamançaçı (kamança), xanəndədən (dəf) ibarət trio (üçlük) ifa edir. Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə "instrumental muğamlar" deyilir. Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir.

Fikrət Əmirov 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və dirijor Niyazinin "Rast" (1949) simfonik muğamı da bu janrda yaratdığı əsərdir. Bu gün Azərbaycan muğamı kimi dünyada analoqu olan musiqi sənəti demək olar ki yoxdur.

Azərbaycan musiqi tarixində klassik musiqilərimiz özünəməxsus yer tutur. Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir. Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranıb. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxıblar.

Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur. Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov  (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan verən, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirən dahi sənətkar kimi daxil olub.

Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı  bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Ü. Hacıbəyov Şərqdə nəinki ilk operanın, eləcə də ilk musiqili komediyaların ("Ər və arvad", "O olmasın bu olsun", "Arşın mal alan"), həmçinin milli musiqi mədəniyyətimizdə ilk kütləvi mahnıların, romans-qəzəllərin, kantata-oratoriya musiqisinin, ansambl əsəri olan "Aşıqsayağı" triosunun, eləcə də  "Koroğlu" birinci klassik operanın müəllifi kimi musiqi tariximizə daxildir. Ü. Hacıbəyov milli mədəniyyətin inkişafında həm də ictimai xadim, alim, folklorçu, pedaqoq, jurnalist və s. kimi görkəmli rol oynayıb.

(Ardı var)

Samirə QULİYEVA

 





27.11.2014    çap et  çap et